5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 4 il keçir

Bu gün Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasından 4 il ötür. Ulu öndər Heydər Əliyev 1994-cü ilin məhz 14 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması barədə Fərman imzalayıb, düz 23 il sonra isə həmin gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müqavilənin müddəti daha 32 il uzadılıb. Yeni Sazişin böyük əhəmiyyəti var və o, Azərbaycan üçün daha da əlverişlidir. Ümumilikdə hasilatın pay bölgüsünə dair ilk sazişin imzalanmasından ötən 27 ildə AÇG yataqlar blokundan 3,9 milyard bareldən çox neft hasil olunub. İndiyədək Neft Fondu “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə təxminən 153 milyard dollar qazanıb. AZƏRTAC müqavilə üzrə ötən 27 ilə nəzərə salır.

“Əsrin müqaviləsi” - Azərbaycanın yeni neft strategiyasının şanlı səhifəsi

1994-cü ildə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanıb. Təxminən 400 səhifə olan və 4 dildə tərtib edilən müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Müqavilədə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil”, “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edib. Bununla da, müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulub. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərib, dövlət müstəqilliyinin mühüm təminatına çevrilib.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

İlk neft “Çıraq” yatağından 1997-ci il noyabrın 7-də əldə edilib. “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan vaxt Azərbaycanın tarixində ən aşağı səviyyədə - 9,5 milyon ton olan neft hasilatı 2010-cu ildə 5 dəfədən çox artaraq 51 milyon tona çatıb. Son 27 ildə isə Azərbaycanın neft istehsalı 4 dəfədən çox artıb.

Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına böyük həcmdə xarici investisiya cəlb edilib. O vaxtdan bəri AÇG yatağının işlənməsinə təqribən 35 milyard dollar sərmayə qoyulub. “Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər ilə daha 34 saziş imzalanıb. Təkcə onu demək kifayətdir ki, Dövlət Neft Şirkəti 15 ölkənin 25 şirkəti ilə imzalanmış hasilatın pay bölgüsü sazişində Azərbaycan dövlətini uğurla təmsil edir. Həmin sazişlər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycanın neft-qaz sektoruna təqribən 51,6 milyard dollardan çox sərmayə yatırılıb. SOCAR bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən müasir bir şirkətdir. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstana, Türkiyə və digər ölkələrə nəql edilir.

“Yeni Əsrin müqaviləsi” Azərbaycanın maraqlarını tam təmin edir

2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzalayıb. Sazişə əsasən BP layihənin operatoru olaraq qalıb. Saziş Milli Məclis tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.

14 sentyabr ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün olub, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayıb. Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə Saziş imzalanıb. Bu Sazişin “Yeni Əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlər Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Qarşıdakı illərdə AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub. Hazırda AÇG-də tərəfdaşların iştirak payları belədir: BP - 30,37 faiz, “AzACG” (SOCAR) - 25 faiz, “MOL”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TP” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

Yataqlar blokundan indiyədək 3,9 milyard barreldən çox neft hasil olunub

Ötən 27 il ərzində sazişin icrası uğurla reallaşdırılıb. AÇG-də böyük ehtiyatlar mövcuddur və burada hələ görüləcək çox iş var. Bu vaxtadək AÇG-dən hasil edilən 3,9 milyard barreldən çox neft dünya bazarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb. 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Bu gün isə “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var. Lakin bu hələ son rəqəm deyil. Yataqların ehtiyatının artması ehtimalı var və yeni Sazişin icrası müddətində bu rəqəm daha da artacaq.

Cari ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 266 milyon dollar əməliyyat və 846 milyon dollar isə əsaslı məsrəflər xərclənib. Yarım ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib, Yarım ildə AÇG-dən ümumi hasilat – “Çıraq” (30 min), “Mərkəzi Azəri” (111 min), “Qərbi Azəri” (118 min), “Şərqi Azəri” (78 min), “Dərinsulu Günəşli” (88 min) və “Qərbi Çıraq” (43 min) platformalarından birgə gündəlik orta hesabla 468 min barel təşkil edib.

İkinci rübün sonuna AÇG-də ümumilikdə 131 neft hasilat, 44 su və 8 qaz injektor quyusu istismarda olub. Yanvar-iyun aylarında blokda 6 neft hasilat və 3 suvurma quyusu qazılıb.

2021-ci ilin birinci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9,1 milyon kubmetr, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Azərbaycan “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə təqribən 150 milyard dollar qazanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində yanvar-avqust aylarında 3 milyard 488,5 milyon ABŞ dolları gəlir əldə edib.

Qeyd edək ki, Neft Fondunun indiyədək (2001-ci ildən etibarən) AÇG layihəsi üzrə gəliri 152 milyard 893 milyon dollar olub.

Neft Fonduna “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 900 milyon dollar həcmində 2 bonus ödənişi həyata keçirilib.

Bütün bu qazanılan nailiyyətlər onu göstərir ki, “Əsrin müqaviləsi” imzalanandan bu günə qədər ulu öndər Heydər Əliyevin neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Bu gün Azərbaycanın öz hesabına yaşamasında, kifayət qədər böyük valyuta ehtiyatlarının olmasında və iqtisadiyyatın dinamik şəkildə inkişafında “Əsrin müqaviləsi”nin xüsusi rolu var. Azərbaycanda iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılıb və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, çünki ölkəmizin böyük potensialı var. Göründüyü kimi, mənbəyini “Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensial hazırda Azərbaycanı regionun lider dövlətinə çevirib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?