12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

BOKT-lar üçün yeni dövr: qaydalar, mobil tətbiqlər MÜSAHİBƏ

Bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinin tənzimlənməsinə yenidən baxılır. Bununla bağlı qaydalar yenilənir, BOKT-lara yeni səlahiyyətlər verilir. Bu yeniliklər və gələcək planlarla bağlı “vergiler.az”ın suallarını Azərbaycan Mikromaliyyə Assosiasiyasının rəhbəri Cəlal Əliyev cavablandırır. 

- Cəlal müəllim, hazırda Azərbaycanda fəaliyyət göstərən mikromaliyyəçilərin bazar payı nə qədərdir?

- Mərkəzi Bankın yarımillik hesabatına görə, bank olmayan kredit təşkilatlarının ümumi kredit portfelindəki payı 1,6 faizdir. Baxmayaraq ki, onların sayı banklardan iki dəfə çoxdur, lakin bazar payı azdır. Buna rəğmən, kredit portfelinin genişləndirilməsi üçün BOKT-ların imkanları var. Məsələn, Azərbaycanda əmək qabiliyyətli yaşda olan əhali sayı təxminən 6,6 milyon nəfərdir. Statistika Komitəsinin açıqlamalarına əsasən, bunların 5,8 milyonu əmək qabiliyyətli əhalidir. Rəsmi əməkhaqqı alan şəxslərin sayı təxminən 1,6 milyon nəfərdir ki, onların da yarıdan çoxu özəl sektorda, digər qismi isə dövlət sektorunda çalışır. Bununla yanaşı, ölkədə 1,5 milyona yaxın vergi ödəyicisi kimi qeydiyyatda olan fiziki şəxs var. Yəni, bütövlükdə götürsək, təxminən 3 milyon nəfərə yaxın şəxs əməklə məşğuldur. Qalan 2,8 milyon nəfərin bir hissəsi əmək qabiliyyətli olsa da çalışmır, onların müəyyən bir hissəsi hansısa formada gəlir yaradır. Biz düşünürük ki, həmin şəxslərin də kreditlərə əlçatanlığı yaradılarsa, bu, bank olmayan kredit təşkilatlarının bazar payının genişlənməsinə, artmasına imkan verəcək. Digər tərəfdən, əhalinin mobil tətbiqlərə əlçatanlığının yaxşı səviyyədə olması inkişaf üçün ümidləri artırır.

Dəyişikliklər nəticəsində bank olmayan kredit təşkilatlarına müştərilərə kreditlərin
verilməsi üçün hesabın açılması, kredit kartlarının emissiyası kimi hüquqlar verilib

- BOKT-ların fəaliyyəti ilə bağlı hansı yeniliklər gözlənilir?

- Bildiyiniz kimi, “Bank olmayan kredit təşkilatları haqqında” Qanuna dəyişiklik olunub. Bu dəyişikliklər nəticəsində bank olmayan kredit təşkilatlarına müştərilərə kreditlərin verilməsi üçün hesabın açılması, kredit kartlarının emissiyası kimi hüquqlar verilib. Bundan başqa, Mərkəzi Bank tərəfindən bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi qaydaları yenilənir. Həmçinin, əvvəllər mövcud olmayan “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydaları” da hazırlanıb ki, bu da mikromaliyyə sektorunun tənzimlənməsinə, təşkilatların fəaliyyətinin daha da təkmilləşdirilməsinə, keyfiyyətin artırılmasına, korporativ idarəetmənin inkişafına hədəflənib.

- Yeri gəlmişkən, BOKT-ların kart emissiya etməsi ilə bağlı işlər nə yerdədir? Kredit kartlarının istifadəsinə nə vaxt başlanılacaq?

- Bank olmayan kredit təşkilatları indiyədək banklarla müqavilələr əsasında “co-brend” kartlar olan adsız kartlardan istifadə edirdi. Çünki qanunvericilikdəki son dəyişikliyə qədər onların kart emissiya etmək hüququ olmayıb. Artıq bununla bağlı qanun qəbul olunub və işləmə mexanizmi hazırlanır. Çünki kart emissiya etmək üçün hər bir kartın arxasında bir hesabın açılması tələb olunur. Eyni zamanda, kart vasitəsilə digər hesablara köçürmələrin reallaşması və s. üçün BOKT-un Mərkəzi Bankda müxbir hesabının olması tələb edilir. Bütün bunların tənzimlənməsi üçün bank olmayan kredit təşkilatlarının da iştirakı ilə yeni mexanizm hazırlanır. Həmin qaydalar təsdiq edildikdən sonra kart emissiyasına başlanıla bilər.

Bu gün 10-a yaxın bank olmayan kredit təşkilatı mobil tətbiqdən istifadə edir

- BOKT-ların mobil tətbiqlərdən istifadə göstəriciləri də xeyli aşağıdır. Bunun genişləndirilməsi istiqamətində hansısa addımlar atılırmı?

