Torpaq vergisi
Fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisinin vergitutma obyekti sayılır
Torpaq vergisinin ödəyiciləri
Mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər torpaq vergisinin ödəyiciləridir. Fiziki şəxslər və bələdiyyə müəssisələri mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra 1 ay ərzində bələdiyyələrdə uçota durmalıdırlar. Torpaq üzərində fiziki şəxsin xüsusi mülkiyyət hüququ dövlət torpaq və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin əsasında yaranır. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə edilməsidir. Torpaqdan istifadə hüququ daimi, qısamüddətli və uzunmüddətli ola bilər. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Torpaqdan müvəqqəti istifadə qısamüddətli (on beş ilədək) və uzunmüddətli (on beş ildən doxsan doqquz ilədək) müəyyən edilə bilər.
Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara görə torpaq vergisi hesablanmadığı üçün belə torpaqlar digər şəxslərə istifadəyə verilərkən torpaq vergisinin vergitutma obyekti yaranır və vergisi onu istifadəyə götürən şəxslər tərəfindən ödənilir. Xüsusi mülkiyyətdə olan torpaqlara görə torpaq vergisi onun mülkiyyətçisi tərəfindən ödənildiyi üçün belə torpaqlar digər şəxslərə istifadəyə verilərkən onu istifadəyə götürən şəxslərdən həmin torpağa görə vergi ödənilməsi tələb olunmur.
Torpaq sahələri üzərində hüquqlar müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq, torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır.
Verginin dərəcəsi, hesablanması və ödənilməsi qaydası
Kənd təsərrüfatı torpaqlarına görə torpaq vergisi onların təyinatı üzrə istifadə edilməsindən asılı olaraq hesablanır. Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının vergi dərəcələri torpaqların təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti ballar əsasında torpaq sahəsinin hər bir hektarına görə hesablanır. Bir şərti balın qiyməti 6 qəpikdir (şərti ballar Nazirlər Kabineti tərəfindən müəyyən edilir).
Kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir.
Verginin ödənilməsi müddəti
Fiziki şəxslərə torpaq vergisi torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən müvafiq ərazinin bələdiyyəsi tərəfindən hər il iyulun 1-dək hesablanılır. Torpaq sahəsi bir neçə fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikilinin altında olduqda və ya torpaq sahəsi onlara xidmət üçün ayrıldıqda, vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır və bələdiyyə tərəfindən hesablanmış torpaq vergisinin məbləği, ödənilmə müddəti barədə "Tədiyyə bildirişi" tərtib olunur və avqust ayının 1-dən gec olmayaraq fiziki şəxslərə çatdırılır. Torpaq vergisi fiziki şəxslər tərəfindən bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Vergi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, o, müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.
Güzəşt və azadolmalar
Vergi Məcəlləsinin 207.2-ci maddəsinə əsasən, bu Məcəllənin 102.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Milli qəhrəmanları, Sovet İttifaqı və Sosialist Əməyi qəhrəmanları, müharibə əlilləri, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri), 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır.
FƏXRİYYƏ