Aysel Abbasova: "Naxçıvan MR-in vergi orqanlarında kadr ehtiyatına 25 namizəd daxil edilib" MÜSAHİBƏ

2023.12.05 14:32 (UTC+04:00)

- Aysel xanım, muxtar respublikanın dövlət vergi orqanlarına yeni kadrların cəlb edilməsi ilə bağlı hansı addımlar atılır?

- Naxçıvan MR Dövlət Vergi Xidmətinin aparatında, şəhər və ərazi vergilər idarələrində fəaliyyət göstərən strukturların kadr ehtiyacını qarşılamaq, eyni zamanda potensiallı gəncləri işə cəlb etmək məqsədilə vergi orqanlarına işə qəbulla bağlı elan edilmiş ümumi müsahibədə 25 namizəd uğur qazanaraq kadr ehtiyatına daxil olmaq hüququ əldə edib. İşə qəbul Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq qaydada, test imtahanı və müsahibə əsasında aparılıb.

- Müsabiqədə əsasən hansı amillərə diqqət yetirilir?

- Yüksək intellektə, məntiqi düşünmə bacarığına və geniş dünyagörüşünə malik gənclərin müəyyən edilərək dövlət vergi orqanlarına işə qəbul olunması məqsədilə müsabiqə qaydalarında edilmiş bir sıra dəyişikliklər əsas götürülüb. Hüquq sahəsi istisna olmaqla, digər sahələr üzrə namizədlər üçün ixtisas məhdudiyyəti aradan qaldırılıb və qanunvericiliklə müəyyən edilmiş tələblər çərçivəsində ali təhsilə malik bütün vətəndaşların test imtahanında iştirakına açıq və bərabər imkanlar yaradılıb. Bundan əlavə, əvvəlki illərdən fərqli olaraq, bütün ixtisaslar üzrə test imtahanının sual bankından vergilər və vergitutma üzrə suallar çıxarılıb, əvəzində namizədlərin dünyagörüşünü, məntiqi düşüncə səviyyəsini və bacarığını müəyyən edən testlərdən ibarət yeni sual bazası hazırlanıb.

- Naxçıvan MR-in vergi orqanlarında işə qəbulla bağlı neçə namizəd müsabiqədə iştirak hüququ qazanıb?

- Muxtar respublikanın dövlət vergi orqanlarına işə qəbulla bağlı ümumilikdə 581 müraciət daxil olub və onlardan 449 nəfər müsabiqədə iştirak hüququ əldə edib. Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il sentyabrın 9-da Naxçıvan MR Dövlət Vergi Xidmətinə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirilib, 114 nəfər müsabiqə şərtlərini uğurla ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb. Müsahibə mərhələsini müvəffəqiyyətlə keçən 25 namizəd isə vergi orqanlarının kadr ehtiyatına daxil edilib. Uğur qazanmış namizədlər müvafiq qaydada kadr ehtiyat bazasından vakant vəzifələrə təyin olunacaqlar.

Qeyd edim ki, bu il Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətində vakant hüquqşünas vəzifələri üçün test imtahanı mərhələsindən azad olunmaqla birbaşa müsahibə yolu ilə müsabiqə keçirilib. Müsahibə 28 iyul 2023-cü il tarixindən başlayaraq Müsabiqə Komissiyası tərəfindən aparılıb. Müsahibədən uğurla keçən 3 namizəd kadr ehtiyatına daxil edilərək həmin dövr üzrə vakant vəzifələrə təyin olunublar.

Hüseyn VƏLİYEV