12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Milli Məclisin plenar iclasında 2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib

Noyabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirilib.

İclasda hökumət təmsilçilərini və deputatları, KİV nümayəndələrini salamlayan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündən söz açıb. Qeyd edib ki, Zirvə görüşündə türkdilli dövlətlər arasında inteqrasiya proseslərinin daha da dərinləşməsinə yönələn bir sıra vacib qərarlar qəbul edilib, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı” adlandırılıb.

Sədr vurğulayıb ki, Zirvə görüşündə xalqımızı qürurlandıran mühüm bir hadisə baş verib. Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının qərarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Ordeni Zirvə görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib. Prezidentimiz bu yüksək mükafata Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülhün və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə layiq görülüb.

Sahibə Qafarova Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi münasibətilə Prezident İlham Əliyevi Milli Məclisin adından ürəkdən təbrik edib, xalqımızın və dövlətimizin bu günü və gələcəyi naminə dəyərli fəaliyyətində ona yeni böyük uğurlar arzulayıb. Təbrik alqışlarla qarşılanıb.

Sonra plenar iclasda 24 məsələdən ibarət gündəlik təsdiqlənib. Spiker məlumat verib ki, birinci oxunuşda parlamentə təqdim olunmuş 24 məsələdən 22-si gələn ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələridir. Gündəliyin birinci məsələsi – “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə danışan Milli Məclisin sədri qeyd edib ki, dövlətin əsas maliyyə sənədi sayılan dövlət büdcəsi ümumdövlət maliyyəsinin ayrılmaz tərkib hissəsi olduğuna görə onun göstəricilərinə əsaslanaraq ölkənin iqtisadi vəziyyəti barədə mühakimə yürütmək mümkündür. Bu baxımdan indi müzakirəsinə başladığımız dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlər ölkənin iqtisadi həyatında mövcud olan reallıqları dolğun əks etdirir.

Sahibə Qafarova məmnunluqla bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası koronavirus pandemiyasının davam etməsinə və dünyada iqtisadi fəallığın tam bərpa olunmamasına baxmayaraq, dövlətimizin dinamik inkişafını təmin etməyə imkan verib. Ölkəmizin tarixində ən böyük həcmli büdcə tərtib edilərək Milli Məclisə təqdim olunub. Gələn il büdcə xərcləri ilk dəfə olaraq 30 milyard manata yaxınlaşacaq ki, bu da cari illə müqayisədə 1 milyard 336 milyon manat artıq vəsait deməkdir. Beləliklə, 2022-ci ilin dövlət büdcəsi qarşıya qoyulan strateji vəzifələrin yerinə yetirilməsinə möhkəm zəmin yaradır.

Parlamentin rəhbəri onu da qeyd edib ki, 2022-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə edilib. Bildirib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən büdcə müzakirələrinə ilk dəfə olaraq parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri və nümayəndələri dəvət ediliblər, onların hər birinə öz fikirlərini bildirməsi üçün şərait yaradılıb. Hesablama Palatası da büdcə zərfi barəsində müsbət rəyini bildirib.

Sahibə Qafarova plenar iclasda aparılacaq müzakirələrin səmərəli olacağına və deputatların dəyərli təkliflərinin dinləniləcəyinə əminliyini bildirib.

Sonra iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edərək “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin və büdcə zərfinə daxil olan digər qanun layihələrinin, həmçinin bu layihələrə dair Hesablama Palatasının rəyinin qanunvericiliyin tələblərinə uyğun surətdə hazırlanaraq Milli Məclisə təqdim olunduğunu diqqətə çatdırıb. Bildirib ki, komitə iclasında ilk dəfə olaraq Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə büdcə zərfinə daxil olan layihələrin müzakirəsinin parlamentdə təmsil olunan siyasi partiyaların, o cümlədən müxalifət partiyaları nümayəndələrinin iştirakı ilə aparılması həm müzakirələrin inklüzivliyini təmin edib, həm də ölkədə aparılan siyasi islahatların ali qanunverici orqanda reallaşmasının növbəti addımı olub.

