Yerli istehsalın təşviqinə xidmət edən yeni rəqəmsal portal
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı arasında görüş keçirilib. Görüşdə kiçik və orta sahibkarlığın dayanıqlı inkişafına dəstək və idxalın əvəzlənməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub, yerli istehsalın təşviqi üçün yeni rəqəmsal portalın yaradılması haqqında anlaşma memorandumu imzalanıb. Daha sonra KİV nümayəndələrinin sualları cavablandırılıb.
Memoranduma əsasən, SOCAR-ın il ərzində istifadə etdiyi və ölkə daxilində istehsal edilməsi mümkün olan mal-material tələbatı və texniki avadanlıqlara göstərilən xidmət növləri haqqında məlumatların yeni rəqəmsal portalda yerləşdirilməsi nəzərdə tutulur. Əvvəllər açıq tenderlərdə elan olunan və əsasən böyük təchizatçıların imkanlarına uyğun gələn bir sıra satınalma elanları artıq yeni portalda kiçik və orta sahibkarlar üçün münasib şərtlər əsasında təqdim olunacaq. Portal İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə ediləcək.
Portalda SOCAR-ın istehsalat məqsədləri üçün mütəmadi istifadə etdiyi mal-material və xidmətlərin siyahısının yerləşdirilməsi və daha əvvəl xaricdən əldə edilən həmin mal və xidmətlərin son satınalma şərtlərinin göstərilməsi də planlaşdırılır. Həmin şərtlərə uyğun təklif verən kiçik və orta sahibkarlar ilə birbaşa və uzunmüddətli əməkdaşlıq sazişlərinin bağlanması nəzərdə tutulur. Portalda eyni zamanda nisbətən sadə texnologiyalar əsasında istehsal olunan mal-material, ehtiyat hissələri, alətlər və texniki xidmətlər haqqında məlumatlarla birlikdə istehsalçının müvafiq lisenziyası ilə istehsal edilib mürəkkəb texnoloji avadanlıqların ehtiyat hissələri və həmin avadanlıqlara istehsalçının lisenziyası əsasında xidmətlərin göstərilməsinə dair elanlar da yerləşdiriləcək. Verilən təkliflər SOCAR-ın texniki tələblərinə, korporativ standarların şərtlərinə, müvafiq lisenziya, icazə və spesifikasiyalara uyğun olmalıdır.
SOCAR-ın təchizat ehtiyaclarına dair əsas məlumatların vahid rəqəmsal məkanda təqdim edilməsi, yerli sahibkarlara mövcud təchizat imkanları haqqında məlumatların qabaqcadan və şəffaf tərzdə çatdırılması ölkədə yeni istehsalat sahələrinin formalaşmasına stimul verəcək, kiçik və orta biznesin dayanıqlı inkişafına zəmin yaradacaq. SOCAR-ın korportativ standart şərtlərinin və beynəlxalq keyfiyyət tələblərinin əsas meyarlar kimi tətbiq olunması yerli istehsalçıları öz məhsul və xidmətlərinin keyfiyyətini yüksəltməyə təşviq edəcək. Beləliklə, ilkin mərhələdə idxalatın əvəzlənməsini və valyuta ehtiyatlarının ölkə daxilində qalmasını nəzərdə tutan bu layihə gələcəkdə həm də yerli istehsalçıların ümumi rəqabət qabiliyyətinin yüksəlməsinə və onların ixrac potensialının artmasına müsbət təsir göstərəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji xəttini öz fəaliyətində daim rəhbər tutan SOCAR son 10 il ərzində əməliyyat effektivliyinin artırılması istiqamətində genişmiqyaslı daxili islahatlar keçirmiş, o cümlədən satınalma əməliyyatlarının idarə olunması üçün mərkəzləşdirilmiş Satınalmalar komitəsi və vahid korporativ standart yaradıb. Yerli sahibkarlığın dayanıqlı inkişafına dəstək SOCAR-ın fəaliyyətində, müxtəlif sahələrdə həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələrində mühüm yer tutur. Şirkət 2016-cı ildə Ailə Biznesinə Asan Dəstək (ABAD) layihəsinə qoşularaq, Azərbaycanın regionlarında kiçik sahibkarların dayanıqlı inkişafına dəstək verib. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə SOCAR ölkənin regionlarında 15 min əlavə sosial yönümlü iş yeri həcmini yaradıb. SOCAR "ASAN xidmət" ilə əməkdaşlığını genişləndirərək, əhaliyə göstərilən bütün əsas xidmət növlərini "ASAN xidmət" mərkəzləri vasitəsilə həyata keçirir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə ortaq şəkildə yeni rəqəmsal portalın yaradılması SOCAR-ın satınalma sahəsində olan beynəlxalq təcrübəsini yerli istehsalçıların qabiliyyətlərinin artırılmasına yönəldəcək, ölkəmizdə bu sektorun dayanıqlı inkişafına töhfə verəcəkdir.