Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası növbəti iclasını keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 17 mart tarixli Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının videokonfrans formatında növbəti iclası keçirilib.
İclasda dövlət başçısının 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində 2020-ci il ərzində görülən işlər, əldə edilən nəticələr, qarşıda duran vəzifələr müzakirə edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində 2020-ci il ərzində görülmüş işlər, əldə edilmiş nailiyyətlər barədə məlumat verib. Komissiyanın sədri qeyri-formal məşğulluğun əmək bazarının tənzimlənməsinə, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmasına ciddi maneə yaratdığını vurğulayıb. O, qeydiyyatsız əmək fəaliyyətinin qarşısının alınması sahəsində son illər dövlət tərəfindən sistemli və məqsədyönlü tədbirlər həyata keçirildiyini qeyd edib. Həmin tədbirlərin vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına xidmət etdiyini bildirib.
İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Komissiyanın Qanunvericilik və idarəetmə üzrə işçi qrupunun rəhbəri Anar Əliyev “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində hazırlanmış qanunvericilik layihələrini diqqətə çatdırıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, Komissiyanın Qeyri-formal məşğulluq nəticəsində yaranan gəlirlərin gizlədilməsinin səbəblərinin araşdırılması üzrə işçi qrupunun rəhbəri İlkin Vəliyev çıxış edərək xidmət (ictimai iaşə) sahəsində qeydiyyatsız əmək fəaliyyətinin qarşısının alınması sahəsində görülmüş tədbirlər, aparılan islahatlar və vergi nəzarəti tədbirləri barədə məlumat verib.
Müzakirələrdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və iqtisadiyyat nazirinin müavini Elnur Əliyev çıxış edərək müzakirə olunan məsələlərə münasibət bildiriblər.
“Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar dövlət başçısına təqdim ediləcək hesabatın layihəsi müzakirə edilərək qəbul olunub.
Komissiyanın sədri qarşıda duran vəzifələrin icrası, o cümlədən qeyri-formal məşğulluğun xarakterik olduğu sahələr (tikinti, ictimai iaşə, nəqliyyat) üzrə qanunvericilik aktlarının təkmilləşdirilməsi, bu sahələr üzrə nəzarətin, əmək müqaviləsi bağlamağa stimullaşdıran tədbirlərin, müvafiq mövzuda təbliğat-təşviqat məqsədli maarifləndirmə işlərinin gücləndirilməsinə dair tapşırıqlar verib.