Vətən müharibəsində qazanılan Qələbədən söz açan komitə sədri işğaldan azad edilmiş ərazilərin geniş təhlili nəticəsində 30 ilə yaxın müddətdə bu torpaqların urbisidə (şəhər və kəndlərin məhv edilməsi), kultosidə (mədəniyyət abidələrinin məhv edilməsi) və ekosidə (təbiətin və ekologiyanın məhv edilməsi) məruz qaldığının aşkarlandığını bildirib. Bu faciələri aradan qaldırmaq üçün cari ildə Azərbaycan dövlətinin sürətli işlərə başladığını və qısa müddət ərzində ərazilərin minalardan təmizlənməsi, bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması istiqamətlərində xeyli iş görüldüyünü vurğulayıb. Şuşada mədəniyyət abidələrinin bərpasını, Füzuli Beynəlxalq aeroportunun tikilib istifadəyə verilməsini, yol infrastrukturunun işə düşməsini Azərbaycan dövlətinin quruculuq niyyətini və gücünü dünyaya nümayiş etdirdiyini bildirib.

Tahir Mirkişili çıxışında pandemiya və vaksinasiya tədbirlərinə də toxunub. Qeyd edib ki, bu ilin sonunadək hər ölkə üzrə əhalinin minimum 40 faizinin vaksinasiya olunması nəzərdə tutulduğu halda, Azərbaycan üzrə bu göstərici artıq 44 faizdən çoxdur. Nəzərə çatdırılıb ki, 2020-ci ildə 3 faizdən çox azalan qlobal ÜDM-in 2021-ci ildə 5,9 faiz artacağı proqnozlaşdırılır. Azərbaycanda rəqəmsal transformasiyanın, Qarabağ və Şərqi Zəngəzurda yaşıl iqtisadiyyatın inkişaf prioriteti kimi seçilməsi ölkəmizə xeyli üstünlük qazandıracaq.

Bildirilib ki, 2021-ci il üzrə dinamik artım tempinin, eləcə də büdcə gəlirlərinin və xərclərinin icrasında qarşılıqlı nisbətin qorunub saxlanması, büdcə kəsirinin proqnozlaşdırılan səviyyədən xeyli aşağı olması, tədiyə balansı hesablarında müsbət dinamikanın qorunması, qeyri-neft ixracının və qeyri-neft vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artması, makro-iqtisadi sabitlik 2022-ci ilin dövlət büdcəsinin planlaşdırılmasında mühüm baza rolunu oynayıb.

Komitə sədri Tahir Mirkişili bildirib ki, 26,8 milyard manat gəlir və 29,9 milyard manat xərc ilə təqdim olunmuş dövlət büdcəsinin layihəsi ölkəmizin cari və strateji inkişaf hədəflərinə, iqtisadi siyasətinə və qarşıda duran çağırışları dəf etməyə xidmət etmək iqtidarında olacaq.

Sonra iclasda maliyyə naziri Samir Şərifov 2022-ci ilin dövlət və icmal büdcələrinin layihələri və sonrakı 3 il üçün icmal büdcənin əsas göstəriciləri barədə ətraflı məlumat verib.

Öncə milli qürurumuzun təntənəsinə çevrilmiş Vətən müharibəsindəki Qələbəmizdən söz açıb, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad olunmasından danışıb, ərazi bütövlüyümüzün bərpasından sonra Azərbaycanın yeni dövrə qədəm qoyduğunu vurğulayıb.

Maliyyə naziri bildirib ki, gələn ilin büdcəsinin prioritet xərclərində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ön sırada dayanır. Hazırda mənfur düşmənin uzun illər ərzində viran qoyduğu yurdlarımıza yeni nəfəs verilir, avtomobil və dəmir yolları çəkilir, elektrik, qaz, su təchizatı və kənd təsərrüfatı infrastrukturları qurulur, tarixi, mədəni, dini irsimiz bərpa olunur, beynəlxalq hava limanları tikilir. Böyük qayıdışın təmin edilməsi, işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurma işləri ilə ölkə iqtisadiyyatına reinteqrasiyası, bununla əlaqədar dövlətimizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, milli təhlükəsizliyinin gücləndirilməsi məsələsi Azərbaycan Prezidentinin ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair cari ilin fevral ayında müəyyən etdiyi 5 illik inkişaf prioritetlərindən biridir. 2022-ci ilin dövlət büdcəsinin layihəsi bu prioritetlər nəzərə alınmaqla və İqtisadiyyat Nazirliyinin hazırladığı müvafiq sənədlərdəki makroiqtisadi göstəricilər əsas götürülməklə tərtib edilib.

