28 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda rəqəmsal ödəniş sistemlərinin inkişafı aktualdır

Rəqəmsal ödənişlər ekosistemində yaranan qlobal trendlər ənənəvi və elektron ödənişləri arxada qoyur. Beynəlxalq Ödənişlər Hesabatına əsasən, bunun nəticəsində 2020-ci ildə nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Bəs bu trendlər hansılardır? Ödənişlərin rəqəmsallaşması nə verir? “vergiler.az”ın bu və digər suallarını İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi Xəyaləddin Tağıyev cavablandırıb:

- Xəyaləddin müəllim, rəqəmsal ödənişlər ekosistemində hansı qlobal trendlər mövcuddur?

- Burada, ilkin olaraq, nağdsız ödənişlərin artım dinamikasını vurğulamaq lazımdır. Nağdsız ödənişlərin asanlığı, rahatlığı, təhlükəsizliyi və sürətliliyi nəticəsində bir sıra ölkələrdə nağd pulun ictimai-iqtisadi maliyyə davranışı modellərini əhəmiyyətli dərəcədə dəyişib. Məsələn, mobil telefonların kütləviləşməsi, yeni innovativ ödəniş kanallarının yaranması rəqəmsal ödənişlərin artımına səbəb olur. Bununla əlqədar Beynəlxalq Ödənişlər Hesabatının 2020-ci il buraxılışına əsasən, dünyada son 1 ildə internet vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi il ərzində 14,1 faiz, mobil telefon vasitəsilə aparılan ödənişlərin həcmi 8,1 faiz artıb. Elektron ticarətdə kredit kartları ilə aparılan əməliyyatların həcmində 62,5 faiz, debet kartlar üzrə isə 52,7 faiz artım müşahidə edilib. Bu, nağdsız ödənişlərin artım dinamikasını göstərir.

İkinci trend ödənişlər sahəsində standartlaşdırma və açıq bankçılığın inkişafı istiqamətindəki risklərin azaldılmasıdır. Texnoloji imkanlar daha müasir innovativ ödəniş alətlərini ortaya çıxarır. Bunun əsasında ödəniş bazarında yeni iştirakçılar yaranır. Açıq bankçılıq kimi innovativ məhsul əsasında bazara çıxan yeni xidmətlər bu sahədə yeni risklər yaradır.

Ani ödənişlər sisteminin və açıq bankçılıq xidmətlərinin birgə tətbiqi də yeni trendlərdəndir. Məsələn, 2020-ci ilin oktyabrın 1-dən artıq Azərbaycanda real rejimdə Ani Ödənişlər Sistemi tətbiq edilməyə başlayıb. Bu sistemdə həm hesab üzrə məlumat xidməti, həm də vasitəçilik üzrə ödəniş xidməti funksionallığı mövcuddur. Bunun əsas mahiyyəti ondan ibarətdir ki, banklar 3-cü tərəfin bank sistemlərinə və məlumatlarına maneəsiz şəkildə daxil olmalarını təmin etməlidi. Eyni zamanda, AÖS vasitəsilə ödəniş kartı olmadan da birbaşa hesab üzərindən QR kod və digər yeni ödəniş üsulları vasitəsilə eyniləşdirmə apararaq əməliyyatların həyata keçirilməsi mümkündür. Bu mexanizmin tətbiq edilməsi arxa ofisi optimallaşdırmaqla infrastruktur imkanlarını genişləndirərək banklarla yanaşı yeni ödəniş təşkilatlarının müştərilərə ən müasir ödəniş xidmətlərini təklif etməsi və bu istiqamətdə səmərəliliyin artırılmasına nail olmaqdır.

Daha bir trend koorporativ müştərilərlə ödənişlərin səmərəliliyinin artırılması baxımından bankların finteklərlə əməkdaşlığın artırılmasıdır. B2B müştəriləri, əməliyyatın və əməliyyatdan sonrakı prosesin bütün aspektlərində prosesin şəffaflığı ilə daha çox maraqlanırlar. Təşkilatların istifadə rahatlığını artırmaq üçün geniş bir ödəniş ssenarisi üçün effektiv həllərin olmasını gözləyirlər. Onlar bankların rəqəmsal təşəbbüsləri dəstəkləmələrini gözləyirlər. Texnologiya nəhənglərinin rəqəmsal ödəniş bazarına daxil olmasıda yeni trendlərdəndir. Artıq onlar banklar və bank olmayan kredit təşkilatlarına çox böyük bir rəqibdir, çox güclü texnologiyaları və dataları var. Beynəlxalq Ödənişlər Hesabatının 2020-ci il buraxılışına görə, artıq istifadəçilərin 30 faizi böyük texnoşirkətlərin ödəniş xidmətlərindən istifadə edir.

