Ferlanda Luna: "Azərbaycan Braziliyanın regionda mühüm ticarət tərəfdaşıdır" MÜSAHİBƏ

2023.04.06 11:49 (UTC+04:00)

- Azərbaycan-Braziliya iqtisadi əlaqələrinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Braziliya və Azərbaycan arasında son bir neçə ildə iqtisadi əlaqələr xeyli genişlənib. 2013-cü ildən ölkələrimiz arasında iqtisadi əməkdaşlığın sürətli inkişafını xarakterizə edən nəticələr əldə olunmaqdadır. 2020-ci ildə Braziliya Federativ Respublikasının parlamentinin deputatı, Braziliya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Klaudio Kajado Azərbaycanda səfərdə olub və ölkənizi mühüm ticarət tərəfdaşı, Braziliya məhsullarının idxalçısı olduğunu bildirib.

Braziliya və Azərbaycan arasında son bir neçə ildə iqtisadi əlaqələr xeyli genişlənib

- Braziliya Azərbaycanda səfirliyini açan ikinci Latın Amerikası ölkəsidir. Ölkənizin Azərbaycanda maraqları nədən ibarətdir?

- Son on il ərzində Braziliya hökumətinin nümayəndələri Azərbaycanla münasibətlərə dinamika qatan mühüm görüşlər keçiriblər. 2006-cı ildə Azərbaycan xarici işlər nazirinin Braziliyaya səfəri zamanı xarici işlər, iqtisadi inkişaf, sənaye və xarici ticarət, mədənçıxarma və energetika sahələrində əməkdaşlığa dair əhəmiyyətli müzakirələr aparılıb. 2017-ci ilin noyabrında Braziliyanın xarici işlər naziri Aloysio Nunes Ferreira Bakıya səfər edib. Beləliklə, bu görüşlər iqtisadi əlaqələri gücləndirməklə biznes tərəfdaşlarına fayda verəcək əhəmiyyətli nəticələrdən xəbər verir.

- İki dövlət arasında ticari-iqtisadi əlaqələrin səviyyəsini necə qiymətləndirərdiniz? Braziliya Azərbaycana ticarət-iqtisadi tərəfdaş kimi nə təklif etməyə hazırdır?

- İki ölkə arasında ixracın həcmi əhəmiyyətli rəqəmlərə çatıb. 2017-ci ildə Braziliya Azərbaycana 100 milyon dollardan çox dəyərdə məhsul ixrac edib. Bu həcm davamlı şəkildə yüksəlməkdədir və qarşıdakı illərin perspektivləri ölkələr arasında ikitərəfli münasibətlərin intensivləşəcəyini xarakterizə edir.

2006-cı ildə Azərbaycan xarici işlər nazirinin Braziliyaya
səfəri zamanı xarici işlər, iqtisadi inkişaf, sənaye və xarici
ticarət, mədənçıxarma və energetika sahələrində
əməkdaşlığa dair əhəmiyyətli müzakirələr aparılıb

- Enerji sektorunda hansı əməkdaşlığın hər iki tərəf üçün daha perspektivli olduğunu düşünürsünüz?

- İstehsal proseslərinin modernləşdirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və strateji coğrafi mövqe Azərbaycanı enerji ixracına görə dünyada görkəmli yerə çıxarıb. Bu nəticələr Azərbaycan və Braziliya arasında iqtisadi əlaqələrin, biznes subyektləri arasında əməkdaşlığın daha güclü inkişaf üçün münbit zəmin yaradır.

- İki ölkənin idxal və ixracında hansı növ məhsul liderdir?

- Statistik məlumatlara görə, 2022-ci ildə Azərbaycanın Braziliyadan idxal etdiyi əsas məhsul şəkər qamışı olub. Azərbaycanın Braziliyaya ixracında isə kimya sənayesi məhsulları liderlik edir. Beləliklə, növbəti illərdə iqtisadi əlaqələrin daha da genişlənməsi proqnozlaşdırılır və bunun üçün çoxlu imkanlar mövcuddur. Ümid edirik ki, növbəti illərdə bu tərəfdaşlıq daha da möhkəmlənəcək.

Tamilla MƏMMƏDOVA