Plenar iclasda dövlət büdcəsinin əsas göstəricilərindən danışan maliyyə naziri bildirib ki, layihədə 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat, xərcləri 29 milyard 879 milyon manat məbləğində nəzərdə tutulub. Növbəti ilin büdcə gəlirlərinin Dövlət Vergi Xidməti tərəfindən 8 milyard 820 milyon manat, Gömrük Komitəsinin xətti ilə 4 milyard 260 milyon manat daxilolmalar nəticəsində təmin edilməsi nəzərdə tutulur. Büdcədənkənar gəlirlər 760 milyon manat, digər daxilolmalar isə 260 milyon manat məbləğində proqnozlaşdırılır. Eyni zamanda, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfer 12 milyard 710 milyon manat məbləğində nəzərdə tutulub. İcmal büdcənin gəlirləri 27 milyard 677 milyon manat, icmal büdcənin xərcləri isə 32 milyard 906 milyon manat məbləğində nəzərdə tutulub.

İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi, Qarabağın və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına reinteqrasiyası üçün 2,2 milyard manat məbləğində vəsaitin ayrılması təklif olunur.

Diqqətə çatdırılıb ki, büdcədə xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi üçün 2022-ci il yanvarın 1-dən əmək haqlarının və əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması əsas məsələlərdəndir.

Samir Şərifov dövlət büdcəmizin ənənəvi olaraq sosialyönümlü büdcə olduğunu vurğulayıb. Büdcədə sosial xərclərin 46,4 faizə çatdırıldığını və 2021-ci illə müqayisədə 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artırıldığını deyib. Bildirib ki, bu xərclərin maliyyə tutumunun 13 milyard 851 milyon manata çatdırılması nəzərdə tutulub. Həmin xərclərin 60 faizi əməyin ödənilməsi ilə bağlıdır. Belə ki, 2022-ci ildə əməyin ödənilməsinə 8 milyard 97 milyon manat məbləğində vəsait təklif olunur. Sosial təminat xərcləri üçün dövlət büdcəsində 3 milyard 566 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Maliyyə naziri qeyd edib ki, prioritet istiqamətlərdən biri də təhsil sahəsidir. Təhsil xərclərinə büdcədən 3 milyard 884 milyon manat ayrılması nəzərdə tutulub. Digər prioritet istiqamət olan səhiyyə sahəsinə ayrılan vəsait cari ildən başlayaraq tətbiq olunan icbari tibbi sığorta öhdəlikləri də nəzərə alınmaqla 1 milyard 789 milyon manat səviyyəsində müəyyən edilib. Gənclər və idman sahəsinə 44 milyon manat, turizmin inkişafı üçün 59 milyon manat vəsaitin ayrılması planlaşdırılır.

Samir Şərifov 2022-ci ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri, kənd təsərrüfatı, ətraf mühitin və təbiətin mühafizəsi, nəqliyyat, rabitə və mənzil-kommunal sahələrinə, habelə güzəştli ipoteka kreditlərinin dəstəklənməsi üçün dövlət büdcəsindən ayrılacaq vəsait barədə də ətraflı məlumat verib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov plenar iclasda qeyd edib ki, dövlətimizin başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən fundamental islahatlar milli iqtisadiyyatın dayanıqlı inkişafını, sürətlə müasirləşməsini və əhalinin maddi rifahının davamlı şəkildə yaxşılaşmasını təmin edir. Bildirib ki, hazırda Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni strateji inkişaf mərhələsinə daxil olur. Bu strateji dövrdə qarşımızda iqtisadi artımın daha dayanıqlı drayverlərinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi və azad edilmiş ərazilərin reinteqrasiyası kimi yeni vəzifələr durur.

Büdcə siyasətinin əsas özəlliyindən bəhs edən iqtisadiyyat naziri deyib ki, dövlət büdcəsi, eyni zamanda işğaldan azad olunmuş ərazilərin bərpasını maliyyələşdirməlidir.

