6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qaimələrin elektron formada təqdim edilməsi şəffaflığa zəmin yaradır

Qaimələrin elektron formada təqdim edilməsi şəffaflığa zəmin yaradır

2018-ci il yanvarın 1-dən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim etməlidir. Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilir. Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə müəyyən edilir.

Nazirliyin şərhi

Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov bildirib ki, elektron qaimə-fakturaların tətbiqi həm idxal olunan malların, həm də ölkə daxilində istehsal edilən malların satış dövriyyələrinin əhəmiyyətli şəkildə şəffaflaşmasına şərait yaradıb: "Elektron qaimə-fakturalar birmənalı şəkildə bütün sahibkarlıq subyektlərində tətbiq edilir.

Kassa aparatlarının tətbiqi məcburi olan iaşə, pərakəndə ticarət sahələrində istehlakçılara mallar, işlər, xidmətlər təqdim olunarkən qaimə-fakturaların tətbiqi nəzərdə tutulmur. Elektron qaimə-fakturalar sahibkarlıq subyektləri arasındakı əməliyyatlara aiddir və bu, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə tənzimlənir".

Baş direktor elektron qaimə-fakturaların sahibkarlar üçün çox mühüm üstünlüklər yaratdığını da diqqətə çatdırıb. Deyib ki, kağız daşıyıcıda olan qaimə-fakturaların tamamilə aradan qaldırılması və əməliyyatların rəsmiləşdirilməsinin elektron qaydada aparılması sahibkarların işini daha da asanlaşdırıb: "Əvvəllər sahibkarlar kağız qaimələri sifariş etmək üçün mətbəələrə müraciət edirdi ki, bu da həm vaxt itkisinə, həm də maliyyə məsrəflərinə səbəb olurdu. Artıq belə bir elektron xidmətin istifadəyə verilməsi, elektron qaimə-fakturaların bütün ölkə üzrə tətbiqi həm sahibkarlar tərəfindən məmnunluqla qarşılanır, həm də Vergilər Nazirliyi tərəfindən dövriyyələrin distant formada izlənilməsinə imkan yaradır".

İqtisadçı rəyi

İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, qanunvericiliyə uyğun olaraq e-qaimə -faktura sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların və xidmətlərin alışı zamanı mütləq xarakter daşıyır və 2018-ci ildən etibarən müvafiq öhdəliyin yerinə yetirilməməsi sanksiya predmeti hesab edilir. Bu zaman tətbiq edilən sanksiyanın həcmi sahibkarın aldığı mal və xidmətlərin 40 faizinə qədər yüksələ bilir. Bu nə deməkdir? Tutaq ki, hər hansı bir sahibkar 10.000 manat məbləğində məhsul alışını həyata keçirib, e-qaimə-faktura tələb etməyib. Əgər bu hal artıq 3-cü dəfə baş verirsə, bu zaman subyektə 4.000 manat məbləğində sanksiya tətbiq edilir. Amma, təəsüfflə qeyd etmək lazımdır ki, hələ də iqtisadiyyatın mövcud infrastrukturu sahibkarların qanuni fəaliyyəti üçün ciddi problem yaradır.

E-qaimənin sahibkar üçün aşağıdakı müsbət tərəfləri var:

Birincisi, sahibkar qanunvericiliyin müvafiq tələblərinə uyğun fəaliyyət göstərərək xərcləmələri həyata keçirə bilir. Bilirsiniz ki, 2017-ci ildən etibarən fiziki şəxslər ayda 15 min manat, hüquqi şəxslər isə 30 min manat nağd əməliyyat apara bilər. Bank köçürmələri ilə isə yalnız qanuna uyğun əməliyyatlar həyata keçirilə bilir. Bu zaman sahibkar e-qaimə-faktura tələb etməklə öz fəaliyyətini rəsmiləşdirə bilir.

İkincisi, rəsmi xərcləmələrin həyata keçirilməsi sahibkarın real mənfəətinin üzə çıxarılmasına imkan yaradır ki, nəticədə o, əslində sahibkarlıq xərci olan lakin sənədlər olmadığından bunun sübutu mümkün olmayan gəlir üçün əlavə vergi ödəmək məcburiyyətində qalmır.

Məsələnin digər tərəfi də var: məsələn, sahibkar əsas vəsaitlərin artırılması məqsədilə nəsə alırsa, bu zaman rəsmi sənədin olması bu xərclərin vergi öhdəliyi üzrə müvafiq güzəştlərdən istifadəsinə hüquqi imkan yaratmış olur.

Nəhayət, sahibkar qanuni fəaliyyət göstərməklə sanksiyalara məruz qalmır.

Fəxriyyə İKRAMQIZI

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?