23 Yanvar 2019

İxracatın önündə "Yaşıl dəhliz" açılır

Dekabrın 24-də Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə "Xarici ticarət iştirakçılarının forumu: "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi" mövzusunda tədbir keçirilib. Tədbirdə dövlət orqanlarının, yerli və xarici biznes qurumlarının nümayəndələri, eləcə də 500-ə yaxın sahibkar iştirak edib.

Sahibkarlar ixrac əməliyyatını gömrük orqanına getmədən apara biləcəklər

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkəmizdə həyata keçirilən islahatların mühüm tərkib hissəsi kimi gömrük sistemində tətbiq edilən yeniliklər barədə məlumat verib. Qeyd olunub ki, dövlət başçısının təsdiq etdiyi "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası" ticarət sahəsində yeni innovativ vasitələrin tətbiqini nəzərdə tutur. Yeni qaydalara əsasən, sahibkarlar 2019-cu il fevralın 1-dən "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə etməklə gömrük orqanına getmədən, gömrük əməkdaşı ilə təmasda olmadan qısa idxal bəyannaməsini əvvəlcədən elektron qaydada göndərməklə malların yükləmə və gömrük rəsmiləşdirməsi proseslərini keçəcək, nəqliyyat vasitələrini gömrük təminatının tanınma nişanları, plomblarla təmin edərək istənilən gömrük-sərhəd buraxılış məntəqəsindən ixrac əməliyyatını aparacaqlar: "Bu, idxal-ixrac əməliyyatlarında ticarətin asanlaşdırılmasına, vaxt məhdudiyyətinin aradan qaldırılmasına, logistik xidmətlərə çəkilən xərclərin ləğvinə, məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə və şəffaflığın təmin olunmasına imkan verəcəkdir. Yeni sistem maliyyə intizamının gücləndirilməsinə, sahibkarların könüllü əməletməsinin formalaşmasına şərait yaradacaq".

"Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqinə dair təqdimatla çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev sistemin biznes və ölkəmiz üçün üstünlüklərindən danışıb. Bildirib ki, yeni sistem beynəlxalq ticarətin asanlaşmasına, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin daha çevik və şəffaf həyata keçirilməsinə, risk qiymətləndirilməsi əsasında gömrük nəzarəti formalarının tətbiqinə, ölkəmizin ixrac potensialının güclənməsinə, Azərbaycanın "Doing Business" və digər beynəlxalq hesabatlarda bir sıra indekslər üzrə mövqeyinin yaxşılaşmasına səbəb olacaqdır.

Şəffaflığın təmin edilməsi üçün əl-ələ...

Forumda çıxış edən vergilər nazirinin müavini Mətin Eynullayev bildirib ki, 2018-ci il ölkəmizdə iqtisadi islahatlar ili kimi yadda qalacaqdır. Yola saldığımız ildə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin şəffaflaşdırılması sahəsində xeyli işlər görülüb, həm vergi, həm də gömrük sahəsində geniş və sistemli islahatlar həyata keçirilib, qanunvericilikdə biznesin fəaliyyətini stimullaşdıran mühüm dəyişikliklər edilib: "Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi dövlətimizin büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynayır, hər iki qurum biznes mühitinin yaxşılaşması, sahibkarlığın fəaliyyətinin stimullaşdırılması, vergi-gömrük rejiminin optimallaşdırılması, "kölgə iqtisadiyyatı"nın qarşısının alınması, şəffaflığın təmin edilməsi, müasir idarəetmə və nəzarət alətlərinin tətbiqi sahəsində birgə mühüm addımlar atıb və bu istiqamətdə işlər davam etdirilir. "Yaşıl dəhliz" sistemi də gömrük sahəsində aparılan islahatların tərkib hissəsi kimi qiymətləndirilə bilər. "Yaşıl dəhliz" buraxılış sistemi ilə bağlı yeni qaydanın tətbiqi şəffaflığın təmin olunması üçün bir nümunədir, bu sistem xarici ticarət iştirakçılarının bir sıra üstünlüklər əldə etməsinə şərait yaradacaq. Bəyannamələrin mallar gəlməzdən öncə elektron qaydada ötürülməsi əlavə vaxt itkisinin və məsrəflərin qarşısını alacaq, işgüzar fəaliyyətin genişlənməsinə, gəlirlərin artmasına müsbət təsir göstərəcək".