Mikayıl Cabbarov deputatların diqqətinə çatdırıb ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə gələn ilin dövlət büdcəsində iqtisadi artıma və məşğulluğa dəstək məqsədilə dövlət investisiya proqramı üçün ayrılan vəsaitlərin həcmi 850 milyon manat artırılaraq 2,8 milyard manata çatdırılıb. Bildirib ki, növbəti ilin büdcə layihəsi ölkədə genişmiqyaslı sosial proqramların həyata keçirilməsini, minimum əmək haqlarının, pensiyaların və digər sosial ödənişlərin artırılmasını əhatə edir.

Cari iqtisadi vəziyyət barədə danışan nazir tikinti sektoru istisna olmaqla iqtisadiyyatın bütün sahələrində artım templərinin sürətləndiyini qeyd edib. Bu ilin yanvar-sentyabr aylarında ÜDM-in 4,8 faiz artdığını deyib. Bildirib ki, əgər 2017-2020-ci illərdə qeyri-neft sənayesində əlavə dəyərin orta illik artım tempi 9,3 faiz təşkil edirdisə, bu ilin 9 ayında qeyri-neft sənayesində əlavə dəyər 20 faizdən çox artıb. Ölkənin strateji valyuta ehtiyatlarının həcmi cari ilin oktyabr ayının sonuna kimi 53 milyard ABŞ dollarını ötüb ki, bu da proqnozlaşdırılan illik ÜDM-in təqribən 110 faizinə ekvivalentdir. Bu ilin 10 ayında qeyri-neft ixracının həcmində 42 faizlik artım müşahidə olunub ki, bu da ən yüksək tarixi göstəricidir. Bütövlükdə 2021-ci il üzrə qeyri-neft ixracının həcminin 2,4 milyard ABŞ dollarından yüksək olacağı gözlənilir.

İqtisadiyyat naziri onu da qeyd edib ki, bu il ölkədə iqtisadi artımın bərpası və sürətlənməsində pandemiya ilə bağlı hökumətin iqtisadiyyata genişmiqyaslı dəstək proqramlarının həyata keçirilməsi mühüm rol oynayıb. Bu məqsədlə noyabrın 1-dək 243 mindən çox muzdlu işçiyə 250 milyon manatadək vəsait ödənib, 108 minədək fərdi (mikro) sahibkara 113 milyon manatdan çox maliyyə dəstəyi göstərilib.

Məlumat verilib ki, bu ilin 10 ayında vergi daxilolmaları 16 faizədək artaraq 7,4 milyard manata çatıb, 10 aylıq proqnoz 122 faiz səviyyəsində icra olunub, proqnozdan əlavə dövlət büdcəsinə 1,3 milyard manatdan çox vəsait daxil olub. Qeyri-neft sektoru üzrə vergi daxilolmaları 13 faizədək artaraq 5,4 milyard manata çatıb, 10 aylıq proqnoz 116 faiz səviyyəsində icra olunub. Sektordan daxilolmalar ümumi daxilolmaların 73 faizini ötüb.

Nəzərə çatdırılıb ki, özəl sektordan daxilolmaların artım sürəti daha yüksəkdir. Belə ki, cari ilin 10 ayında sektordan daxilolmalar 20 faizədək artıb və onun cəmi daxilolmalarda xüsusi çəkisi 56 faizə çatıb.

İqtisadiyyat naziri deputatlara məlumat verib ki, ticarət sahəsində dövriyyələrin leqallaşmasında yeni nəsil onlayn kassa aparatlarının tətbiqi mühüm rol oynayır, 2021-ci ilin 10 ayında onlayn kassalar üzrə dövriyyələrin həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfəyədək artıb. İqtisadiyyatda dövriyyələrin şəffaflaşması prosesləri davam edir. “ƏDV geri al” layihəsi çərçivəsində cari il oktyabrın 1-dək fiziki şəxs olan istehlakçılara 120 milyon manata yaxın vəsait qaytarılıb. Əmək bazarının leqallaşması sahəsində də əhəmiyyətli irəliləyişlər var.

