27 İyul 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kamelia Oros Tsarouçis: “Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlıq potensialı güclüdür” MÜSAHİBƏ

Afrika ölkələri ilə siyasi, mədəni, eləcə də iqtisadi əməkdaşlıq Azərbaycan üçün aktuallıq daşıyır. Azərbaycan Respublikası 2011-ci ildə Afrika İttifaqında müşahidəçi statusu alıb. 2014-cü ildə isə Efiopiya Federativ Demokratik Respublikasındakı səfirimiz Azərbaycan Respublikasının Afrika İttifaqı yanında daimi nümayəndəsi təyin edilib. “vergiler.az”ın suallarını “The Economist Group”un Afrika və Asiya-Sakit Okean regionu üzrə rəsmi nümayəndəsi olan “CT Productions” şirkətinin idarəedici direktoru, iqtisadçı Kamelia Oros Tsarouçis cavablandırır.

- Azərbaycanın fəal əməkdaşlıq etdiyi Afrika ölkələrindən biri Misirdir. Bu iki ölkə arasında investisiya imkanlarını necə qiymətləndirirsiniz?

- Misir firmaları Azərbaycana 2019-cu ildə 8 milyon dollar, 2020-ci ildə 8 milyon dollar, 2021-ci ildə isə 10 milyon dollar birbaşa xarici sərmayə qoyublar.

Misirlə Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrini gücləndirmək üçün tərəfdaşlıq qurmaq istəyən müəssisələrin sayı ilbəil artır. “Al Mocawloon”, “Al Arab” və “Dorra Group” kimi iri Misir şirkətləri gələcəkdə biznes əlaqələrini gücləndirmək üçün Azərbaycanın tikinti sektorunda imkanları fəal şəkildə araşdırırlar.

- Əlaqələrin dərinləşməsi və inkişafı üçün hansı mühüm addımlar atılır?

- 2023-cü ilin yanvarında iki ölkə liderlərinin Bakıda keçirilmiş görüşü ikitərəfli münasibətlərin inkişafı üçün ciddi stimul yaradır. Misir Prezidentinin Azərbaycana ilk səfəri zamanı hər iki ölkə başçısı Misir ilə Azərbaycan arasında sıx ikitərəfli münasibətlərin olduğunu vurğulayaraq, bu əlaqələrin daha da inkişaf etdirilməsində, eləcə də iki ölkə arasında bütün səviyyələrdə əməkdaşlığın və əlaqələndirmənin gücləndirilməsində maraqlı olduqlarını bir daha təsdiq etdlər.

Misirlə Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrini gücləndirmək
üçün tərəfdaşlıq qurmaq istəyən müəssisələrin sayı ilbəil artır

Bundan əlavə, prezidentlər yeni birgə işgüzar şuranın formalaşdırılması yolu ilə ticarət mübadilələrinin genişləndirilməsinin, özəl sektorlarda iqtisadi tərəfdaşlığın gücləndirilməsi istiqamətində işlərin aparılmasının vacibliyini vurğuladılar. Hər iki dövlətin başçıları mədəniyyət, su ehtiyatları, ticarət və sənaye sahələrində əməkdaşlığa dair anlaşma memorandumları imzaladılar.

- Azərbaycan-Misir Parlamentlərarası Əlaqələr Komissiyasının fəaliyyətini necə qiymətləndirirsiniz?

- 2022-ci ilin fevralında Bakıda Komissiyanın iclası keçirildi və bu iclasda 4 anlaşma memorandumu imzalandı. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misirin Ticarət və Sənaye Nazirliyi, AZPROMO ilə Misir İş Adamları Assosiasiyası, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə İsgəndəriyyə limanı arasında imzalanmış bu sənədlər əməkdaşlıq baxımından böyük perspektivə malikdir.

Azərbaycan-Misir biznes forumunun keçirilməsi əməkdaşlığın yeni və gələcək sahələrində imkanların araşdırılması üçün dialoq yaratmaq baxımından əhəmiyyətlidir.

Azərbaycanın və Misirin tarixinin ümimi sosial, siyasi, mədəni və iqtisadi reallıqları var. Hazırkı diplomatik münasibətlər Misirin 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanımasına əsaslanır. Misir Respublikasının Bakıdakı səfirliyi 1993-cü ilin aprelindən, Azərbaycan Respublikasının Qahirədəki səfirliyi isə 1994-cü ilin yanvarından fəaliyyət göstərir. İndiyədək Azərbaycan Respublikası ilə Misir arasında siyasi, iqtisadi və ticarət sahələrində əməkdaşlığa dair əlli sənəd imzalanıb.

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlıq potensialı
güclüdür və bu, Afrika ölkələri üçün də yeni ticarət
tərəfdaşlarının yaranmasında böyük imkanlar açır

- Azərbaycan digər Afrika ölkələri ilə də əməkdaşlığı gücləndirməkdədir. Bu sahədə sizin müşahidələriniz maraqlıdır.

- Azərbaycan Nigeriya ilə əlverişli ticarət əlaqələri yaradıb. Nigeriya Azərbaycandan, əsasən, meyvə, avtomobil və ev əşyaları idxal edir. Son iki onillikdə bu iki ölkə arasında ticarət əlaqələri 20% artıb və gələcəkdə daha çox artım gözlənilir.

Hazırda Azərbaycana kiçik həcmdə mallar ixrac edən Qana, Zambiya kimi ölkələrlə ticarət dövriyyəsinin səviyyəsi hələ aşağıdır.

Belə hesab edirəm ki, Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlıq potensialı güclüdür və bu, Afrika ölkələri üçün də yeni ticarət tərəfdaşlarının yaranmasında böyük imkanlar açır.

Tamilla MƏMMƏDOVA

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiMəcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi VergiSadələşdirilmiş verginin ödəyicilərinə vergi güzəşti VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiTorpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiTəsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası VergiMal mübadiləsi zamanı vergitutma VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiQeyri-kommersiya təşkilatlarının qeydiyyatı necə aparılır?