- Pandemiyadan sonra məsafədən biznes xidmətlərinin artırılması üzrə yekdil fikir irəli sürüldü. Son illərdə Azərbaycanda da məsafədən bankçılıq, məsafədən kreditləşmə vüsət alıb. Bununla bağlı qanunvericilikdə də dəyişiklik edilib. Məsələn, 2 il bundan əvvəllədək mobil tətbiqlərdən istifadənin elə nüansları vardı ki, onun möhkəm qanunvericilik bazası yox idi. Artıq Mərkəzi Bank tərəfindən son illər bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Düşünürəm ki, bank olmayan kredit təşkilatlarında da məhz mobil tətbiqlərdən istifadə artacaq, buna ciddi ehtiyac var. Bu gün 10-a yaxın bank olmayan kredit təşkilatı mobil tətbiqdən istifadə edir. Bu xidmətlər, əsasən, müştərinin banka müraciəti hissəsini əhatə edir. Artıq banklarda kredit almaq üçün filialla təmasa ehtiyac qalmayıb. Sənədlərin imzalanması, müqavilələrin hazırlanması, hətta kreditin köçürülməsi də onlayn formada həyata keçirilir. Düşünürük ki, bank olmayan kredit təşkilatları da tezliklə bu xidmətləri təqdim edə biləcək. Məndə olan məlumata görə, artıq bir neçə təşkilat məhz bu cür imkanlar verən mobil tətbiqin hazırlanması üzərində işləyir. Yalnız mobil tətbiqdən istifadə edib müraciət etmək deyil, bütün prosesi əhatə edən xidmətlərin olması çox vacibdir. Bu xidmətlər ucqar ərazilərdə yaşayan, kənd təsərrüfatı ilə məşğul olan və kreditə ehtiyac duyan insanlar üçün əlverişli olacaq. Eyni zamanda, BOKT-ların xərclərini azaldacaq ki, dolayısı ilə faiz dərəcələrinin aşağı düşməsinə səbəb olacaq. Hesab edirəm ki, mikromaliyyəçilər üçün mobil tətbiqlərdən istifadəni genişləndirmək çox vacibdir.

- BOKT-ların kredit risklərinin idarə edilməsi ilə bağlı yeni qaydaların hazırlandığı da açıqlanıb. Burada hansı məqamlar yer alacaq?

- Bu gün bank olmayan kredit təşkilatları üçün ayrılan kredit məbləği ilə bağlı heç bir məhdudiyyət yoxdur. “Kredit risklərinin idarə edilməsi Qaydaları”nda bununla bağlı fərqli yanaşma gözlənilir. Belə ki, vətəndaşlara ayrılan kreditin maksimal məbləği BOKT-un nizamnamə kapitalının həcminə uyğun müəyyən ediləcək. Həmçinin, kreditlərin faiz dərəcələrinə də baxıla bilər. Riskləri daha çox olan sahələrə, təsərrüfatlara ayrılan kreditlərin faizlərini endirmək çətin olur, çünki onların xərcləri də çoxdur.

Bu xidmətlər ucqar ərazilərdə yaşayan, kənd təsərrüfatı ilə məşğul olan və
kreditə ehtiyac duyan insanlar üçün əlverişli olacaq

- Paytaxtla müqayisədə regionlarda əhalinin maliyyə resurslarına əlçatanlığı hələ də istənilən səviyyədə deyil. Bu boşluğu doldurmaq üçün BOKT-larla bağlı hansı planları var?

- Bu gün bank olmayan kredit təşkilatlarının əksəriyyəti regionlarda fəaliyyət göstərir. Onların filiallarının sayı 2022-ci ildə 286 idisə, 2024-cü ildə bu rəqəm 302-yə çatıb. Yeni yaradılan filialların da əksəriyyəti bölgələrdə fəaliyyətə başlayıb. Azərbaycanda bank olmayan kredit təşkilatlarını ixtisaslaşmasına görə bir neçə qrupa bölmək olar. Bunlardan bir qrupunun əsas məhsulu gəlir yaradılması məqsədilə məşğul olan ailə kəndli təsərrüfatlarının maliyyələşdirilməsinə yönəlib. Buraya kənd təsərrüfatı, bağçılıq, kiçik fermerlər, mikro və kiçik biznes subyektləri daxildir. İkinci qrup bank olmayan kredit təşkilatları istehlak kreditlərinin verilməsi üzrə ixtisaslaşıblar. Başqa bir qrup BOKT isə daha çox qızıl-zinət əşyalarının girovu ilə kredit verir. Onların regionlarda fəaliyyəti də BOKT-un ixtisaslaşmasına, hansı bazar seqmentinə hədəflənməsinə bağlıdır. Assosiasiyaya daxil olan bank olmayan kredit təşkilatlarının əksəriyyəti regionlarda fəaliyyət göstərir. Onlar, əsasən, gəlir yaradılması fəaliyyəti ilə məşğul olan ailə kəndli təsərrüfatlarına kreditlər ayırırlar. Bu isə “Ailə kəndli təsərrüfatları haqqında” Qanunla tənzimlənir. Həmin təsərrüfatlara maliyyə ayırmaqla BOKT-lar öz fəaliyyətlərini regionlarda daha da genişləndirə bilərlər.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?