- Ödənişlərin rəqəmsallaşması zəncirində iştirak edənlər nə əldə edirlər?

- Rəqəmsal ödənişlərdən istifadə nəticəsində bir çox üstünlüklər əldə edilir. Ölkə iqtisadiyyatına təsiri baxımından, rəqəmsal ödənişlərdən istifadə istehlakı artırır. Bu da ÜDM-in artmasına təsir göstərir. Pul kütləsi banklarda toplanır və buda investisiya potensialını genişləndirir. Eyni zamanda, pul kütləsini idarə etmək asanlaşır. “Kölgə iqtisadiyyatı”nın qarşısı alınır, dövlət büdcəsinə toplanan büdcə gəlirlərinin həcmi artır. Bir qayda olaraq, rəqəmsal ödənişlərin həcminin artması “kölgə iqtsadiyyatı”nın həcmini azaldır. Biznes sahəsində səmərəlilik artır. Ölkə üzrə maliyyə inklüzivliyi müxtəlif istiqamətlərdə daha də dərinləşir. Yəni, maliyyə xidmətlərinə çıxış imkanları çoxalır. Məsələn, yeni mobil telefonlardan istifadə etməklə ödənişlərin həyata keçirilməsi artıq mobil telefonu olan bütün əhali üçün keçərlidir. Bu da maliyyə inklüzivliyini əhəmiyyətli dərəcədə artırır. Əhalinin maliyyə savadlılığını yüksəldir.

Ödəniş xidməti təchizatçısı (banklar, poçt operatoru, ödəniş təşkilatları, elektron pul təşkilatları) baxımından faydasına gəlincə, qeyd edim ki, dövriyyədən kənarda qalan nağd pul vəsaitləri banklara cəlb edilir və banklarda pul kütləsi toplanır. Bu isə banklar üçün əlavə likvidlik yaradır ki, banklar onu effektiv istifadə edə bilir. Bank hesabları olan müştərilərin sayı artır. Bu da bankların gəlirlərinin artmasına səbəb olur. Banklar yeni innovativ avadanlıqların tətbiqinə can atır. Çünki rəqəmsal ödənişlər genişləndikcə, banklar da daha müasir texnologiyalardan istidafə etməli olur. Bu da bank sektorunu inkişaf etdirir. Bununla həm də əməliyyat xərcləri azalır.

Müştərilər baxımından da bir çox üstünlüklər mövcuddur. Belə ki,müştərinin harada olmasından asılı olmayaraq bütün bank xidmətlərinə əlçatanlığı təmin olunur. Banklar daha aşağı xidmət haqqı ilə bank xidmətini təklif edir. Rəqəmsal ödənişlərdən istifadə etməklə müştərilər üçün səmərəlilik, vaxta qənaət, bürokratik əngəllərdən uzaq olmaq kimi üstünlüklər də vardır. Eyni zamanda, onlarındaha innovativ bank məhsullarından və bu istiqamətdə stimullaşdırıcı kampaniyalardan yararlanmaq imkanları olur.

- Azərbaycanın rəqəmsal ödəniş sistemini necə dəyərləndirirsiniz?

- Hazırda Azərbaycanda AZİPS və XÖHKS sistemləri fəaliyyət göstərir. Bundan başqa, Milli Ödəniş Sisteminin infrastrukturuna Hökumət Ödəniş Portalı, Ani Ödənişlər Sistemi, Banklararası Kart Mərkəzi daxildir. Onların operatoru və sahibi isə Mərkəzi Bankdır. Statistikaya nəzər yetirsək, 1 oktyabr 2021-ci il tarixinə elektron bankçılıq xidmətləri vasitəsilə aparılan əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 57,1 faiz artıb. Mobil bankçılıq sistemində isə 148 faiz artım olub. Ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı 16,5 faiz artaraq 10,8 milyona çatıb. Ölkədaxili kartlarla aparılan əməliyyatların həcmi ötən ilin 9 ayı ilə müqayisədə bu ilin ilk 9 ayında 23,3 faiz artaraq 25,1 milyard manat olub. Ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi isə 65,1 faiz artaraq 7,5 milyard manat olub. Kartlarla nağdsız ödənişlərin çəkisi 29,7 faiz olub. Bu isə ötən illə müqayisədə 7,5 faiz bəndi artıqdır.
Bu, onu göstərir ki, bizdə rəqəmsal ödənişlər üçün lazımi infrastruktur qurulub. Sadəcə onlardan effektiv istifadədə müəyyən problemlər mövcuddur. Xüsusilə, əhalinin maliyyə savadlılığının artırılması istiqamətində banklar və digər maliyyə qurumları tərəfindən lazımınca addımlar atılmır.

