Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin dəyəri 6 milyard dollar təşkil edib
Yanvar-sentyabr ayları üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi dəyəri 6 milyard dollar təşkil edib.
Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bunun 4 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2 milyard dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında yaranan kəsir 11,4 faiz artaraq 2 milyard dollar olub.
Hesabat dövründə neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1,8 milyard dollar (38,7 faiz artım) olub. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 0,2 milyard dollar (2,4 dəfə azalma) təşkil edib.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 35 faizi nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2,1 milyard dollar olan nəqliyyat xidmətlərinin 55,1 faizi qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1,2 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 0,9 milyard dollar təşkil edib. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 31,7 faiz artıb, idxalı isə 7,9 faiz azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə 2019-cu ilin 9 ayında 0,2 milyard dollar olan kəsir cari ilin eyni aylarında 0,2 milyard dollar profisitlə əvəzlənib.
Doqquz ayda qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 4,3 dəfə azalaraq 0,6 milyard dollar təşkil edib. Hesabat dövrü ərzində turizm xidmətləri üzrə idxalın (352,6 milyon dollar) ixracı (286,4 milyon dollar) üstələməsi nəticəsində 66,2 milyon dollar həcmində kəsir yaranıb.
Bu müddətdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 74,5 faiz, ölkəmizə gələn xarici vətəndaşların sayı isə 71,6 faiz azalıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 352,6 milyon dollar olub. Bunun 87 faizi Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.
Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri 26,6 faiz azalaraq 20,6 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 29,1 faiz azalaraq 486,5 milyon dollar olub.