15 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vətən müharibəsi əlillərinin müalicə müddətində əmək münasibətləri necə tənzimlənir?

Vətən müharibəsi əlillərinin əmək haqlarından vergilərin hesablanmasında hansı güzəştlər tətbiq edilir? Onların MDSS tutulmalarında güzəştlər varmı? Həmin əlillərin əmək münasibətləri, əmək məzuniyyətləri əlavə iş yerində hansı formadadır? Bundan əlavə, onların müalicə müddətində əmək münasibətləri necə tənzimlənir? Bütün bu suallara sərbəst auditor Altay Cəfərov misallar əsasında aydınlıq gətirib.

Bu məsələlərin Vergi Məcəlləsi, Əmək Məcəlləsi, “Sosial Sığorta haqqında” Qanun və digər normativ aktlarla tənzimləndiyini vurğulayıb:

Misal: Tutaq ki, “AA” MMC neft-qaz sektoruna və dövlət müəssisəsinə aid deyil, Vətən mühaibəsi iştirakçısı olan, əsas iş yerində çalışmaqla əlilliyi olan işçisi vardır. Həmin şəxsin aylıq əməkhaqqı 800 manatdır.

İşçidən tutulan gəlir vergisi necə hesablanacaq?

Misalımızda gəlir vergisi məqsədləri üçün Vergi Məcəlləsinin 101.1-1.ci maddəsinə görə 8000 manata kimi gəlir vergisi tutulmadığına görə “AA” MMC-də işçidən heç bir vergi tutulmur.

İndi isə nəzərə alaq ki, “AA” MMC dövlət müəssisəsidir. Artıq burada gəlir vergisinin tutulması Məcəllənin 101.1.-ci maddəsinə görə müəyyənləşdirilmiş cədvəl əsasında aparılacaqdır.

Həmçinin, Məcəllənin 102.1.6.-cı maddəsində və 102.2.4.-cü maddələrinə görə, güzəşt və azadolamalar nəzərdə tutulub.

102.1.6. Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30000 manatadək olduqda 2400 manat məbləğində olan hissəsi;

102.2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır: 102.2.4. müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin.

Deməli, hesablamalar aşağıdakı kimi olmalıdır: (800-200-400) x 14% = 28 manat.

Göründüyü kimi, Vətən müharibəsi əlilinin 800 manat əməkhaqqından 28 manat gəlir vergisi tutulacaqdır.
Nəzərə alsaq ki, “AA” MMC əlil işçinin əsas yox, əlavə iş yeridir, o zaman Vergi Məcəlləsinin 102.8.-ci maddəsinə əsasən, belə güzəştlər verilmir və hesablama bu cür aparılır: 800 x 0,14 = 112 manat (gəlir vergisi).

MDSS tutulmalarına hər hansı bir güzəşt varmı?

“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə nəzər yetirsək, Vətən müharibəsi əlillərindən MDSS tutulmalarına görə hər hansi güzəştin verilməsi və ya azad olunması əks etdirilməyib. Yəni, artıq burada da əlil işçinin işlədiyi müəssisənin dövlət, neft-qaz sektoruna aid olub-olmamasına uyğun olaraq tutulmalar və hesablamalar aparılır.

Vətən müharibəsi əlilləri üçün əmək məzuniyyətinin müddəti nə qədərdir?

Əmək Məcəlləsi, maddə 120. Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya ) alan işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Sual oluna bilər ki, Məcəllənin 119-cu maddəsinə görə işləyən əlillərə 42 gün əmək məzuniyyəti verilir, bəs nəyə görə 120-ci maddəni əsas götürürük və 46 gün verilməsini qeyd edirik?

Belə ki, 119-cu maddə ümumi halda bütün əlillər üçün nəzər tutulub. 120-ci maddə isə Vətən qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən əmək məzuniyyətləridir. Əgər Vətən müharibəsi iştirakçısı həm əlil, həm də xüsusi xidmətlərə malikdirsə, ona müddətcə daha çox olan məzuniyyət hüququ verilir.

Bəs belə işçilər əlavə iş yerində olduqda ona əmək məzuniyyəti verilirmi?

Əmək Məcəlləsinin 58-ci maddəsində yazılıb:

Maddə 58. Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi

4. Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir.

Maddədən də göründüyü kimi, əlavə iş yerində (əvəzçilik ilə olan) çalışan işçilərə Əmək Məcəlləsinin bütün normaları və qaydaları şamil olunur. Odur ki, misalımızda olan Vətən müharibəsi əlili əlavə iş yerində çalışırsa, ona əmək məzuniyyəti 46 gün veriləcəkdir.

Belə əlilliyi olan işçilərə onların müalicəsinə və ya tibbi müayinəsinə görə hər hansı məzuniyyət nəzərdə tutulubmu?

Əmək Məcəlləsində birbaşa belə bir məzuniyyətlər nəzərdə tutulmayıb. Amma işəgötürən və işçi ilə bununla bağlı olaraq əlavə razılaşmalar ola bilər.
Amma Məcəllədə işçilərin iş yerlərinin məcburi olaraq saxlanılmasını tələb edən hallar vardır ki, bu, Məcəllənin 179-cu maddə ilə tənzimlənir.

Maddə 179. İşçilərin iş yerinin və orta əməkhaqqının saxlandığı hallar

1. İşçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir.

2. Aşağıdakı hallarda işçinin iş yeri və orta əmək haqqı saxlanılır:

k) tibbi müayinədən keçirilən zaman işçilər tibb müəssisəsində olduqları vaxt ərzində;

Məcəllənin 179.2.-ci maddəsinin k) bəndinə əsasən, işçi tibbi müayinə məqsədləri üçün tibb müəssisəsində olduqda onun iş yeri saxlanılır və orta əməkhaqqı verilir.
Odur ki, istənilən əlil ola bilər ki, il ərzində bir dəfə və ya bir neçə dəfə tibbi müəyinədən keçmək üçün tibb müəssisəsinə, reablitasiya mərkəzlərinə gedə bilər. Bunun üçün işçi ərizəsinə əsasən işəgötürənin razılığı ilə göndərilə bilər və ya normal hal olaraq tibb müəssisəsinin göndərişi ilə işçi müayinə üçün gedə bilər.
Bu hal məzuniyyət sayılmır, sadəcə işçi tibbi müayinədən keçmək üçün tibb müəssisəsinə gedir və bu müddətdə onun iş yeri saxlanılır və orta əməkhaqqısı ödənilir.

Müayinə müddəti nə qədərdir?

Normalda belə bir ümumi müddət müəyyənləşdirilməyib. Amma hər bir müayinənin də özünün konkret müddəti vardır. Artıq müayinə müddəti qurtardıqdan sonra əlil işçi iş yerinə qayıtmalıdır. Əgər işçinin əlavə olaraq müalicəsinə ehtiyac yaranmışdırsa, artıq bu, müvafiq xəstəlik vərəqəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsidir. Belə hallarda tibbi müayinə və əmək qabiliyyətinin müvəqqəti itirilməsini qarışdırmaq olmaz.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?