26 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi İran, Azərbaycan və Rusiya üçün olduqca faydalıdır

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətə başlamasından İran və Rusiya ilə yanaşı, Azərbaycan da faydalana və gəlir əldə edə bilər.

Bu sözləri sentyabrın 21-24-də Sankt-Peterburqda keçirilən 16-cı Ümumdünya Nəqliyyat Konfransında çıxış edən İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.

O bildirib ki, dəhlizin keçdiyi ölkələr yaxşı gəlir əldə etmək imkanına malikdirlər. Dəhlizin dəmir yolu seqmenti İran, Azərbaycan və Rusiyanı nəqliyyat baxımından birləşdirir və əsas tranzit yükdaşımalar da məhz dəmir yolu ilə həyata keçiriləcək.

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan ilə İranın dəmir yolları Astara şəhərlərində birləşdirilib. Yolun Rəşt-Astara hissəsi hazır olduqdan sonra adı çəkilən dəhliz fəaliyyətə başlaya bilər.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Avropa ilə Asiya arasındakı ticarət dövriyyəsi bu yolla da həyata keçiriləcək. Cənub-Şərqi Asiya ölkələrindən yüklər İranın Çabahar limanına, Körfəz ölkələrindən isə Bəndər-Abbas limanına daxil olacaq. Hər iki istiqamətdən İrana daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Şimali Avropanın Amsterdam və digə böyük limanlarına daşınacaq. Yüklərin ucuz və mənzil başına tez çatdırılması baxımından bu yola alternativ yoxdur.

Təsadüfi deyil ki, Kazım Cəlali konfrans çərçivəsində Hindistanın Rusiyadakı səfiri Vankateş Varma ilə də görüşüb məsələni müzakirə edib. Dəhlizin fəaliyyətində Hindistan da mühüm rol oynayan dövlətlərdən biridir. Bu ölkənin Mumbayi limanı Cənub-Şərqi Asiyada ən böyük yük aşırımına malik olan limandır. Hindistan və ətrafındakı dövlətlər Avropa ilə yük və mal mübadiləsini bu liman vasitəsilə həyata keçirirlər. Cənub-Şərqi Asiya ölkələri yükləri Mumbayi limanına gətirib buradan Avropaya yola salırlar və Avropadan daxil olan yükləri də bu limandan aparırlar. Yüklər Mumbayi limanından İranın Çabahar limanına buradan isə yuxarıda qeyd etdiyimiz kimi Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq Avropaya daşınacaq.

Bundan başqa Hindistan Çabahar limanının yenidənqurulması və yükaşırımının artırlaması üçün 2 milyard dollar həcmində sərmayə qoymağı planlaşdırıb. Bu vəsaitin 200 milyonu artıq istifadə olunub və limanda müasir avadanlıqlar quraşdırılıb, böyük və yükü ağır olan gəmilərin limana yan alması üçün şərait yaradılıb.

Körfəzi ölkələri də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizindən istifadə etməklə Avropa ilə yük mübadiləsini reallaşdıra biləcəklər. Körfəz ölkələri ixrac yüklərini İranın Bəndər-Abbas limanına gətirəcək. Buradan isə yenə də Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə Avropaya göndərəcəklər. Bu istiqamət körfəz ölkələrinə məxsus yük gəmilərinin Qırmızı dəniz vasitəsilə Hibraltar keçidinə gəlib və buradan keçərək Avropaya üzməsindən daha səmərəli, tez və ucuz başa gəlir. Əks istiqamətdə yüklər gəmilərlə Rusiyanın Sankt-Peterburq şəhər limanına daxil olacaq buradan isə dəmir yolu ilə Azərbaycandan tranzit keçərək Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu ilə İrana daxil olacaq. İran daxili infrastrukturunu yeniləşdirərək istiqamətləri ayırmalıdır. Yəni Avropadan Cənub-Şərqi Asiya ölkələrinə göndərilən yüklər Çabahar limanına, Körfəzi ölkələrinə daşınan yüklər isə Bəndər-Abbas limanına yönəldilməlidir. Bu istiqamətdə İran bəzi infrastruktur layihələri həyata keçirməyə başlayıb. Çabahar-Zahidan dəmir yolunun çəkilişinə başlanması buna misal ola bilər. Azərbaycanın mövqeyinin səmərəliliyi ondan ibarətdir ki, hər iki istiqamətdə daşınan yüklər ölkəmizin ərazisindən keçəcək.

İran diplomatının da qeyd etdiyi kimi “Şimal-Cənub” Beynnəlxalq Nəqliyyat Dəhlizi region ölkələri üçün olduqca faydalıdır və bu dəhlizə alternativ yoxdur. Çünki Azərbaycanın bütün infrastruktur layihələri hazırdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ən müasir avadanlıqlarla təchiz olunaraq yenidən qurulub. Bakı-Astara magistral avtomobil yolu müasir standartlar səviyyəsində inşa edilərək istifadəyə verilib. Ən başlıcası isə Azərbaycanın və İranın Astara şəhərləri arasında dəmir yolu çəkilib və hər iki ölkənin dəmir yolları sistemləri birləşdirilib.

Bütün bunlardan sonra başqa yollar axtarmaq nəinki iqtisadi baxımdan səmərəsizdir, eyni zamanda, siyasi bəsirətsizlikdir. Çünki “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi region dövlətlərinə iqtisadi səmərə ilə yanaşı, həm də siyasi zəmanət verir. Azərbaycan, İran və Rusiya üzərindən yük yola salan və yük qarşılayan həm Avropa, həm də Asiya dövlətləri regionda sülhün və əmin amanlığın, siyasi sabitliyin hökm sürməsində və iqtisadi inkişafın artmasında maraqlı olacaqlar. Heç bir dövlət intriqa və münaqişələrin olduğu regiondan yük yola salmaz. Məsələyə bu konteksdə yanaşdıqda demək lazımdır ki, həm Rusiya, həm də İran regionda sabitliyin hökm sürməsində maraqlı olmalı və tez bir zamanda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətə başlamasına çalışmalıdırlar.

Xüsusi olaraq bir məsələni də qeyd etmək lazımdır ki, hər 3 ölkənin iqtisadiyyatının əsasını neft təşkil edir. Bu ölkələr dünya bazarına külli miqdarda neft ixrac edirlər. Lakin dünya bazarında neftin qiymətinin tez-tez dəyişməsi dövlətlərin iqtisadiyyatına mənfi təsir göstərir. Neft amili tədricən tarixə çevrilir. Müasir dünyada alternativ enerji mənbələrinə daha çox üstünlük verilir. Artıq Avropanın bir sıra dövlətləri 2030-cu ildə tam olaraq ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən istafadəyə keçəcəklər. Bu faktın özü dünya bazarında neftin qiymətinin yaxın gələcəkdə daha da aşağı düşəcəyindən xəbər verir. Sivilizasiyanın yeni texnologiyalara əsaslanaraq inkişafı, iqtisadiyyatın şaxələndirilməsi zərurətini meydana çıxarıb. Belə bir zamanda yalnız neftə əsaslanmaq dayanıqlı iqtisadi inkişaf üçün zəmin yaratmır. Odur ki, region dövlətləri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaratdığı imkanlardan istifadə etməli və bu istiqamətdə birgə səyləri artırmalıdırlar.

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?