24 Avqust 2019

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Repititor müəllimlərin vergiyə cəlb olunması...

Azərbaycanda repititorluq fəaliyyəti 1990-cı illərdə test üsulunun tətbiqindən sonra geniş yayılmağa başlayıb. Artıq cəmiyyətdə ali məktəblərə hazırlığın repititor vasitəsilə aparılması ənənəsi möhkəmlənib. İndi valideynlər təkcə yuxarı sinif şagirdlərini deyil, ibtidai siniflərdə oxuyan uşaqları da dərsdən sonra müəllim yanına hazırlığa göndərirlər. Hazırda Bakı şəhərində repititorluqla məşğul olan müəllimlər bir şagirdi 50-150 manata hazırlaşdırırlar. Hazırlıq kurslarında bu qiymətlər daha yüksəkdir. Beləliklə, repititorluq fəaliyyətinin gəlirli sahə olması heç kimdə şübhə doğurmur. Ancaq həmin gəlirlərin vergiyə cəlb olunmasında ciddi çətinliklər mövcuddur.

Məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, hazırlıq kursları hüquqi şəxs kimi qeydiyyata alınır və vergiyə cəlb olunurlar. Ancaq orada işləyən müəllimlərin müqaviləsinin olması, əmək haqlarının vergiyə cəlb edilməsi barədə məlumatının olmadığını deyib: "Əsas məsələ məhz qeydiyyatsız formada öz evində və ya başqa məkanlarda fəaliyyət göstərən repititor müəllimlərin vergiyə cəlb olunmasıdır. Müşahidələrim onu göstərir ki, onlar indiki vəziyyətdə vergi ödənişindən kənardadırlar".

Ekspert həmin müəllimlərin vergiyə cəlb edilməsi istiqamətində atılmalı olan addımlara da toxunub. Onun fikrincə, repititorlar sabit vergi ödəyicisi kimi qeydiyyata alınaraq ödənişlərə cəlb oluna bilərlər: "Müəllimləri gəlir vergisinə cəlb etmək çox çətin olar. Çünki onun göstərdiyi xidmət müqabilində aldığı ödənişlərin qeydiyyatı aparılmadığından fəaliyyətinin yoxlanması da çox çətindir. Ay ərzində neçə şagird qəbul edib-etməməsi dəqiq bilinmir. Burada heç bir nağdsız ödəniş vasitələrindən istifadə olunmur. Ona görə də bu sahəyə nəzarət etmək çox çətindir. Burada ən optimal variant sabit vergi məbləğinin tətbiq edilməsi ola bilər".

R.Ağayev bu məbləğin tətbiq olunması zamanı paytaxtla regionlara fərq qoyulmasını da təklif edib. Bunu həmin ərazilərdə fəaliyyət göstərən repititorların eyni işə görə gəlirlərinin fərqli olması ilə izah edib: "Bakı və regionlarda repititorların tələbə hazırlığının qiymətlərində fərqlər var. Paytaxtda ödənişlər daha yüksəkdir. Tutaq ki, eyni fənni Bakıda müəllim aylıq 70 manata, kəndlərdə 30-40 manata tədris edir. Rayon mərkəzlərində qiymət bir qədər fərqlidir. Bu da mümkündür ki, Vergi Məcəlləsində bu məsələ tənzimlənərkən regionlar üzrə əmsallar tətbiq olunsun. Tutaq ki, 1 müəllim üçün aylıq baza məbləği 30 manat müəyyən edilir. Bakıda bu məbləğın 2 misli, rayonlarda 1 misli, kəndlərdə 0,5 misli tətbiq oluna bilər. Bu, daha real görünür".

İlk vaxtlar repititor müəllimlərin uçot sisteminin qurulmasında çətinliklərin olacağını istisna etməyən ekspert bunun üçün yerli icra orqanlarının imkanlarından istifadə etməyi vacib sayıb: "Mən əminəm ki, ədalətli məbləğ müəyyən olunarsa, repititorlar bu vergini ödəməkdən qaçmayacaqlar. Hazırda mikro sahibkarlıq subyektləri gəlirinin 5 faizi məbləğində vergi ödəyir. Sadələşdirilmiş vergi isə 2 faizdir. Müəllimlər üçün nəzərdə tutulan məbləğ bu faizlərdən aşağı olarsa, onlar da vergi ödəməkdə maraqlı olacaqlar. Bu, büdcə daxilolmalarına ciddi təsir etməyəcək, amma vergi mədəniyyətinin formalaşması və gizli iqtisadiyyatın leqallaşması baxımından çox əhəmiyyətlidir".

Təhsil üzrə ekspert Kamran Əsədov da hesab edir ki, repititor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi və bu işin təşkili vacibdir. Onun fikrincə, bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı:

Hesab edirəm ki, bu fəaliyyətlə məşğul olan hər kəs sadələşdirilmiş qaydada vergi ödəyicilərinə çevrilməlidir. Amma unutmaq olmaz ki, repititor müəllim mütəmadi olaraq eyni məbləğdə pul qazanmır. Əlavə ödənişlərin məbləği yüksək olacağı təqdirdə, repititor müəllimlər də xidmət haqlarını qaldıracaqlar ki, bu da təhsil almaq istəyən imkansız şəxslərin elmə gəlməsinə, təhsil almasına ciddi şəkildə mane ola bilər".

Fərqanə ALLAHVERDİQIZI