15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Teymur Nadiroğlu: “Azərbaycan və Çin iqtisadi əməkdaşlığı daha da dərinləşdirməkdə qərarlıdırlar” I HİSSƏ

•    "Bir kəmər, bir yol" təşəbbüsü ilə Azərbaycanın strateji layihələrinin uzlaşması qarşılıqlı iqtisadi maraqları daha da gücləndirir; 

•    Çinin müxtəlif şəhərlərində yeni ticarət evlərinin açılması hazırda potensial investorlarla aparılan danışıqların gündəmindədir;

•    Çinin yaşıl enerji texnologiyaları sahəsindəki təcrübəsi birgə layihələr üçün əlverişli zəmin yaradır.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin genişlənməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində imzalanmış mühüm sənədlər qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradır. Bu sənədlərin verəcəyi töhfələr barədə “vergiler.az”a  Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsi Teymur Nadiroğlu danışıb.
 

- Teymur müəllim, 2025-ci ildə Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”, həmçinin əldə edilmiş razılaşmalar münasibətlərin yeni keyfiyyət mərhələsinə yüksəlişini nümayiş etdirir. Bu barədə fikirlərinizi bilmək istərdik.

- Cənab Prezidentin Çinə dövlət səfəri çərçivəsində Azərbaycan ilə Çin arasında imzalanmış Birgə Bəyanat və əldə edilmiş razılaşmalar ikitərəfli münasibətlərin daha da dərinləşməsinə və əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edir. Səfər çərçivəsində aparılan danışıqlar və imzalanmış sənədlər Azərbaycan-Çin əlaqələrinin yalnız regional səviyyədə deyil, həm də qlobal iqtisadi əməkdaşlıq müstəvisində inkişafı üçün möhkəm təməl formalaşdırır. Azərbaycanın strateji coğrafi mövqeyi və təşəbbüskarı olduğu beynəlxalq nəqliyyat və logistika layihələri ölkəmizi Çin üçün mühüm tərəfdaşa çevirir. Bu baxımdan, "Bir kəmər, bir yol" təşəbbüsü ilə Azərbaycanın strateji layihələrinin uzlaşması qarşılıqlı iqtisadi maraqları daha da gücləndirir. Enerji, o cümlədən yaşıl enerji, neft-kimya, yüksək texnologiya və innovasiyalar, istehsal sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirə olunan məsələlər ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Azərbaycanın strateji coğrafi mövqeyi və təşəbbüskarı olduğu
beynəlxalq nəqliyyat və logistika layihələri ölkəmizi Çin üçün mühüm tərəfdaşa çevirir

- Səfər çərçivəsində imzalanmış sənədlər, xüsusilə iqtisadi və investisiya sahəsindəki razılaşmalar iki ölkə arasında əlaqələrin inkişafına necə təsir göstərəcək? Bu sənədlər yaxın və orta perspektivdə hansı nəticələri vəd edir?

- İmzalanmış sənədlər, xüsusilə iqtisadi və investisiya sahəsində əldə olunan razılaşmalar Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Əgər Birgə Bəyanat çərçivə rolunu oynayırsa, imzalanmış digər sənədlər bu çərçivənin konkret tətbiq mexanizmini və istiqamətlərini müəyyən edir. Bu əməkdaşlığın əsasında duran başlıca məqsədlərdən biri – ikitərəfli iqtisadi əlaqələrin daha yüksək keyfiyyətli mərhələyə keçirilməsi və konkret sahələr üzrə fəaliyyətin dərinləşdirilməsidir. İmzalanmış iqtisadi və investisiya razılaşmaları, ilk növbədə, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birgə istehsal və emal müəssisələrinin yaradılması, nəqliyyat-logistika şəbəkələrinin genişləndirilməsi, bərpaolunan enerji layihələrinin həyata keçirilməsi və yüksək texnologiyalar sahəsində tərəfdaşlığın inkişafı kimi prioritet istiqamətləri əhatə edir.

Əldə olunan razılaşmalar Çin şirkətlərinin Azərbaycanda və regionda daha fəal iştirakı üçün şəraitin yaradılmasına, eləcə də iki ölkənin qlobal ticarət və enerji layihələrində sıx əməkdaşlıq etməsinə zəmin hazırlayır, ümumilikdə isə qarşılıqlı strateji əməkdaşlığı daha da gücləndirərək, tərəflərin maraqlarına əsaslanan uzunmüddətli və davamlı tərəfdaşlıq modelinin qurulmasına xidmət edir.

Əldə olunan razılaşmalar iki ölkənin qlobal ticarət və
enerji layihələrində sıx əməkdaşlıq etməsinə zəmin hazırlayır


- Rəqəmsal iqtisadiyyat sahəsində investisiya əməkdaşlığı üzrə memorandumda nəzərdə tutulan əsas istiqamətlər hansılardır?

