15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ferlanda Luna: "Azərbaycan Braziliyanın regionda mühüm ticarət tərəfdaşıdır" MÜSAHİBƏ

Bu gün Azərbaycanın Latın Amerikasında əsas ticarət tərəfdaşı olan Braziliyanın Cənubi Qafqazda əsas tərəfdaşı da ölkəmizdir. İki ölkəni həm də ümumbəşəri dəyərlərə, beynəlxalq hüququn aliliyinə, BMT-nin prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına hörmət dəyərləri birləşdirir. Azərbaycan ilə Braziliya arasında olan mövcud münasibətlər siyasi təmasların müsbət dinamikası ilə xarakterizə olunur. İki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri haqqında “vergiler.az”ın suallarına iqtisadiyyat üzrə ekspert, Koimbra Universitetinin əməkdaşı Ferlanda Luna cavab verir.

- Azərbaycan-Braziliya iqtisadi əlaqələrinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Braziliya və Azərbaycan arasında son bir neçə ildə iqtisadi əlaqələr xeyli genişlənib. 2013-cü ildən ölkələrimiz arasında iqtisadi əməkdaşlığın sürətli inkişafını xarakterizə edən nəticələr əldə olunmaqdadır. 2020-ci ildə Braziliya Federativ Respublikasının parlamentinin deputatı, Braziliya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Klaudio Kajado Azərbaycanda səfərdə olub və ölkənizi mühüm ticarət tərəfdaşı, Braziliya məhsullarının idxalçısı olduğunu bildirib.

Braziliya və Azərbaycan arasında son bir neçə ildə iqtisadi əlaqələr xeyli genişlənib

- Braziliya Azərbaycanda səfirliyini açan ikinci Latın Amerikası ölkəsidir. Ölkənizin Azərbaycanda maraqları nədən ibarətdir?

- Son on il ərzində Braziliya hökumətinin nümayəndələri Azərbaycanla münasibətlərə dinamika qatan mühüm görüşlər keçiriblər. 2006-cı ildə Azərbaycan xarici işlər nazirinin Braziliyaya səfəri zamanı xarici işlər, iqtisadi inkişaf, sənaye və xarici ticarət, mədənçıxarma və energetika sahələrində əməkdaşlığa dair əhəmiyyətli müzakirələr aparılıb. 2017-ci ilin noyabrında Braziliyanın xarici işlər naziri Aloysio Nunes Ferreira Bakıya səfər edib. Beləliklə, bu görüşlər iqtisadi əlaqələri gücləndirməklə biznes tərəfdaşlarına fayda verəcək əhəmiyyətli nəticələrdən xəbər verir.

- İki dövlət arasında ticari-iqtisadi əlaqələrin səviyyəsini necə qiymətləndirərdiniz? Braziliya Azərbaycana ticarət-iqtisadi tərəfdaş kimi nə təklif etməyə hazırdır?

- İki ölkə arasında ixracın həcmi əhəmiyyətli rəqəmlərə çatıb. 2017-ci ildə Braziliya Azərbaycana 100 milyon dollardan çox dəyərdə məhsul ixrac edib. Bu həcm davamlı şəkildə yüksəlməkdədir və qarşıdakı illərin perspektivləri ölkələr arasında ikitərəfli münasibətlərin intensivləşəcəyini xarakterizə edir.

2006-cı ildə Azərbaycan xarici işlər nazirinin Braziliyaya
səfəri zamanı xarici işlər, iqtisadi inkişaf, sənaye və xarici
ticarət, mədənçıxarma və energetika sahələrində
əməkdaşlığa dair əhəmiyyətli müzakirələr aparılıb

- Enerji sektorunda hansı əməkdaşlığın hər iki tərəf üçün daha perspektivli olduğunu düşünürsünüz?

- İstehsal proseslərinin modernləşdirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və strateji coğrafi mövqe Azərbaycanı enerji ixracına görə dünyada görkəmli yerə çıxarıb. Bu nəticələr Azərbaycan və Braziliya arasında iqtisadi əlaqələrin, biznes subyektləri arasında əməkdaşlığın daha güclü inkişaf üçün münbit zəmin yaradır.

- İki ölkənin idxal və ixracında hansı növ məhsul liderdir?

- Statistik məlumatlara görə, 2022-ci ildə Azərbaycanın Braziliyadan idxal etdiyi əsas məhsul şəkər qamışı olub. Azərbaycanın Braziliyaya ixracında isə kimya sənayesi məhsulları liderlik edir. Beləliklə, növbəti illərdə iqtisadi əlaqələrin daha da genişlənməsi proqnozlaşdırılır və bunun üçün çoxlu imkanlar mövcuddur. Ümid edirik ki, növbəti illərdə bu tərəfdaşlıq daha da möhkəmlənəcək.

Tamilla MƏMMƏDOVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?