Sahibkarlıq subyektlərinə “Startap” şəhadətnamələri verilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlıq subyektlərinə ilk “Startap” şəhadətnamələri təqdim olunub.
KOBİA-dan bildirilib ki, bunlar müvafiq elektron resurslardan və mobil tətbiqlərdən istifadə etməklə vətəndaşlara və sahibkarlara müxtəlif xidmətlər təklif edən “Çak-çuk”, “Dr.Agro” və “Bonpini” onlayn platformalarıdır. “Cyber Security Lab” MMC
nin www.cakcuk.az platforması ev təmizliyi, usta, bərbərxana kimi 180-dək istiqamət üzrə xidmət göstərən işçiləri və işəgötürənləri bir araya gətirməklə, onlar arasında körpü rolunu yerinə yetirir, eyni zamanda, leqal sahibkarlığı və rəsmi məşğulluğu təşviq edir. “Bonpini” MMC-nin www.bonpini.az onlayn platforması isə fərdi yaşayış sahələrinin icarədarları üçün xidmətlər təklif edir. “Dr.Agro” MMC-nin “Dr.Agro” proqramı (www.dragro.az) kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslərə əkini planlama, büdcənin hesablanması, aqronomdan məsləhət almaq, fərdi gübrələmə və dərmanlama planları, torpaq və su analizləri kimi xidmətlərdən istifadə imkanı verir. “Startap” şəhadətnaməsi KOB subyektlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Qeyd edək ki, “Startap” şəhadətnaməsini almaq üçün sahibkarlıq subyektləri KOBİA-ya müraciət etməlidir. Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na uyğun gələn müraciətlərə Ekspertlər Şurası tərəfindən baxılır və “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilir. Ekspertlər Şurasında İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının nümayəndələri, müstəqil ekspert qismində isə “Azərbaycanda İnternetin İnkişafı Forumu” İctimai Birliyi, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nəzdində fəaliyyət göstərən “İnnovasiyalar və rəqəmsal texnologiyalar” üzrə komissiya təmsil olunur. Ətraflı məlumat üçün: https://bit.ly/3dETJqw