Nazir Mikayıl Cabbarov Milli Məclisə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, dövlət şirkətləri üzrə başlanmış struktur islahatları, 2022-2026-cı illər üzrə yeni strategiya və proqnozlar, növbəti 5 ildə işğaldan azad edilmiş ərazilərin bərpası və ölkəyə reinteqrasiyası və s. barədə də ətraflı məlumat verib.

İclasda 2022-ci ilin pul-kredit siyasətinin əsas istiqamətləri barədə danışan Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, ortamüddətli dövr üçün bu siyasət olduqca mürəkkəb xarici mühit şəraitində və onun milli iqtisadiyyatımıza çoxkanallı neqativ təsirləri şəraitində formalaşdırılıb.

Deputatların nəzərinə çatdırılıb ki, COVID-19 pandemiyası bütün sferalara olduğu kimi, iqtisadi sferaya da mürəkkəb və unikal təsirlər göstərib. Bu təsirlərin aradan qaldırılmasının başlıca şərti milli hökumətlərin bu problemə vaxtında adekvat cavab verməsi və bu proseslərin effektiv idarə edilməsidir.

Mərkəzi Bankın sədri qeyd edib ki, Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi altında hazırlanmış və reallaşdırılan antiböhran proqramı, testləşdirmə, vaksinləşdirmə resurslarına tez və adekvat çıxış, səhiyyə infrastrukturunun gücləndirilməsi, iqtisadiyyata miqyaslı yardım proqramlarının reallaşdırılması ölkəmizdə ötən ilin iqtisadi tənəzzülünün qarşısını alıb, cari ildə iqtisadiyyatın bərpa və artımını təmin edib.

Çıxışında 2021-ci ilin başlıca makroiqtisadi trendlərinə və nəticələrinə nəzər salan Elman Rüstəmov bildirib ki, artıq III rübdə qeyri-neft sektoru real ifadədə pandemiyadan əvvəlki səviyyəni üstələyib, tikinti sahəsi istisna olmaqla qeyri-neft sektorunun bütün sahələrində yüksək artım, bir sıra sahələrdə isə ikirəqəmli artım müşahidə olunub. Qeyr-neft ixracı son 10 ayda 42 faiz artıb, iqtisadi bərpa və artım məşğulluğun da artmasını və ölkədə işsizlik səviyyəsinin azalmasını şərtləndirib. Cari ildə fiskal stabillik təmin edilib. Defisitlə proqnozlaşdırılan büdcə 10 ayın yekunlarına görə profisitlə icra olunub. Dövlət borcunun səviyyəsi məqbuldur, dövlət büdcəsi bütün öhdəliklərini icra etməkdədir.

Bildirilib ki, xarici ticarətin profisiti 9 ay ərzində 2,3 dəfə artaraq 6,3 milyard dollar təşkil edib. Ölkənin həm xarici ticarəti, həm də tədiyyə balansı profisitlidir. İlin yekunlarına görə cari hesabda ÜDM-in 8 faizi səviyyəsində profisit gözlənilir.

Parlamentə məlumat verilib ki, valyuta bazarında tarazlıq müşahidə olunur. Milli valyutanın məzənnəsi ilin əvvəlindən sabitdir. İl ərzində keçirilən valyuta hərraclarının əksəriyyətində təklif tələbi üstələyib və manat əhəmiyyətli möhkəmlənmə təzyiqi altında olub. Cari ilin birinci yarısında məqbul hədəf çərçivəsində olan inflyasiya şəraitində Mərkəzi Bankın monetar siyasəti başlıca olaraq iqtisadiyyatın 2020-ci ildə düşdüyü resessiyadan çıxarılmasına və bərpasına dəstək olub.

Mərkəzi Bankın sədri müsbət makroiqtisadi fonda iqtisadi artımın bərpası prosesi, fiskal monetar sabitlik fonunda inflyasiyanın sürətlənməsi, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında azad rəqabətin rolu, süni qiymət artımının yaratdığı problemlər və s. barədə də parlamentə ətraflı məlumat verib.

Sonra plenar iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun 2022-ci ilin dövlət büdcəsinin layihəsinə dair rəyini təqdim edib. Diqqətə çatdırıb ki, dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim edilən sənədlərin siyahısı əvvəlki illərlə müqayisədə artırılıb, izahatlara daxil edilmiş məlumatların keyfiyyəti və həcmi də yüksəldilib. Bu, Hesablama Palatası tərəfindən təqdirəlayıq hal kimi qiymətləndirilib.

