14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nigar Vahabzadə: "Əmək bazarında şəffaflaşma prosesi davam edir" MÜSAHİBƏ

Son 3 ildə ölkənin əmək bazarında ciddi dəyişikliklər müşahidə edilir. Uzun illər qeyri-rəsmi əmək münasibətlərinə önəm verən sahibkarlar iş yerlərinin və əmək haqlarının “ağardılması”na önəm verməyə başlayıblar. Bunun əsas səbəbi 2019-cu ildən tətbiq olunan vergi təşviqləridir. Həmin təşviqlərin əmək bazarına təsirləri, vergi orqanlarının əmək və xidməti müqavilələrə olan tələbləri, bu sahədə görülən işlərlə bağlı suallarımızı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə cavablandırır:

- Nigar xanım, 2019-cu ildə vergi sistemində aparılan islahatlar əmək bazarında əhəmiyyətli dəyişikliklərə gətirdi. Biznes üçün təşviqedici vergi güzəştlərinin verilməsindən artıq 3 ilə yaxın bir müddət keçir. Bu gün həmin güzəştlərin əmək bazarına təsirini necə qiymətləndirmək olar?

- Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı tərəfindən əmək münasibətlərinin şəffaflaşdırılması, özəl sektorda əmək müqavilələrinin bağlanmasına nəzarətin artırılması, "kölgə iqtisadiyyatı"nın səviyyəsinin azaldılması, vergidən yayınmanın qarşısının alınması, bazarda sağlam rəqabətin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi ilə bağlı müvafiq göstərişlər verildi. Bu baxımdan, həmin dövrdə vergi sistemində aparılan islahatlar çərçivəsində ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə əmək bazarında vergi təşviqləri müəyyən edildi. Belə ki, vergi qanunvericiliyinə 2019-cu ildən edilmiş dəyişikliklərə əsasən, qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan şəxslərin muzdlu işdən 8.000 manatadək əldə etdikləri gəlirləri 7 il müddətinə vergidən azad edildi. Özəl sektor üçün bu, çox əhəmiyyətli bir təşviqdir və 3 il sonra biz əldə edilmiş nəticələri qiymətləndirsək, əmək bazarına müsbət təsir etdiyini görə bilərik. 2022-ci ilin 1 may tarixinə aktiv əmək müqavilələrinin sayı 1 mln. 691 mindən çoxdur. 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 290 minə yaxın artıb. Artımın 80%-i (242 min) məhz islahatın tətbiq olunduğu qeyri-neft özəl sektorun payına düşür.

2022-ci ilin 1 may tarixinə aktiv əmək müqavilələrinin sayı 1 mln.
691 mindən çoxdur. 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin
sayı 290 minə yaxın artıb. Artımın 80%-i (242 min) məhz islahatın tətbiq
olunduğu qeyri-neft özəl sektorun payına düşür.

- Vergi güzəştləri təkcə muzdlu işçilərin sayının artmasına, əmək müqavilərinin bağlanmasına deyil, həmçinin bütövlükdə biznesin fəaliyyətinin “ağarması”na da müsbət təsir göstərib...

- Bəli, bu proses multiplikativ effekt daşıyır. Əmək bazarının şəffaflaşması özəl sektor üzrə digər müsbət tendensiyalara da yol açıb. Belə ki, islahatlar nəticəsində əmək müqavilələrinin sayının artması ilə yanaşı, illik əməkhaqqı fondu, dövlət büdcəsinə ödəmələrin məbləği də artıb. Əməkhaqqı fondunun artması məcburi dövlət sosial sığorta haqlarının da artımına səbəb olub. 2021-ci ilin məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar 109,9%, o cümlədən qeyri büdcə üzrə 113% səviyyəsində icra edilib. Həmçinin, qeyri-büdcə üzrə 2021-ci ilin icra göstəricilərini 2019-cu ilin icrası ilə müqayisə etsək, Dövlət Sosial Müdafiə Fonduna 615.6 mln. manat proqnozdan daha çox vəsaitin toplanmasını görə bilərik.

- Pandemiya dövründə biznesin fəaliyyətinin sağlam və şəffaf olmasının vacibliyi bir daha özünü göstərdi. Fəaliyyətini şəffaf quran şirkətlər dövlət dəstəyi hesabına iş yerlərinin itirilməsinin qarşısını ala bildilər. Ümumiyyətlə, bu dövr ölkə üzrə işçi sayının dinamikasına necə təsir etdi?

- Koronavirus pandemiyası iqtisadiyyatda şəffaflığın təmin edilməsinin, sahibkarlara isə şəffaf işləməyin vacibliyini bir daha ortaya qoydu. “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamı ilə müvafiq Tədbirlər Planı təsdiq edildi. Tədbirlər Planına uyğun olaraq, iqtisadi artıma və sahibkarlığa dəstək məqsədilə muzdlu işçilərə əmək haqlarının ödənilməsi, fərdi sahibkarlara maliyyə dəstəyi, iqtisadiyyata güzəştli kredit dəstəyi, vergi güzəştləri və digər dəstəkləyici tədbirlər həyata keçirildi.

2021-ci ilin məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar 109,9%, o cümlədən
qeyri büdcə üzrə 113% səviyyəsində icra edilib. Həmçinin, qeyri-büdcə üzrə 2021-ci ilin
icra göstəricilərini 2019-cu ilin icrası ilə müqayisə etsək, Dövlət Sosial Müdafiə Fonduna
615.6 mln. manat proqnozdan daha çox vəsaitin toplanmasını görə bilərik.

Muzdlu işçilərə əmək haqlarının ödənilməsi dəstəyindən yalnız şəffaf işləyən sahibkarlar yararlana bildi. Belə ki, vergi ödəyiciləri maliyyə dəstəyi əldə edən zaman müraciət tarixinə faktiki əmək müqavilələri üzrə işçi saylarını elektron qaydada qeyd etməli oldular. Bu zaman onların məlumatları uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanırdı. Beləliklə, sahibkar maliyyə dəstəyini rəsmiləşdirilmiş iş yerləri və əməkhaqqı fondu üzrə əldə etmiş oldu. Bu proses də öz növbəsində iş yerlərinin rəsmiləşdirilməsinə, əməkhaqqı fondunun “ağardılmasına” daha bir stimul verdi. Məlumat üçün bildirim ki, sərəncamın icrası ilə əlaqədar Dövlət Vergi Xidməti tərəfindən ümumilikdə 01.05.2022-ci il tarixə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 25.184 vergi ödəyicisinin 243.962 nəfər muzdlu işçilərinin əmək haqlarının ödənilməsi üçün 250,8 milyon manat vəsaitin onların bank hesablarına köçürülməsi təmin edilib. Dövlətin sahibkarlara göstərdiyi maliyyə və digər zəruri iqtisadi dəstək nəticəsində Azərbaycan pandemiya dövründə əsas iqtisadi göstəricilərini həmin dövrün əvvəlinə olan səviyyədə saxlamağı bacardı.

- Vergi orqanları əmək müqavilələrinin bağlanması prosesinə nəzarətdə iştirak edən dövlət qurumlarından biridir. Vergi xidmətinin baxışından yanaşıldıqda işçilərlə müqavilələrin bağlanmasından yayınmaya görə hansı sektorlar daha riskli hesab olunur?

- Məlumat üçün bildirim ki, Dövlət Vergi Xidmətində 2020-ci ildən “Əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə” Konsepsiya təsdiq edilib. Konsepsiyanının tələblərinə uyğun olaraq, işçiyə minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edən, o cümlədən təqdim olunmuş bəyannamələrdə sosial sığorta və işsizlikdən sığorta hesabatlarında əks etdirilən əməkhaqqı məbləğləri sahibkarın real potensialı, eləcə də həmin sektorda işləyən digər sahibkarların əməkhaqqı məbləği göstəriciləri ilə müqayisədə, həmçinin fəaliyyət göstərdiyi sahəyə, dövriyyəsinə və s. məlumalara görə fərqli olan vergi ödəyiciləri müəyyən edilir. Hər kəsə məlumdur ki, 2022-ci il yanvarın 1-dən ölkə üzrə minimum əməkhaqqının məbləği 300 manat müəyyən olunub. Bununla bağlı iş yerlərində yanvarın 1-dək 300 manatdan aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik olunmalıdır. Dövlət Vergi Xidməti tərəfindən proqram təminatı vasitəsilə iş yerlərində bağlanmış əmək müqavilələrinə dair məlumatlar, o cümlədən əməkhaqları real vaxt rejimində izlənilir. Yanvar ayından bugünə artıq 5 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də əsas iş yerində tam iş qrafiki ilə işləyən sığortaolunanların əməkhaqqı məbləğlərinə dəyişiklik olunmayan müqavilələr qalmaqdadır. Bununla bağlı Dövlət Vergi Xidmətindən ödəyicilərə bildirişlər göndərilib. Əks halda, əməkhaqqı məbləğini ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqıdan aşağı qeyd edən işəgötürənə İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinin tələbinə əsasən 1000 manatdan 1500 manatadək cərimə tətbiq ediləcəkdir.

Dövlətin sahibkarlara göstərdiyi maliyyə və digər zəruri iqtisadi
dəstək nəticəsində Azərbaycan pandemiya dövründə əsas iqtisadi
göstəricilərini həmin dövrün əvvəlinə olan səviyyədə saxlamağı bacardı.

Araşdırmalar onu deməyə əsas verir ki, əmək müqavilələri qüvvəyə minmədən işlərə cəlbetmə və ya çalışdığı işə uyğun olmayan formal qaydada müqavilədə ölkə üzrə minimum əməkhaqqı məbləği səviyyəsində göstərən vergi ödəyiciləri daha çox tikinti, pərakəndə ticarət, xidmət, iaişə sahələrində fəaliyyət göstərir. Belə olan halda, sahibkar işçilərə uçotdan kənar əməkhaqqı verməklə işçilərin sosial təminatının və fərdi kapitalına yığılmalı məbləğin az olmasına səbəb olur. Biz bunu şərti olaraq “boz zonalar” adlandırırıq.

- Dövlət Vergi Xidməti əmək müqavillələrinin bağlanması prosesinə tələbləri və nəzarəti kifayət qədər gücləndirib. Hazırda işəgötürənlərə işçilərin rəsmiləşdirilməsi üçün hansı nəzarət tədbirləri həyata keçirilir?

- Vergi orqanlarının apardığı yoxlamalar zamanı vergi ödəyicisi tərəfindən işçilərin əmək müqaviləsiz işə cəlb olunması faktlarını aşkara çıxarmaq məqsədilə Vergi Məcəlləsinin 58.10-cu maddəsi tətbiq edilir. Həmin maddəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2 min manat, ikinci dəfə yol verdikdə 4 min manat, üç və daha çox dəfə yol verdikdə isə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Vergi orqanları tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində 2021-ci ildə əmək müqaviləsiz işə cəlb olunmuş 6329, 2022-ci ilin 4 ayı arzində isə 1557 şəxs aşkar edilib. Əgər yoxlama zamanı əmək müqaviləsi bildirişi olmadan xeyli sayda, yəni on nəfər və ondan çox işçinin əməyə cəlb edilməsi aşkara çıxarılarsa, bu zaman işəgötürənə Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə uyğun olaraq, 7 min manatdan 10 min manatadək məbləğdə cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur.

