8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ayxan Qədəşov: “Aqrar sənaye məhsullarının ixracı üçün yeni bazarlar axtarışındayıq” MÜSAHİBƏ

Ölkəmizdə istehsal olunan qida və qeyri-qida məhsullarının dünya bazarına çıxışını dəstəkləyən “Azexport” portalı ixrac coğrafiyasını genişləndirmək məqsədilə yeni bazarları nəzərdən keçirir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu portal sahibkarların işini asanlaşdıracaq yeniliklər də təqdim edir. Məsələn, beynəlxalq sertifikatların əldə edilməsi üçün Latviya şirkəti ilə razılıq əldə olunub. Azərbaycan məhsullarını Amazon, eBay kimi beynəlxalq elektron ticarət saytlarında satan sahibkarlarımızın ödənişlərini daha rahat ala bilməsi üçün “Payoneer”lə danışıqlar gedir. “Azexport” portalının rəhbəri Ayxan Qədəşov son yeniliklərlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.

- Ayxan müəllim, daha geniş xarici bazarlara çıxış üçün hansı yeniliklər gözlənilir? Xüsusilə, ABŞ bazarı ilə bağlı planlarınız nədir?

- Hazırda “Azexport” Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması istiqamətində rəqəmsal ödəniş sistemləri və logistika şirkətləri ilə əməkdaşlığı davam etdirir. Xarici ölkələrdə Azərbaycan məhsullarının distribütorluğunu edəcək şirkətlər axtarışındayıq. ABŞ bazarına gəlincə, bu istiqamətdə ixrac edilən məhsulların sayının və kateqoriyasının artırılması üzərində iş gedir. İlkin olaraq satışa təklif etdiyimiz müxtəlif çeşidli qənnadı məhsulları diqqət çəkir. Artıq Kaliforniya, Nyu-York və Vaşinqton ştatlarında məhsullarımız satılır, digər ştatlarda də marağın yüksək səviyyədə olduğunu görürük. Qarşıdakı müddətdə ABŞ bazarında genişlənməyə, Avropa bazarında isə yeni istiqamətlərə fokuslanacağıq.

Latviyanın STC şirkəti ilə əməkdaşlıq sahibkarlarımıza aqrar sənaye
məhsullarını dünya bazarına çıxarmağa imkan yaradacaq

Azərbaycanda yeni istehsala başlayan şirkətlərlə daha yaxından əməkdaşlıq edirik. Bunu etməkdə məqsədimiz müəssisə qurulandan istehsala qədər olan prosesləri standartlara uyğunlaşdırmaqdır. Bu da gələcəkdə həmin müəssisələrin daha çox məhsul istehsalına və ixracına gətirib çıxaracaq.

- Tələb və standartları qarşılamaq üçün hansı addımlar atılır? Portal bu istiqamətdə sahibkarlara necə kömək edir?

- Bu yaxınlarda daha bir beynəlxalq şirkətlə əməkdaşlığa başladıq. Latviyanın STC şirkəti ilə əməkdaşlıq sahibkarlarımıza aqrar sənaye məhsullarını dünya bazarına çıxarmağa imkan yaradacaq. Orqanik, veqan məhsulların ixracı üçün şirkət ISO, GlobalGAP, HASP kimi vacib sertifikatların əldə olunmasına dəstək göstərəcək. Bu sertifikatı alan sahibkarlarımız rahatlıqla Avropa, Tayvan və Çin bazarlarında da təmsil olunacaqlar. Məhsullarımız bu ölkələrdəki ticarət mərkəzlərində öz yerini alacaq. Xüsusi olaraq qeyd edirəm ki, STC şirkətinin köməyi təlimlər vasitəsilə olacaq. Bu təlimlərdə yerli sahibkarlar adıçəkilən bazarlarda təmsil olunmaq üçün qaydalar və hansı formada məshul istehsal etmək lazım olduğunu öyrənəcəklər.

Xaricdən gələn qonaqlar Azərbaycan nemətlərinin dadına baxdıqda
bu məhsulların dadı, orqanik olması onları valeh edir

Onu da vurğulayım ki, xaricdən gələn qonaqlar Azərbaycan nemətlərinin dadına baxdıqda bu məhsulların dadı, orqanik olması onları valeh edir. Bu səbəbdən, məhsullarımızı yaşadıqları ölkələrin piştaxtalarında görmək istəyirlər.

- “Payoneer”lə əməkdaşlıqla bağlı hansısa yenilik varmı?

- Sahibkarların satdıqları məhsulların ödənişlərini daha rahat ala bilməsi üçün “Payoneer”lə intensiv danışıqlar gedir. Paralel olaraq, bu mövzuda ölkəmizdəki tənzimləyici qurumlarla da danışıqlar aparırıq. Azərbaycan məhsullarının Amazon, eBay və digər elektron ticarət platformalarında satışa çıxarılması zamanı rəqəmsal ödənişlərin dəstəklənməsi elektron ticarətin ixrac imkanlarının önünü açmış olacaq.

