12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fərhad Qaraşov: “Nar ixracını şaxələndirməyi hədəfləyirik” MÜSAHİBƏ

Meyvə və tərəvəz məhsulları Azərbaycanın qeyri-neft ixracında ciddi paya sahibdir. Ölkəmizdə yetişdirilən meyvələr istər dad, istərsə də görünüş baxımından xarici bazarlardakı piştaxtaların ön cərgəsində yer alır. Meyvə ixracında siyahıda ilk sıralarda nar da qərarlaşıb. Rəsmi rəqəmlərə əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında ölkəmizdən xaricə 29 min 359 tondan çox nar ixrac olunub. Bu, 2023-cü ilin 11 ayının göstəriciləri ilə müqayisədə 16 faizdən çox artım deməkdir. 

Bu il nar bağlarında məhsuldarlığın necə olduğu, ixrac coğrafiyasının genişləndirilməsi üçün hansı addımların atıldığı ilə bağlı “vergiler.az”ın suallarını “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov cavablandırıb. 

- Fərhad müəllim, nar bağlarında məhsuldarlıq necədir? Qeyri-sabit hava şəraitinin məhsuldarlığa hansısa təsiri hiss olunur?

- Hazırda nar bağlarında yığımla bağlı son işlər gedir. 2023-cü ilə nəzər salsaq, Azərbaycanda 187 min ton nar istehsal olunub ki, bunun da 28 min 628 tonu ixraca yönləndirilib. İxrac bazarlarımız arasında Rusiya daha çox diqqət çəkir, çünki həmin ölkəyə ötən il 24 min 313 ton nar ixrac olunub. Ukrayna bizdən 1764 ton, Gürcüstan isə 1671 ton nar alıb. Bu hələ son deyil, ötən il Azərbaycan narı 15 ölkəyə ixrac olunub ki, bunların arasında Qazaxıstan və Belarus da var. Belə ki, Qazaxıstana 441 ton, Belarusa isə 368 ton nar satılıb.

Yığım və satış prosesləri davam etdiyi üçün məhsuldarlıqla bağlı yekun fikir səsləndirmək hələ tezdir. Havaların qeyri-sabit keçməsi, sözsüz ki, nar bağlarına da təsirsiz ötüşməyib. Xüsusən dağlıq və dağətəyi bölgələrdə və aran zonasında fermerlər yağıntılarla əlaqədar məhsul yığımında çətinliklə qarşılaşıblar. Məhsullara da müəyyən qədər ziyan dəyib.

Ötən il Azərbaycan narı 15 ölkəyə ixrac olunub

- Belə hallarda fermerlər aqrar sığortaya maraq göstərirlərmi?

- Əsasən, böyük bağı olan fermerlərdə bu marağı müşahidə edirik. Mövsüm yağışları və qeyri-sabit havanın yaradacağı məhsul itkisini əvvəlcədən sığortalamaq niyyətində olan təsərrüfat sahibləri var. Bir neçə dəfə Aqrar Sığorta Fondu ilə görüşlərimiz keçirilib. Bununla bağlı təkliflər planı da var.

- Azərbaycan narını hansı yeni bazarlarda görəcəyik?

- Azərbaycan narını yeni bazarlara çıxarmağı, nar ixracını şaxələndirməyi hədəfləyirik. Daha öncə vurğuladığım kimi, məhsullarımızın əsas alıcısı Rusiyadır. Daha sonra Ukrayna və Gürcüstan bazarında təmsil olunuruq. İxracı şaxələndirmək üçün Körfəz ölkələri ilə davamlı danışıqlar aparılır. Məsələn, belə danışıqlardan biri küveytli sahibkarlarla aparılıb. Əsas hədəflər sırasında Çin bazarına çıxmaq da var. Avropaya gəlincə, bu bazar hər zaman cəlbedici görünür, lakin bu qitəyə məhsul ixracı üçün “Global Gap” sertifikatı tələb olunur.

Azərbaycan narını yeni bazarlara çıxarmağı, nar ixracını şaxələndirməyi hədəfləyirik

- Fermerlər bu sertifikatı almaq üçün nə etməlidirlər?

- “Global Gap” sertifikatı əldə etmək üçün sahibkarlar ən xırda detalları belə gözdən qaçırmamalıdırlar. Üstəlik, sertifikatın alınması üçün tələb olunan dərman və gübrələr də bahadır. Düzdür, bu vasitələr meyvənin sağlam tərkibinin qorunmasına kömək edir, amma bir məsələ var ki, Rusiya bazarına ixrac edilən meyvələr üçün istifadə olunan dərman və gübrələrdən təxminən 70 faiz daha bahadır.

Bir də onu deyim ki, tələb olunan sənədlər siyahısında “Global Gap” ilə yanaşı, dövlətlərarası razılaşmalar da olmalıdır.

- Əsas alıcımız olan ölkələrdə müharibə gedir. Bu, ixraca necə təsir edib?

- Rusiya-Ukrayna müharibəsi Azərbaycandan nar ixracına ciddi təsir göstərib. Müharibə ilk növbədə logistika xərclərini artırıb. Yaxın Şərqdə gərginlik də xərcləri günbəgün artırır. Belə olan halda fermerlər məhsullarını daha uzun yolla xarici bazara çıxarmaq məcburiyyətində qalırlar ki, bu da ciddi maliyyə və zaman itkisi deməkdir. Digər bir tərəfdən, Rusiya rublunun ucuzlaşması da fermerlərə təsirsiz ötüşmür. Elə hallar olur ki, onlar əllərindəki məhsulu maya dəyərinə satmaq məcburiyyətində qalırlar. Müqayisə üçün deyim ki, əvvəllər Rusiyaya həftədə 3-4 TIR nar ixrac etdiyimiz halda, hazırda bu rəqəm 1-ə düşüb. Yaxın vaxtlarda məzənnənin əvvəlki həddə qayıdacağı da gözlənilmir. Qiyməti artırıb bu vəziyyətdən daha az ziyanla çıxmaq da mümkün deyil. Bazarda digər oyunçular da var. Məhsul bahalaşanda satılmır. Narın yaş meyvə olduğunu da nəzərə alsaq, onu uzun müddət saxlamaq da mümkün deyil.

Azərbaycan narı “Made in Azerbaijan” brendi ilə
yerli və beynəlxalq sərgilərdə nümayiş etdirilir

- Nar məhsullarının brendləşdirilməsi üçün hansı işlər görülür?

- Azərbaycan narı “Made in Azerbaijan” brendi ilə yerli və beynəlxalq sərgilərdə nümayiş etdirilir. Bundan başqa, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) fermerlər üçün tez-tez ixracyönümlü tədbirlər təşkil edir.

Faiq KƏRİMOĞLU

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?