13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Laslo Vasa: "Macarıstan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak etmək niyyətindədir"

Azərbaycan ilə Macarıstan arasında iqtisadi, təhsil və bir sıra digər sahələrdə strateji əlaqələr qurulub və bu əlaqələrin davamlı şəkildə genişlənməsi müşahidə olunur. Ötən il Bakı ilə Budapeşt arasında birbaşa uçuşlar bərpa edilib. Fevralın əvvəlində Bakıda İqtisadi Əməkdaşlıq üzrə Macarıstan-Azərbaycan Birgə Komissiyasının 8-ci iclası keçirilib. Macarıstanın Xarici işlər və ticarət naziri Peter Szijartonun müşayiəti ilə 24 Macarıstan şirkətinin nümayəndəsi Macarıstan-Azərbaycan biznes forumunda iştirak edib. Azərbaycan-Macarıstan əlaqələri ilə bağlı “vergiler.az”ın suallarını cavablandıran iqtisadçı ekspert, Macarıstanın Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunun baş elmi işçisi, professor Laslo Vasa qeyd edib ki, hər iki ölkə çox fəal mədəni, siyasi və iqtisadi əlaqələri olan strateji tərəfdaşdır.

Onun sözlərinə görə, Macarıstan Azərbaycan şirkətlərinin Avropadakı fəaliyyətlərində baza rolunu oynaya, eyni zamanda Azərbaycan mal və xidmətləri üçün Avropada bazarların formalaşdırılmasını təmin edə bilər: "Hazırda enerji sahəsində əməkdaşlıq həmişəkindən daha aktualdır. Macarıstanın neft şirkəti Azərbaycanda investisiyalarla təmsil olunur və ölkəmiz Cənub Qaz Dəhlizi layihəsində iştirakda, Azərbaycandan qaz idxalını artırmaqda maraqlıdır. Azərbaycandan Macarıstana təkcə neft və qaz deyil, elektrik enerjisi də ixrac ediləcək. Elm, təhsil, bilik ixracı sahəsində əməkdaşlıq üçün çox yaxşı imkanlar var", - ekspert qeyd edib.

L.Vasanın fikrincə, ticarət dövriyyəsinin və investisiyaların yaxşılaşdırılması, xüsusilə aqrar-ərzaq sektoru, loqistika, turizm və infrastrukturun inkişafı üçün bir sıra imkanlar var: "Hazırda ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi o qədər də böyük deyil, ildə təqribən 40-50 milyon ABŞ dolları təşkil edir. Bununla belə, Macarıstanın idxal tendensiyası güclənir və planlaşdırılan qaz idxalı bu rəqəmləri artıra bilər. Macarıstanın "MOL Group" neft şirkəti və dərman məhsullarının istehsalçısı “Gedeon Richter” Azərbaycanda geniş sərmayələrlə təmsil olunur. Bundan əlavə, Macarıstanın müxtəlif məhsul və xidmətlərə (texnologiya, xidmətlər, İT) malik şirkətləri Azərbaycanda fəal işləyirlər”, - ekspert deyib.

Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının fəaliyyətinə diqqət yönəldən L.Vasa qeyd edib ki, Komissiya ölkələrimiz arasında işgüzar fəallığın təşviqi və stimullaşdırılması üçün əla platformadır.

“Macarıstan Azərbaycan hökumətinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etmək niyyətindədir və bu sahədə şirkətlərinin iştirakını təşviq edir. Bu məqsədlə Macarıstanın “Eksimbank”ı 120 milyon ABŞ dolları məbləğində kredit xətti açıb”, - L.Vasa vurğulayıb.

Azərbaycanın təkcə iqtisadi baxımdan deyil, həm də uğurlu xarici siyasət sayəsində beynəlxalq aləmdə öz yerini tutduğuna böyük əhəmiyyət verən ekspert deyib: “Torpaqlarını işğaldan azad etmiş Azərbaycan beynəlxalq siyasətdə çox fəal rol oynayır, təkcə regionda deyil, bütün dünyada sülh prosesini dəstəkləyir. Bu baxımdan, Azərbaycanın beynəlxalq aləmdə rolu hər gün artır”.

Tamilla MƏMMƏDOVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?