- Hazırda sərbəst satış sertifikatlarına böyük maraq müşahidə edilir. Bu sertifikatların üstünlüyü nədən ibarətdir? Sertifikatı əldə edən sahibkarlar hansı imkanlardan faydalanırlar?

- Biz, dövlət qurumu olaraq, alıcı tərəfi əmin etməliyik ki, təqdim etdiyimiz məhsul Azərbaycan ərazisində sərbəst şəkildə dövriyyədədir. Yəni idxalçı tərəf deyir ki, hər hansı bir məhsulu öz vətəndaşlarınıza rəva bilirsinizsə, o zaman ala bilərik. O ki qaldı sahibkarların bu sertifikatı necə əldə etməyinə, bunun üçün uzun növbələr gözləməyə, laborator analizlər verməyə ehtiyac yoxdur. İstehsalçı şirkətdən, sadəcə, topdansatış məntəqələri ilə bağlanmış müqavilələri tələb edirik. Digər bir tələbimiz isə məhsulun istehsalla bağlı sənədləridir. Malın ölkə ərazisində yerləşən marketlərdə, yaxud hotel və restoranlarda real satışının aparıldığını gördükdən sonra şirkətləri sərbəst satış sertifikatı ilə təmin edirik.

2018-ci ilin aprelindən 2024-cü ilin noyabrına kimi 746 adda məhsula sərbəst satış sertifikatı verilib. Son zamanlar dünya bazarında qida ilə bağlı tələblər sərtləşdiyindən, bu tip sertifikatlara da tələb artıb. Əsasən ABŞ, Avropa Birliyi, Körfəz ölkələri bu sertifikatlarla bağlı ciddi tələblər irəli sürürlər. Onu da deyim ki, “Azexport”un verdiyi sertifikatlar dünya standartlarına tam uyğundur və beynəlxalq səviyyədə tanınır.

Azərbaycan məhsullarının Amazon, eBay və digər elektron ticarət platformalarında
satışa çıxarılması zamanı rəqəmsal ödənişlərin dəstəklənməsi elektron ticarətin
ixrac imkanlarının önünü açmış olacaq

Yeri gəlmişkən, ən son sərbəst satış sertifikatı Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən müəssisəyə verilib. Orada istehsal olunan məhsullar Afrika ölkəsinə - Efiopiyaya ixrac ediləcək. Vafli, peçenye və digər şirniyyatlar satışa təqdim olunacaq.

- Bildiyimizə görə, bu yaxınlarda Şri-Lanka Azərbaycan bazarını araşdırdığını açıqlayıb. Əsasən hansı məhsullara maraq göstərirlər?

- Bir müddət əvvəl Şri-Lankadan olan topdansatış məntəqəsinin nümayəndələri ölkəmizdə səfərdə olublar. “Azexport” portalı olaraq, bir neçə yerli şirkətlə danışıq aparıb istehsal etdikləri məhsullarla qonaqların tanış olmaları üçün şərait yaratmışıq. Şri-Lanka nümayəndələri nar məhsulları, xüsusən nar şirəsi, nar sousu və faraş nar məhsulu almaqda maraqlı olduqlarını bildirdilər. Düşünürük ki, Azərbaycanda istehsal olunan bu məhsullar həm görünüşünə, həm də dadına görə təkcə bu ölkədə deyil, Hindistanda da insanların ağız dadını dəyişəcək. Hazırda əməkdaşlığın ilkin mərhələsindəyik. Xarici bazara bu məhsulun hansı çeşidlərinin ixrac olunacağı müzakirə edilir.

2018-ci ilin aprelindən 2024-cü ilin noyabrına kimi
746 adda məhsula sərbəst satış sertifikatı verilib

- “Azexport”un Türk dövlətləri ilə əlaqələrində nə kimi yeniliklər var?

- Hazırda xüsusilə Özbəkistanla yaxından əməkdaşlıq edirik. Bir müddət əvvəl Azərbaycandan bu ölkəyə səfər edən nümayəndə heyətinin tərkibində portalın nümayəndələri də təmsil olunurdular. Bu səfər zamanı Özbəkistanda yerləşən üzüm platforması ilə razılıq əldə etdik. Bundan sonra ölkəmizdə istehsal edilən üzüm məhsulları “Azexport”un dəstəyi ilə Özbəkistanın onlayn ticarət bazarına təqdim olunacaq.
Sözsüz ki, rəqəmsal ticarət genişləndikcə, bu sahəyə olan maraq da artır. Ticarətin rəqəmsallaşması ilə paralel olaraq, ixtisaslı kadrların çatışmazlığı da özünü göstərir. Bu baxımdan, Özbəkistanın müvafiq təhsil qurumu ilə elektron ticarət mövzusunda ixtisaslı kadrların hazırlanması üçün təlimlər və forumlar təşkil etmək barədə də razılığa gəldik.

Faiq KƏRİMOĞLU

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?