- Azərbaycanın fəal əməkdaşlıq etdiyi Afrika ölkələrindən biri Misirdir. Bu iki ölkə arasında investisiya imkanlarını necə qiymətləndirirsiniz?
- Misir firmaları Azərbaycana 2019-cu ildə 8 milyon dollar, 2020-ci ildə 8 milyon dollar, 2021-ci ildə isə 10 milyon dollar birbaşa xarici sərmayə qoyublar.
Misirlə Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrini gücləndirmək üçün tərəfdaşlıq qurmaq istəyən müəssisələrin sayı ilbəil artır. “Al Mocawloon”, “Al Arab” və “Dorra Group” kimi iri Misir şirkətləri gələcəkdə biznes əlaqələrini gücləndirmək üçün Azərbaycanın tikinti sektorunda imkanları fəal şəkildə araşdırırlar.
- Əlaqələrin dərinləşməsi və inkişafı üçün hansı mühüm addımlar atılır?
- 2023-cü ilin yanvarında iki ölkə liderlərinin Bakıda keçirilmiş görüşü ikitərəfli münasibətlərin inkişafı üçün ciddi stimul yaradır. Misir Prezidentinin Azərbaycana ilk səfəri zamanı hər iki ölkə başçısı Misir ilə Azərbaycan arasında sıx ikitərəfli münasibətlərin olduğunu vurğulayaraq, bu əlaqələrin daha da inkişaf etdirilməsində, eləcə də iki ölkə arasında bütün səviyyələrdə əməkdaşlığın və əlaqələndirmənin gücləndirilməsində maraqlı olduqlarını bir daha təsdiq etdlər.
Misirlə Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrini gücləndirmək
üçün tərəfdaşlıq qurmaq istəyən müəssisələrin sayı ilbəil artır
Bundan əlavə, prezidentlər yeni birgə işgüzar şuranın formalaşdırılması yolu ilə ticarət mübadilələrinin genişləndirilməsinin, özəl sektorlarda iqtisadi tərəfdaşlığın gücləndirilməsi istiqamətində işlərin aparılmasının vacibliyini vurğuladılar. Hər iki dövlətin başçıları mədəniyyət, su ehtiyatları, ticarət və sənaye sahələrində əməkdaşlığa dair anlaşma memorandumları imzaladılar.
- Azərbaycan-Misir Parlamentlərarası Əlaqələr Komissiyasının fəaliyyətini necə qiymətləndirirsiniz?
- 2022-ci ilin fevralında Bakıda Komissiyanın iclası keçirildi və bu iclasda 4 anlaşma memorandumu imzalandı. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misirin Ticarət və Sənaye Nazirliyi, AZPROMO ilə Misir İş Adamları Assosiasiyası, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə İsgəndəriyyə limanı arasında imzalanmış bu sənədlər əməkdaşlıq baxımından böyük perspektivə malikdir.
Azərbaycan-Misir biznes forumunun keçirilməsi əməkdaşlığın yeni və gələcək sahələrində imkanların araşdırılması üçün dialoq yaratmaq baxımından əhəmiyyətlidir.
Azərbaycanın və Misirin tarixinin ümimi sosial, siyasi, mədəni və iqtisadi reallıqları var. Hazırkı diplomatik münasibətlər Misirin 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanımasına əsaslanır. Misir Respublikasının Bakıdakı səfirliyi 1993-cü ilin aprelindən, Azərbaycan Respublikasının Qahirədəki səfirliyi isə 1994-cü ilin yanvarından fəaliyyət göstərir. İndiyədək Azərbaycan Respublikası ilə Misir arasında siyasi, iqtisadi və ticarət sahələrində əməkdaşlığa dair əlli sənəd imzalanıb.
Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlıq potensialı
güclüdür və bu, Afrika ölkələri üçün də yeni ticarət
tərəfdaşlarının yaranmasında böyük imkanlar açır
- Azərbaycan digər Afrika ölkələri ilə də əməkdaşlığı gücləndirməkdədir. Bu sahədə sizin müşahidələriniz maraqlıdır.
- Azərbaycan Nigeriya ilə əlverişli ticarət əlaqələri yaradıb. Nigeriya Azərbaycandan, əsasən, meyvə, avtomobil və ev əşyaları idxal edir. Son iki onillikdə bu iki ölkə arasında ticarət əlaqələri 20% artıb və gələcəkdə daha çox artım gözlənilir.
Hazırda Azərbaycana kiçik həcmdə mallar ixrac edən Qana, Zambiya kimi ölkələrlə ticarət dövriyyəsinin səviyyəsi hələ aşağıdır.
Belə hesab edirəm ki, Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlıq potensialı güclüdür və bu, Afrika ölkələri üçün də yeni ticarət tərəfdaşlarının yaranmasında böyük imkanlar açır.
Tamilla MƏMMƏDOVA