- Rəqəmsal bankçılıq konsepsiyası nədir və əhəmiyyəti nədən ibarətdir?

- Elektron bankçılıq xidmətlərinə internet bankçılıq, mobil bankçılıq, PC bankçılıq, telefon və terminal bankçılıq daxildir. Bunlar ödəniş vasitəsidir. Rəqəmsal bankçılıq isə bundan xeyli dərəcədə fərqlənir. Elektron bankçılıq hazırda faəliyyətdə olan ənənəvi bankların təqdim etdiyi xidmərlərdir. Rəqəmsal banklar isə bütün bank xidmətlərinin məsafədən həyata keçirilməsi üçün tənzimləyici qurum tərəfindən verilmiş lisenziya əsasında fəaliyət göstərirlər. Bir çoxölkələrdə maliyyə təşkilatlarına rəqəmsal bank lisenziyası təklif edilir. Məsələn, Rusiya, Sinqapur, Avstraliya, Almaniya və Honq-Konqda bununla bağlı qanunvericilik bazası hazırlanıb. Həmin ölkələrdə məsafədən bank xidməti göstərən rəqəmsal banklar üçün lisenziya şərtləri, bütün prodensial tələblər və s. qanunvericilikdə öz əksini tapıb. Rəqəmsal bank lisenziyası əsasında fəaliyyət göstərən maliyyə təşkilatları üçün kapital tələbləri fiziki bankçılıqdan fərqlənir. Bununla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən də xeyli araşdırmalar aparılıb. Azərbaycanda ənənəvi banklar elektron bankçılıq xidmətləri göstərirlər. Lakin rəqəmsal bank konsepsiyası hələlik ölkədə tətbiq edilmir.

- Hazırda ölkəmizdə fintex ekosisteminin durumu necədir? Sistemin inkişaf etdirilməsi üçün hansı tədbirlərə ehtiyac varmı?

- Ölkəmizdə Mərkəzi Bankın operatorluğu ilə yaradılan Ani Ödənişlər Sistemi müştərilərə ödəniş kartı olmadan birbaşa öz cari hesabı vasitəsilə pərakəndə ödənişlərini, yaxud pul köçürmələrini həyata keçirməyə imkan verir. Bu sistemdə tətbiq edilən və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində qeyd edilən açıq bankçılıq konsepsiyasını fintex adlandırmaq olar. Bu konsepsiya əsasında banklar APİ (tətbiqi proqramlaşdırma interfeysi) xidmətindən istifadə edərək 3-cü tərəflərə öz bank məlumatlarından istifadə etməyə razılıq verir və rəqəmsal ödənişlərin vahid pəncərə prinsipi əsasında həyata keçirilməsinə imkan verir. Xüsusi tənzimlənmə rejimini də fintex ekosisteminə aid etmək olar. Mahiyyəti odur ki, hər hansı hüquqi şəxs ölkə qanunvericiliyində nəzərdə tutulmayan innovativ ödəniş xidmətini həyata keçirmək istədikdə bunun üçün Azərbaycan timsalında Mərkəzi Bankda sınaq rejimi mühiti yaradılır. Sınaq rejimində həmin təşkilat fəaliyyət göstərir. Əgər sınaq uğurlu hesab edilsə, Mərkəzi Bank öz qanunvericiliyinə müvafiq dəyişiklik edir və həmin təşkilat həmin ödəniş xidmətini göstərməsi üçün Mərkəzi Banka müraciət edir. Ödəniş təşkilatı və ya elektron pul təşkilatı kimi lisenziya alıb fəaliyyət göstərə bilir. Bununla bağlı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində geniş müddəa vardır.

Adıçəkilən qanun layihəsində ödəniş agentlərinin fəaliyyəti də nəzərdə tutulur. Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisində bank, ödəniş təşkilatı və elektron pul təşkilatı müəyyən edilmiş ödəniş xidmətlərini ödəniş agenti cəlb edilməklə həyata keçirə bilər. Burada əsas məsuliyyət ödəniş xidməti təchizatçısının üzərinə düşür.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb