Onun sözlərinə görə, Macarıstan Azərbaycan şirkətlərinin Avropadakı fəaliyyətlərində baza rolunu oynaya, eyni zamanda Azərbaycan mal və xidmətləri üçün Avropada bazarların formalaşdırılmasını təmin edə bilər: "Hazırda enerji sahəsində əməkdaşlıq həmişəkindən daha aktualdır. Macarıstanın neft şirkəti Azərbaycanda investisiyalarla təmsil olunur və ölkəmiz Cənub Qaz Dəhlizi layihəsində iştirakda, Azərbaycandan qaz idxalını artırmaqda maraqlıdır. Azərbaycandan Macarıstana təkcə neft və qaz deyil, elektrik enerjisi də ixrac ediləcək. Elm, təhsil, bilik ixracı sahəsində əməkdaşlıq üçün çox yaxşı imkanlar var", - ekspert qeyd edib.
L.Vasanın fikrincə, ticarət dövriyyəsinin və investisiyaların yaxşılaşdırılması, xüsusilə aqrar-ərzaq sektoru, loqistika, turizm və infrastrukturun inkişafı üçün bir sıra imkanlar var: "Hazırda ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi o qədər də böyük deyil, ildə təqribən 40-50 milyon ABŞ dolları təşkil edir. Bununla belə, Macarıstanın idxal tendensiyası güclənir və planlaşdırılan qaz idxalı bu rəqəmləri artıra bilər. Macarıstanın "MOL Group" neft şirkəti və dərman məhsullarının istehsalçısı “Gedeon Richter” Azərbaycanda geniş sərmayələrlə təmsil olunur. Bundan əlavə, Macarıstanın müxtəlif məhsul və xidmətlərə (texnologiya, xidmətlər, İT) malik şirkətləri Azərbaycanda fəal işləyirlər”, - ekspert deyib.
Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının fəaliyyətinə diqqət yönəldən L.Vasa qeyd edib ki, Komissiya ölkələrimiz arasında işgüzar fəallığın təşviqi və stimullaşdırılması üçün əla platformadır.
“Macarıstan Azərbaycan hökumətinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etmək niyyətindədir və bu sahədə şirkətlərinin iştirakını təşviq edir. Bu məqsədlə Macarıstanın “Eksimbank”ı 120 milyon ABŞ dolları məbləğində kredit xətti açıb”, - L.Vasa vurğulayıb.
Azərbaycanın təkcə iqtisadi baxımdan deyil, həm də uğurlu xarici siyasət sayəsində beynəlxalq aləmdə öz yerini tutduğuna böyük əhəmiyyət verən ekspert deyib: “Torpaqlarını işğaldan azad etmiş Azərbaycan beynəlxalq siyasətdə çox fəal rol oynayır, təkcə regionda deyil, bütün dünyada sülh prosesini dəstəkləyir. Bu baxımdan, Azərbaycanın beynəlxalq aləmdə rolu hər gün artır”.
Tamilla MƏMMƏDOVA