- Rəqəmsal iqtisadiyyatın inkişafı ölkəmizin əsas prioritetlərindəndir. Bu sahədə qabaqcıl təcrübə və texnoloji üstünlüklərə malik olan Çin ilə rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlıq sənədinin imzalanması mühüm əhəmiyyət daşıyır. Sənəd həm sənaye transformasiyası, həm də qarşılıqlı faydalı texnoloji və maliyyə mübadiləsi üçün əlverişli zəmin yaradır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında imzalanmış “Rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığını gücləndirmək haqqında Anlaşma Memorandumu” bir sıra əsas istiqamətləri əhatə edir. Bu sıraya teleiş, teletibb və mobil ödənişlər kimi yeni biznes formatlarının və modellərinin təşviqi, süni intellekt və bulud texnologiyaları kimi mütərəqqi texnologiyaların istehsal, maliyyə, təhsil və səhiyyə sahələrinə inteqrasiyası, rəqəmsal iqtisadiyyatla bağlı strategiya, norma və standartların uyğunlaşdırılması, eləcə də ağıllı logistika, ağıllı saxlama, onlayn və oflayn nümayiş platformaları, əşyaların interneti və maliyyə texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi daxildir. Memorandumda bu sahələr üzrə birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsi əsas qeyd olunan məsələlərdəndir. Bu əməkdaşlıq Azərbaycanın rəqəmsal transformasiya prosesini sürətləndirmək və beynəlxalq rəqəmsal iqtisadi məkanda rəqabət qabiliyyətini artırmaq baxımından mühüm rol oynayacaq.

Çinin qabaqcıl təcrübəsi və investisiya potensialı,
Azərbaycanın isə sənaye infrastrukturu və dayanıqlı inkişaf
hədəfləri tərəfdaşlığın qarşılıqlı faydalı və praktik olmasını vəd edir

- İqtisadi baxımdan əhəmiyyət daşıyan digər sənəd sənaye sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumudur. Hazırda bu sektor üzrə bir sıra layihələr icra olunur. Yaxın gələcəkdə hansı yeni istiqamətlər üzrə işbirliyini proqnozlaşdırmaq olar?

- Sənayenin müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında sənaye sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanması mühüm əhəmiyyət daşıyır. Bu sənəd çərçivəsində tərəflər arasında sənaye sektorunda qarşılıqlı fəaliyyətin daha məqsədyönlü şəkildə inkişaf etdirilməsi nəzərdə tutulur. Yaxın perspektivdə əməkdaşlığın bu istiqamətlərdə intensivləşməsi gözlənilir: neft-qaz və kimya sənayesi, metallurgiya və dağ-mədən sənayesi, tikinti materiallarının istehsalı, tekstil, əczaçılıq sənayesi, bərpaolunan enerji və sənaye inkişafının iqlim dəyişikliklərinə təsirinin azaldılması üzrə texnoloji tərəfdaşlıq və sair. Bundan əlavə, sənaye tullantılarının idarə olunması və emalı, həmçinin Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi və rəqəmsallaşma sahəsində birgə layihələrin reallaşdırılması gündəmdədir. Çinin bu sahələrdə qabaqcıl təcrübəsi və investisiya potensialı, Azərbaycanın isə sənaye infrastrukturu və dayanıqlı inkişaf hədəfləri tərəfdaşlığın qarşılıqlı faydalı və praktik olmasını vəd edir.

Vizasız gediş-gəliş rejiminin tətbiqi iki ölkə arasında iqtisadi
əməkdaşlığın daha da genişlənməsinə əhəmiyyətli təsir göstərəcək

- Ümumvətəndaş pasportlarına malik vətəndaşların vizasız gediş-gəlişi iqtisadi baxımdan hansı sahələrə müsbət təsir göstərə bilər?

- Ümumvətəndaş pasportlarına malik Azərbaycan və Çin vətəndaşları arasında vizasız gediş-gəliş rejiminin tətbiqi iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsinə əhəmiyyətli təsir göstərəcək. Bununla bir sıra sahələrdə müsbət dinamika stimullaşdırılacaq. İlk növbədə, turizm sektoru bu qərardan birbaşa faydalanacaqdır. Vizasız rejim qarşılıqlı turist axınını artıracaq, otellərin, nəqliyyat xidmətlərinin, iaşə obyektlərinin və digər turizm infrastrukturu sahələrinin inkişafına təkan verəcəkdir. Bu isə öz növbəsində, məşğulluğun artmasına və qeyri-neft sektorunun gücləndirilməsinə xidmət edəcəkdir.

İkinci mühüm istiqamət biznes əlaqələrinin sürətlənməsidir. İş adamlarının sərbəst və daha tez-tez səfər edə bilməsi birbaşa görüşlərin, sərgi və forumlarda iştirakın artmasına, yeni investisiya layihələrinin və birgə müəssisələrin yaradılmasına səbəb olacaq, nəticə etibarilə isə ticarət dövriyyəsinin genişlənməsinə və qarşılıqlı sərmayələrin həcminin artmasına şərait yaradacaqdır.

Ümumilikdə, vizasız gediş-gəliş rejimi Azərbaycan və Çin arasında iqtisadi, humanitar və mədəni sahələrdə əlaqələrin intensivləşməsinə, iki ölkənin strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə töhfə verəcəkdir.

Ardı var...

Hüseyn VƏLİYEV

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?