16 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aysel Abbasova: "Naxçıvan MR-in vergi orqanlarında kadr ehtiyatına 25 namizəd daxil edilib" MÜSAHİBƏ

Naxçıvan Muxtar Respublikasında (MR) həyata keçirilən islahatlar kontekstində kadr potensialına xüsusi önəm yetirilir. Muxtar respublikada yeni bir keyfiyyət mərhələsində inkişaf prosesi gedir ki, belə olan təqdirdə kadrlar yeni keyfiyyət, bilik və bacarıqlara sahib olmalıdırlar. İdarəetmənin optimallaşdırılması ilə paralel olaraq, qurumlarda səmərəli idarəetmə üçün peşəkar kadr potensialına ehtiyac duyulur.

Naxçıvan MR Dövlət Vergi Xidmətinin İnsan resursları şöbəsinin rəisi Aysel Abbasova kadr potensialının inkişafı ilə bağlı "vergiler.az"ın suallarını cavablandırıb:

- Aysel xanım, muxtar respublikanın dövlət vergi orqanlarına yeni kadrların cəlb edilməsi ilə bağlı hansı addımlar atılır?

- Naxçıvan MR Dövlət Vergi Xidmətinin aparatında, şəhər və ərazi vergilər idarələrində fəaliyyət göstərən strukturların kadr ehtiyacını qarşılamaq, eyni zamanda potensiallı gəncləri işə cəlb etmək məqsədilə vergi orqanlarına işə qəbulla bağlı elan edilmiş ümumi müsahibədə 25 namizəd uğur qazanaraq kadr ehtiyatına daxil olmaq hüququ əldə edib. İşə qəbul Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq qaydada, test imtahanı və müsahibə əsasında aparılıb.

- Müsabiqədə əsasən hansı amillərə diqqət yetirilir?

- Yüksək intellektə, məntiqi düşünmə bacarığına və geniş dünyagörüşünə malik gənclərin müəyyən edilərək dövlət vergi orqanlarına işə qəbul olunması məqsədilə müsabiqə qaydalarında edilmiş bir sıra dəyişikliklər əsas götürülüb. Hüquq sahəsi istisna olmaqla, digər sahələr üzrə namizədlər üçün ixtisas məhdudiyyəti aradan qaldırılıb və qanunvericiliklə müəyyən edilmiş tələblər çərçivəsində ali təhsilə malik bütün vətəndaşların test imtahanında iştirakına açıq və bərabər imkanlar yaradılıb. Bundan əlavə, əvvəlki illərdən fərqli olaraq, bütün ixtisaslar üzrə test imtahanının sual bankından vergilər və vergitutma üzrə suallar çıxarılıb, əvəzində namizədlərin dünyagörüşünü, məntiqi düşüncə səviyyəsini və bacarığını müəyyən edən testlərdən ibarət yeni sual bazası hazırlanıb.

- Naxçıvan MR-in vergi orqanlarında işə qəbulla bağlı neçə namizəd müsabiqədə iştirak hüququ qazanıb?

- Muxtar respublikanın dövlət vergi orqanlarına işə qəbulla bağlı ümumilikdə 581 müraciət daxil olub və onlardan 449 nəfər müsabiqədə iştirak hüququ əldə edib. Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il sentyabrın 9-da Naxçıvan MR Dövlət Vergi Xidmətinə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirilib, 114 nəfər müsabiqə şərtlərini uğurla ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb. Müsahibə mərhələsini müvəffəqiyyətlə keçən 25 namizəd isə vergi orqanlarının kadr ehtiyatına daxil edilib. Uğur qazanmış namizədlər müvafiq qaydada kadr ehtiyat bazasından vakant vəzifələrə təyin olunacaqlar.

Qeyd edim ki, bu il Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətində vakant hüquqşünas vəzifələri üçün test imtahanı mərhələsindən azad olunmaqla birbaşa müsahibə yolu ilə müsabiqə keçirilib. Müsahibə 28 iyul 2023-cü il tarixindən başlayaraq Müsabiqə Komissiyası tərəfindən aparılıb. Müsahibədən uğurla keçən 3 namizəd kadr ehtiyatına daxil edilərək həmin dövr üzrə vakant vəzifələrə təyin olunublar.

Hüseyn VƏLİYEV

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?