8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İsmayıl Hüseynov: “Kredit Skorinq Modeli şəffaflıq və operativliyin təmin edilməsinə imkan verir” MÜSAHİBƏ

Azərbaycanda sahibkarların investisiya layihələrini güzəştli şərtlərlə maliyyələşdirən Sahibkarlığın İnkişafı Fondu  tərəfindən indiyədək 49 min 500-dən çox layihəyə ümumilikdə 3,2 milyard manat məbləğində güzəştli kredit verilib. Vəsaitlərin ayrılmasından öncə, banklarla yanaşı, Fondda da investisiya layihələri dəyərləndirilir, təhlillər aparılır. Bu təhlillərin aparılması qaydası, Kredit Skorinq Modelinin əhəmiyyəti ilə bağlı “vergiler.az”ın suallarını Sahibkarlığın İnkişafı Fondunun Layihələrin təhlili şöbəsinin müdiri İsmayıl Hüseynov cavablandırır.

- İsmayıl müəllim, sahibkarların güzəştli kreditlərə müraciətləri hansı formada qəbul edilir?

- “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”nə əsasən, Fondun fəaliyyətinin məqsədi ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi verməkdən ibarətdir. Fond tərəfindən sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2020-ci il tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir. Qaydanın 4.1-ci bəndinə əsasən, müvəkkil kredit təşkilatları layihələri təhlil edir və müsbət dəyərləndirdiyi layihələr üzrə sənədləri Fonda təqdim edir.

Müvəkkil kredit təşkilatı 200.000 manatadək kreditlər üzrə sahibkarlıq subyektinin
investisiya layihəsinə dair məlumatı, 200.000 manatdan böyük kreditlər üzrə isə
investisiya layihəsini Fonda təqdim edir

- Sənədlər Fonda təqdim edildikdən sonra layihə hansı meyarlara uyğun dəyərləndirilir?

- Hazırda Fond tərəfindən investisiya layihələrinin təhlili və layihənin nəticələrinə dair rəyin formalaşması Kredit Skorinq Modeli vasitəsilə həyata keçirilir. Bu, sahibkarlıq subyektlərinin investisiya layihələrinə dair təqdim olunmuş məlumatların emalını, nəticələrin təhlilini və rəy verilməsini təmin edən avtomatlaşdırılmış modeldir. Belə ki, müvəkkil kredit təşkilatı 200.000 manatadək kreditlər üzrə sahibkarlıq subyektinin investisiya layihəsinə dair məlumatı, 200.000 manatdan böyük kreditlər üzrə isə investisiya layihəsini (biznes-plan) Fonda təqdim edir. Qeyd edilən sənədlərdə ötən dövrə aid maliyyə hesabatları (yeni layihələrdə tələb olunmur), istehsalı nəzərdə tutulan məhsulun satış qiyməti, maya dəyəri və istehsal həcminə dair məlumatlar, investisiya layihəsi üzrə görülməli işlər və layihəyə dair digər məlumatlar öz əksini tapır. İnvestisiya layihəsi üzrə müvəkkil kredit təşkilatının təqdim etdiyi məlumatların tamlığı, düzgünlüyü və etibarlılığı Fond tərəfindən yoxlanıldıqdan sonra Kredit Skorinq Modelinə daxil edilir və bu məlumatlar əsasında layihələrin nəticələrinə dair rəy formalaşır.

İnvestisiya layihəsi üzrə müvəkkil kredit təşkilatının təqdim etdiyi məlumatların tamlığı,
düzgünlüyü və etibarlılığı Fond tərəfindən yoxlanıldıqdan sonra Kredit Skorinq Modelinə
daxil edilir və bu məlumatlar əsasında layihələrin nəticələrinə dair rəy formalaşır

- Skorinq modeli əsasında hazırlanan rəydə layihəyə dair hansı məlumatlar təhlil olunur?

- Kredit Skorinq Modeli vasitəsilə formalaşan rəydə investisiya layihəsinin iqtisadi səmərəlilik göstəriciləri (xalis cari dəyər, daxili gəlirlilik dərəcəsi, layihənin özünüödəmə müddəti və s.), maliyyə göstəriciləri (aktivlərin rentabelliyi, maliyyə levereci, öhdəliklərin xalis pul axınları ilə qarşılanma əmsalı, işlək kapitalın dövretmə əmsalı, gəlir marjası və s.) və qeyri-maliyyə göstəriciləri (sahibkarlıq subyektinin biznes tarixi və mövcud maddi-texniki vəziyyəti, ESG standartlarına uyğunluğu və s.) avtomatik olaraq qiymətləndirilir. İnvestisiya layihəsinin qiymətləndirmə meyarlarına əsasən maksimum bal 100, minimum keçid balı isə 61 bal olaraq müəyyənləşdirilib. Eyni zamanda, bəzi maliyyə və iqtisadi səmərəlilik göstəriciləri üzrə minimum hədlər müəyyən edilib. Layihənin göstəriciləri həmin minimal hədlərə uyğun olmadıqda onun maliyyələşdirilməsindən imtina edilir.

Skorinq modeli investisiya layihələrinin ekspertizası prosesinin sadələşdirilməsi,
müraciətlərə baxılma zamanı şəffaflıq və operativliyin təmin edilməsi və
investisiya layihələrinin təhlilində vahid yanaşmanın tətbiqinə imkan verir

- Bu modelin tətbiqi sahibkarların kredit müraciətlərinin dəyərləndirilməsi prosesinə necə təsir edir?

- Skorinq modelinin tətbiqi nəticəsində proqnoz maliyyə planları Fond tərəfindən formalaşdırılaraq qiymətləndirilir. Bununla da kredit təşkilatları tərəfindən həmin hesabatların hazırlanmasına sərf olunan vaxta qənaət edilir, həmçinin texniki səhvlərin aradan qaldırılması təmin olunur. Bundan əlavə, skorinq modeli investisiya layihələrinin ekspertizası prosesinin sadələşdirilməsi, müraciətlərə baxılma zamanı şəffaflıq və operativliyin təmin edilməsi, kredit müraciətləri üzrə aparılan ekspertizanın keyfiyyətinin və səmərəliliyinin artırılması və investisiya layihələrinin təhlilində vahid yanaşmanın tətbiqinə imkan verir.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?