Büdcə zərfinə daxil edilmiş məlumatların müqayisəli təhlilindən bəhs edən Vüqar Gülməmmədov başçılıq etdiyi qurumun bir sıra istiqamətlər üzrə əvvəlki rəylərində qeyd edilmiş məsələlərin builki zərfdə nəzərə alındığını bildirib. Vurğulayıb ki, dövlət maliyyəsi üzərində parlament nəzarətinin tam və əhatəli olması, ilk növbədə, icmal büdcənin və onun tərkib hissələrinin layihəsi və icrası ilə bağlı müzakirələrdə istinad edilən sənəd və məlumatların çeşidindən və məlumatlılıq səviyyəsindən asılıdır. Müzakirəyə təqdim edilən sənədlər büdcə gəlirləri ilə bağlı qiymətləndirmələrin aparılmasına daha münbit şərait yaradıb.

Rəydə təkliflərini də nəzərə çatdıran Hesablama Palatası gələn ilin dövlət büdcəsi ilə bağlı daha üç fiskal riskə dair qiymətləndirmə aparıb. Həmin risklərin təhlilini verən Palata sədri dövlət büdcəsinin əsas parametrləri üzrə bu sənəddə əks etdirilmiş nəticələrdən də danışıb.

Bildirilib ki, Hesablama Palatasının qənaətinə görə, 2022-ci ilin dövlət büdcəsinin gəlirləri 2021-ci ilin müvafiq göstəricisindən çox, gözlənilən icra göstəricisindən az olmaqla nəzərdə tutulub. Qurum gələn il üçün proqnozlaşdırılan inflyasiya və iqtisadi artım amilini, eləcə də Vergi Məcəlləsinə ediləcək dəyişiklikləri, ticarət tərəfdaşlarında qiymət artımlarının sürətlənməsi halını diqqətə alaraq həm vergi, həm də gömrük orqanları vasitəsilə icra edilən gəlirlərin toplanmasında risklərin olmayacağı fikrindədir.

Qeyd olunub ki, əldə edilmiş nəticələrə əsaslanan Hesablama Palatasının rəyində kifayət qədər institusional dəyişikliklər və maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı tövsiyələr də öz əksini tapıb. Həmin tövsiyələr şəffaflıq və hesabatlılığın daha da yaxşılaşdırılması, mövcud uyğunsuzluqların aradan qaldırılması, dövlət vəsaitlərinin idarə olunmasının təkmilləşdirilməsi kimi bir sıra mühüm istiqamətləri nəzərdə tutur.

Vüqar Gülməmmədov Milli Məclisin nəzərinə çatdırıb ki, Hesablama Palatası təqdim edilmiş layihəni dəstəkləyir və hazırladığı rəyin büdcə müzakirələrində faydalı olacağına ümid edir.

Təqdimatlar dinlənildikdən sonra plenar iclasda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlanıb. Müstəqillik tariximizin ən iri tutumlu büdcəsinin geniş müzakirəsində deputatlar Hikmət Məmmədov, Mahir Abbaszadə, Ziyad Səmədzadə, Musa Quliyev, Ziyafət Əsgərov, Əhliman Əmiraslanov, Kamal Cəfərov, Sahib Alıyev, Azər Badamov, Əli Məsimli, Emin Hacıyev, Elman Nəsirov, Razi Nurullayev, Siyavuş Novruzov, Kamran Bayramov, Vahid Əhmədov, Elnur Allahverdiyev, Musa Qasımlı, Anar Məmmədov, Rəşad Mahmudov, Zahid Oruc, Şahin İsmayılov, İlham Məmmədov, Cavanşir Paşazadə, Aydın Mirzəzadə, Elşən Musayev sənədi ətraflı təhlil ediblər, qanun layihəsi barədə rəy və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar. Hesablama Palatasının rəyini müsbət dəyərləndiriblər. Büdcədə təhsil xərclərinin artırılmasını, büdcənin sosialyönümlü olmasını və s. təqdir ediblər.

Geniş müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda səsə qoyulub və qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.

Sabah Milli Məclisdə büdcə zərfinin müzakirələri davam etdiriləcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?