Burada bir vacib məsələni də qeyd edək ki, yalnız bir dəfə Cinayət Məcəlləsi üzrə tələbləri pozan şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

Dövlət Vergi Xidməti tərəfindən proqram təminatı vasitəsilə iş yerlərində bağlanmış
əmək müqavilələrinə dair məlumatlar, o cümlədən əmək haqları real vaxt
rejimində izlənilir. Yanvar ayından bugünə artıq 5 aya yaxın vaxt keçməsinə
baxmayaraq, hələ də əsas iş yerində tam iş qrafiki ilə işləyən
sığortaolunanların əməkhaqqı məbləğlərinə dəyişiklik olunmayan müqavilələr
qalmaqdadır. Bununla bağlı Dövlət Vergi Xidmətindən ödəyicilərə bildirişlər göndərilib.

- Ötən il Əmək Məcəlləsində edilmiş dəyişikliklərdən sonra xidməti müqavilələrin bağlanması ilə bağlı yeni yanaşmalar tətbiq olundu, əmək münasibətlərinin mövcud olduğu şərtlərdə xidməti müqavilələrin əmək müqavilələri ilə əvəzlənməsi tələb edildi. Hazırda bu sahədə hansı işlər görülür?

- 2021-ci ildə Əmək Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi Əmək Məcəlləsinin vəzifə və prinsiplərinə əlavə edilib. Əmək Məcəlləsində tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab olunan və onların mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməyən hallar müəyyən edilib. Bu dəyişikliklərdə ən vacib və bu günə qədər mübahisə yaradan bir neçə hal var ki, həmin məqamlara xüsusi diqqət yetirməyi tövsiyə edərdim. Tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifə tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yaranırsa, bu zaman işçi ilə əmək müaviləsi bağlanılmalıdır. Əgər şəxs işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunubsa, bu zaman da tərəflər arasında mülki-hüquqi müqavilənin bağlanılmasına yol verilmir. Göstərilən xidmətə görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsində qeyd edilmiş aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda əmək müqaviləsi bağlanılması mütləq sayılır. Mülki-hüquqi müqavilələr müvəqqəti xarakterə malik olduğu zaman müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimlənəndə yaranmış münasibətlər əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Mülki-hüquqi müqavilələrdə tərəflərdən biri digər tərəf qarşısında əmək məzuniyyəti, təhsil məzuniyyəti, işdənçıxma müavinəti, istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya və sair kimi öhdəlikləri öz üzərinə götürürsə, bu cür münasibətlər də əmək münasibətləri hesab olunur.

Vergi orqanları tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri
nəticəsində 2021-ci ildə əmək müqaviləsiz işə cəlb olunmuş 6329,
2022-ci ilin 4 ayı arzində isə 1557 şəxs aşkar edilib.

Çox zaman sahibkar işəgötürənin üzərinə düşən vergi öhdəliklərini azaltmaq məqsədilə işçi ilə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlayır. Belə olan halda, həmin şəxs vergi orqanında vergi uçotuna durmağa məcbur olur və bu zaman o, artıq vergi ödəyicisi kimi dövlət qarşısında öhdəliklərini (vergi, sosial ödənişlər, bəyannamələrin təqdim olunması, həmin bəyannamələri gecikdirdiyi zaman maliyyə sanksiyaları və cərimələrin ödənilməsi) yerinə yetirməyə borcludur. Dövlət Vergi Xidməti tərəfindən aparılan nəzarət tədbirləri zamanı bu cür hallar aşkar edildikdə sahibkara vergidən yayınma halı kimi müvafiq tədbirlər görülür. Bu baxımdan belə həssas məqamlar əmək və xidməti müqavilələrin bağlanması zamanı mütləq nəzərə alınmalıdır.

Bütövlükdə, qanunvericilikdə edilmiş dəyişikliklər, biznesin fəaliyyətində “ağarma” proseslərinin sürət götürməsi, dövlət orqanları tərəfindən həyata keçirilən müvafiq tədbirlər əmək bazarında şəffaflaşmanın, əmək müqavilələrinin və əməkhaqqı fondunun “ağarması”nın davam edəcəyinə əminlik yaradır.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?