13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gələn ildən Qarabağda sahibkarlara güzəştlərlə bağlı təkliflər hazırlanır

Gələn ildən başlayaraq işğaldan azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək Vətən müharibəsi iştirakçılarına, şəhid ailəsi və əlil statusu almış şəxslərə bir sıra digər vergi güzəştləri də veriləcək.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktik konfransda deyib.

S.Ələkbərov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlara) vergi güzəştləri və tətillərinin, habelə sosial sığorta üzrə güzəştlərin verilməsi ilə bağlı təkliflər hazırlanır. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsini və investisiya cəlbediciliyinin artırılmasını, optimal güzəştlərin hazırlanmasını və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılmasını əhatə edən layihələr üzərində işlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamının 2.1-ci bəndində nəzərdə tutulmuş, hazırda son müzakirələr mərhələsində olan “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda iqtisadıyyatın şaxələnməsinə və investisiyaların cəlb olunmasına vergi siyasətinin effektiv dəstəyinin təmin edilməsi və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün bir sıra tədbirlər nəzərdə tutulur: İşğaldan azad edilmiş ərazilərin inkişafı üçün vergi təşviqlərinin tətbiq olunması; Yeni istehsal sahələrinin qurulmasına görə kapital qoyuluşlarına uyğun olaraq mənfəət vergisinə güzəştlərin verilməsi; Turizmin inkişafı üçün vergi təşviqlərinin verilməsi və s.

“İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin böyük bir hissəsinin investisiya təşviqi sənədi ala biləcəyini nəzərə alaraq, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş vergi güzəştlərini xatırlatmaq istərdim. İnvestisiya təşviqi sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar həmin sənədi aldığı tarixdən 7 il müddətinə bir sıra vergiləri və rüsumları ödəməkdən azaddırlar: Hüquqi şəxslər və fərdi sahibkarlar əldə etdikləri mənfəətin (gəlirin) 50 faizinə görə mənfəət (gəlir) vergisi; Müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş əmlaklarına görə əmlak vergisi; Mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlarına görə torpaq vergisi; Müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə ƏDV və gömrük rüsumu. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bütün layihələrin investisiya təşviqi sənədi verilən layihələrə aid edilməsi məsələsi də müzakirə olunur”, - deyə nazir müavini diqqətə çatdırıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?