Teymur Nadiroğlu: “Çinin müxtəlif şəhərlərində yeni ticarət evlərinin açılması danışıqların gündəmindədir” II HİSSƏ
Müsahibənin əvvəlki hissəsi ilə buradan tanış olmaq olar.
- Azərbaycanın Çindəki ticarət evlərinin genişləndirilməsi planlaşdırılırmı? Məhsul çeşidinin artırılması istiqamətində hansı işlər görülür?
- Hazırda Çinin altı şəhərində yerləşən yeddi Azərbaycan Ticarət Evi və bu ölkənin məşhur e-kommerisya platforması olan “JD.Com”da bir onlayn Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Əsasən çinli tərəfdaşların investisiyaları hesabına yaradılmış bu ticarət evləri Azərbaycanın ixracın təşviqi mexanizmində istifadə olunan çoxsaylı alətlərdən biridir və ölkənin Çin bazarındakı mövcudluğunu gücləndirir. Onlar yalnız Azərbaycan məhsullarının təqdimatı ilə məhdudlaşmır, eyni zamanda ölkəmizin investisiya və turizm potensialının təbliğində də mühüm rol oynayırlar. Çinin müxtəlif şəhərlərində yeni ticarət evlərinin açılması hazırda potensial investorlarla aparılan danışıqların gündəmindədir. Əvvəllər bu sahəyə investor cəlb etmək daha çətin idisə, bu gün artıq investorlar özləri maraq göstərir, əməkdaşlıq təşəbbüsləri irəli sürürlər. Bu isə seçim prosesini daha strateji yanaşma tələb edən mərhələyə gətirib çıxarır. Seçim zamanı ticarət evinin təşəbbüskarının satış və distribütorluq imkanları, həmçinin Azərbaycan məhsullarının uzunmüddətli tanıdılması və ölkəmizin iqtisadi imicinin təşviqində oynaya biləcəyi rol əsas meyarlar kimi nəzərə alınır. Məhsul çeşidinin artırılması istiqamətində də paralel işlər aparılır və bu məsələlər açılacaq yeni ticarət evlərinin strukturunda və funksionallığında öncədən planlaşdırılır.
- Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündə rolu hansı yeni çalarlar qazanır?
- Çinlə münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ölkəmizin "Bir kəmər, bir yol" təşəbbüsündə roluna yeni çalarlar əlavə edir. Azərbaycan artıq sadəcə coğrafi keçid ölkəsi deyil, həm də bu təşəbbüsün fəal iştirakçısı və tərəfdaş ölkə statusunu qazanmaqdadır. Bu prosesdə respublikamızın Orta Dəhlizdəki mövqeyi daha da aktuallaşır və təşəbbüsün əsas dayağı kimi önə çıxır. Əldə olunan irəliləyişlər sayəsində Azərbaycan təkcə tranzit funksiyası ilə kifayətlənmir, həmçinin bu qlobal əməkdaşlıq təşəbbüsü çərçivəsində logistika, sənaye əməkdaşlığı, yaşıl enerji və rəqəmsal bağlantı kimi sahələrdə də fəal iştirak etməyə başlayır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və sənaye parkları kimi layihələr ölkəmizin bu təşəbbüs çərçivəsində beynəlxalq ticarət və istehsal zəncirində mövqeyini gücləndirir. Eyni zamanda, Azərbaycanın “Bir kəmər, bir yol”a verdiyi dəstək ölkəmizin Çinlə Avropa, Mərkəzi Asiya və Yaxın Şərq arasında dayanıqlı körpü rolunu oynamasına gətirib çıxarıb.
- Azərbaycan ilə Çin arasında iqtisadi münasibətlərdə qarşıdakı illər üçün əsas prioritetlər nələrdir?
- Ən vacib istiqamətlərdən biri ticarət dövriyyəsinin artırılmasıdır. Bu kontekstdə Azərbaycan öz qeyri-neft məhsullarının, xüsusilə kənd təsərrüfatı və qida sənayesi məhsullarının Çin bazarına çıxışını genişləndirmək üçün fəal siyasət həyata keçirir. Yuxarıda qeyd etdiyim kimi, bir neçə növ kənd təsərrüfatı məhsulunun Çinə ixrac icazələrinin alınmasına dair danışıqlar davam edir. Birgə investisiya layihələrinin təşviqi də prioritet sahələrdəndir. İstehsalın lokallaşdırılması, alternativ enerji və nəqliyyat-logistika sahələrində Çin investorlarının Azərbaycana cəlb olunması istiqamətində geniş imkanlar araşdırılır. Bu baxımdan, nəqliyyat və logistika əməkdaşlığının gücləndirilməsi xüsusi önəm daşıyır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələr Çin üçün Avropa bazarlarına çıxış imkanlarını genişləndirən əsas marşrutlar sırasındadır.
Bərpaolunan enerji sahəsində tərəfdaşlığın inkişafı da mühüm yer tutur. Azərbaycanın günəş və külək enerjisi potensialı ilə Çinin yaşıl enerji texnologiyaları sahəsindəki təcrübəsi birgə layihələr üçün əlverişli zəmin yaradır. Bu sahədə Çin şirkətləri Azərbaycanda çox fəal iş aparırlar və artıq bu istiqamətdə bir neçə layihəyə start verilib. Turizm sahəsində də əməkdaşlığın genişləndirilməsi əsas hədəflər sırasındadır. Vizasız gediş-gəliş rejimi fonunda qarşılıqlı turist axınının artması gözləniləndir. Bundan əlavə, texnologiya və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivli istiqamətlərdən hesab olunur. İnnovasiya sahəsində birgə təşəbbüslər və rəqəmsal iqtisadiyyat layihələri bu əməkdaşlığa yeni dinamizm qazandıra bilər.