M.Eynullayev bildirib ki, vergi və gömrük orqanları qarşısında duran mühüm vəzifələrdən biri də inzibatçılığın təkmilləşdirilməsinə və könüllü əməletmə mədəniyyətinin formalaşdırılmasına nail olmaqdır: "Yaşıl dəhliz" idxal-ixracla məşğul olan sahibkarların daha asan və rahat əməliyyatlar aparmasına əlverişli imkan yaratmaqla könüllü əməletmə səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcək".
Vergilər nazirinin müavini gömrük orqanı ilə səmərəli əməkdaşlığın qurulmasının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, hər iki qurumun fəaliyyətinin daha sıx əlaqələndirilməsi məqsədilə idxal-ixrac əməliyyatlarına effektiv nəzarət sistemi qurulub. Birgə əməkdaşlıq əsasında yaradılmış Vahid Risk Platforması idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə, maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılmasına və büdcə yığımlarının artırılmasına töhfə verəcəkdir.
Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər barədə də iştirakçılara məlumat verən M.Eynullayev bildirib ki, vergi və gömrük sistemlərində paralel aparılan islahatlar sahibkarların daha effektiv və şəffaf fəaliyyət göstərməsinə şərait yaradacaq, 2019-cu ildə biznes sektoru bunun əməli təsirini hiss edəcəklər.

"Yaşıl dəhliz" idxal-ixracla məşğul olan sahibkarların daha asan və
rahat əməliyyatlar aparmasına əlverişli imkan yaratmaqla
könüllü əməletmə səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcək

Aqrar sahədə çalışanların ixraca həvəsi artacaq

Kənd təsərrüfatı naziri İnam Kərimov çıxışında aqrar sahənin inkişafı istiqamətində görülən işlər barədə məlumat verərək bildirib ki, "Yaşıl dəhliz" buraxılış sistemi kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan sahibkarlar üçün mühüm əhəmiyyət kəsb edir və yeni sistem aqrar malların ixracının artmasına stimul yaradacaq, xarici bazarlarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətini artıracaq. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qeyd edib ki, rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətlərindən biri idxal-ixrac əməliyyatlarında qida təhlükəsizliyinə nəzarətin təmin olunmasıdır. Bu baxımdan, "Yaşıl dəhliz" sistemi qida məhsullarının idxal və ixrac prosesində sahibkarlara dəstək olacaq və şəffaflıq prinsipinin gözlənilməsinə zəmin yaradacaq.

Azərbaycan Avropa ilə Asiya arasında regional tranzit qovşağını tamamlayacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, "Yaşıl dəhliz"in mühüm geosiyasi və geoiqtisadi əhəmiyyəti vardır. Azərbaycan hazırda Şimal-Cənub, Şərq-Qərb tranzitinin mühüm hissəsinə çevrilməkdədir: "Qazaxıstan və Çin "Yaşıl dəhliz" sisteminə qoşulmaqla rəqəmsal onlayn ticarətin genişlənməsinə əlverişli zəmin yaradıb, Gürcüstan isə ötən il Avropa İttifaqı ilə bu dəhlizin istifadəsinə dair saziş imzalayıb. Beləliklə, Azərbaycan "Yaşıl dəhliz" sisteminin tətbiqi ilə Avropa və Asiya arasında regional tranzit qovşağını tamamlamış olacaq". Tədbirdə çıxış edən "Caspian European Club"un icraçı direktoru Telman Əliyev, Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) icraçı direktoru Natəvan Məmmədova "Yaşıl dəhliz" sisteminin tətbiqinin sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasında, ölkənin ixrac potensialının gücləndirilməsində və şəffaflığın təmin olunmasında mühüm rol oynayacağını bildiriblər.

Elbrus CƏFƏRLİ