Ümumilikdə, Azərbaycan ilə Çin arasında iqtisadi münasibətlərin gələcək inkişafı qarşılıqlı strateji maraqlar və ortaq məqsədlər əsasında formalaşır və hər iki tərəf bu əməkdaşlığı daha da dərinləşdirməkdə qərarlıdır.
Birgə investisiya layihələrinin təşviqi prioritet sahələrdəndir
- Çin bazarının özəllikləri, yerli istehlakçıların əsas tələbləri nəzərə alınmaqla Azərbaycan ixracatçıları bu ölkəyə ixrac imkanlarını artırmaq üçün əsasən nələrə diqqət etməlidirlər?
- Çin bazarı reallıqda çox mürəkkəb və yüksək rəqabətli mühitdir. Bu bazarda iştirak edən ölkələrin sayı kifayət qədər çoxdur və hər biri Çin bazarının strateji əhəmiyyətini nəzərə alaraq, burada möhkəmlənməyə çalışır. Nəticə etibarilə rəqabət son dərəcə kəskindir və yalnız qiymət deyil, məhsulun keyfiyyəti, fərqliliyi, yerli istehlakçının tələblərinə uyğunlaşdırılması və brendləşmə strategiyası da uğurun əsas şərtlərindəndir. Burada məhsulun ekoloji təmizliyi, keyfiyyəti və rəqabətədavamlı qiymət siyasəti əsas meyarlar sırasındadır. Çin bazarına daxil olmaq və orada uğur qazanmaq üçün qısamüddətli yanaşma yetərli deyil, uğurlu ixrac üçün uzunmüddətli, mərhələli və adaptiv strategiya tələb olunur – buraya məhsulun sertifikatlaşdırılması, yerli distribütorlarla işləmək, marketinq fəaliyyətlərinə yatırım və istehlakçının davranış modelini dərindən öyrənmək daxildir.
- Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyi işgüzar dairələr arasında əməkdaşlığı aktivləşdirmək üçün hansı addımlar atır? Məsələn, biznes forumları, əlaqə birjaları, ikitərəfli ticarət palataları və s. alətlərin tətbiqi haqqında nələri qeyd etmək olar?
- Azərbaycanın biznes mühitinin təqdimatı, investorlara təklif olunan imtiyazlar və onların potensial layihələrə cəlb edilməsi məqsədilə Çinin müxtəlif şəhərlərində forumlar, konfranslar və təqdimatlar təşkil olunur. Bu platformalar işgüzar əlaqələrin qurulması və genişləndirilməsi, həmçinin Azərbaycana çinli investorların cəlb edilməsi baxımından mühüm rol oynayır. Xatırladım ki, 2025-ci il aprelin 17-də Pekin şəhərində keçirilmiş Çin-Azərbaycan sənaye və investisiya təşviqi konfransı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirlyində ticarət nümayəndəsinin Aparatı və Çin Milli İnkişaf və İslahat Komissiyasının Beynəlxalq Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Təxminən 250 nəfərin iştirak etdiyi konfransda iki ölkə arasında əməkdaşlığın inkişafı və ağır, yüngül sənaye, istehsalın lokallaşdırılması kimi sahələrdə birgə investisiya layihələrinin həyata keçirilməsi məqsədilə 13 əməkdaşlıq sənədi imzalanıb.
Bundan əlavə, hər il mütəmadi olaraq potensial çinli investorların Azərbaycana səfərləri təşkil olunur. Bu səfərlər çərçivəsində onlar ölkəmizin sənaye parkları, Ələt Azad İqtisadi Zonası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə yaxından tanış olurlar, həmçinin yerli potensial tərəfdaşlarla görüşlər keçirilir və layihələrin həyata keçirilməsi üzrə müzakirələr aparılır. Bu cür səfərlərin böyük əhəmiyyəti var. Atalar sözünü xatırlayaq: “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır". Doğrudan da Azərbaycana gələn çinli investorların ölkəmizin biznes mühiti və sərmayədarlar üçün yaradılmış əlverişli şərait haqqında əyani təəssüratları yaranır ki, bu da onların investisiya layihələrini həyata keçirməkdə əminlik qazanmalarına səbəb olur.
Eyni zamanda, işgüzar dairələr arasında ticarət əməkdaşlığının gücləndirilməsi məqsədilə il ərzində Çində keçirilən beynəlxalq sərgilərdə "Made in Azerbaijan" məhsullarının nümayişi təmin edilir. Şərabçılıq, şərab məhsullarının təbliği və satışının artırılması üçün master-klass və dequstasiya tədbirləri təşkil olunur. Həmçinin, məhsullarını Çinə ixrac etmək istəyən Azərbaycan şirkətlərinə müvafiq dəstək göstərilir və onlar potensial çinli idxalçılarla əlaqələndirilir. Bu tədbirlər Azərbaycan məhsullarının Çin bazarında daha çox tanınması və qarşılıqlı faydalı ticarət əlaqələrinin qurulması məqsədi daşıyır.
Hüseyn VƏLİYEV
