17 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yüksək göstəricilərə malik milli vergi sistemimizin qlobal mövqeyi möhkəmlənir MƏQALƏ

Ölkəmizdə vergi siyasətinin tənzimləyici rolunun artırılması, əlverişli, şəffaf və cəlbedici vergi mühitinin formalaşdırılması, sahibkarlar üçün xidmətlərin təkmilləşdirilməsi məqsədilə ardıcıl və geniş islahatlar həyata keçirilir. Yüksək nəticələrin əldə edilməsi ilə səciyyələnən bu islahatlar son illər daha intensiv xarakter alıb və bu mənada yola saldığımız 2024-cü il də mütərəqqi vergi təşviqlərinin tətbiqi ilə zəngin bir il olub. 2024-cü il milli vergi sisteminin beynəlxalq vergi sistemləri ilə inteqrasiyası, qlobal müstəvidə uğurlu təmsilçilik və beynəlxalq reytinqlərdə irəliləyişlə səciyyələnir.

Avropadaxili Vergi Administrasiyaları Təşkilatına prezidentlik

Ötən ilin iyun ayında 2024-2025-ci illər üzrə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidentliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) həvalə edildi. Bu etimad ölkəmizin vergi sisteminə olan inamın təzahürüdür. Çünki mötəbər beynəlxalq təşkilata rəhbərlik qlobal biznes mühitində mühüm rola malik, mütərəqqi və dəyişikliklərə çevik uyğunlaşan vergi sistemlərinə etibar edilir. Beynəlxalq təşkilata sədrlik qlobal ictimai maraqlara xidmət etməklə beynəlxalq vergi siyasətinə təsir göstərmək, faydalı təşəbbüslər irəli sürmək və iqtisadi sabitliyə töhfə vermək imkanı yaradır. DVX-nin təşəbbüsü ilə IOTA-nın fəaliyyətinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması və mövqeyinin möhkəmləndirilməsi üçün bir sıra təkliflər hazırlanıb və hazırda bu istiqamətdə fəal iş gedir. DVX və IOTA-nın uzunmüddətli faydalı əməkdaşlığı mövcuddur və bu faktı qurumun rəsmiləri də təsdiqləyirlər. IOTA-nın icraçı katibi Aliks Perinyon De Troy Bakıda səfərdə olarkən jurnalistlərə verdiyi açıqlamada DVX-ni IOTA-nın sadiq üzvü adlandırıb. Ölkəmizin vergi sistemi qlobal dəyərlərə və etibarlı tərəfdaşlara sadiq qalaraq beynəlxalq vergi məsələlərinin həllinə də töhfələr verir.

Ötən ilin iyun ayında 2024-2025-ci illər üzrə Avropadaxili Vergi
Administrasiyaları Təşkilatının (IOTA) prezidentliyi İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) həvalə edildi

Yaşıl inkişaf üçün qlobal tərəfdaşlığa doğru

Ötən il ölkəmizdə keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və çərçivəsində dayanıqlı iqlim həllərində vergi siyasətinin roluna dair faydalı müzakirələr təşkil edildi. Sentyabrın 25-də Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirildi. IOTA və DVX-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və biznes liderlərinin iştirakı ilə karbon qiymətlərinin müəyyənləşdirilməsi mexanizmləri, onların tətbiqi ilə bağlı beynəlxalq təcrübə və yeni yanaşmalar nəzərdən keçirildi. COP29 çərçivəsində isə DVX-nin təşkilatçılığı ilə “Karbon qiymətqoyma: mövcud problemlər və yeni strategiyalar” mövzusunda panel müzakirəsi baş tutdu. Tədbirdə karbon emissiyaları ilə mübarizənin effektiv üsulları müzakirə edildi. OECD-nin baş katibinin müavini Fabrisiya Lapekorellanın moderatorluğu ilə keçirilən paneldə qlobal istiləşmə, iqlim dəyişikliyi və karbon emissiyalarına səbəb olan ən fundamental amillər barədə fikir mübadiləsi aparıldı. Zaman keçdikcə iqtisadi strategiyaların hədəflərinə daxil edilən effektiv yanaşmaların və yeni texnoloji həllərin tətbiqi gündəmə gətirildi. Beynəlxalq müzakirə mövzusu olan karbon qiymətləri alətlərinin icmalı, ölkələrin daxilində və beynəlxalq səviyyədə bu cür siyasətlərin əsas təsirləri, Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi (CBAM), effektiv karbon qiymətlərinin müəyyənləşdirilməsi üçün beynəlxalq əməkdaşlıq məsələləri də əhatə edildi. Bütün bu təşəbbüslər ölkəmizin vergi sisteminin beynəlxalq vergi sistemlərinə fəal inteqrasiyası və təşəbbüskarlıq potensialının yüksək olduğunu sübut edir.

Azərbaycanın vergi sistemində 2019-cu ildə başlanmış və əmək
bazarında təşviq mexanizminə əsaslanan islahatların nəticələri
Harvard Universitetinin ekspertləri tərəfindən yüksək dəyərləndirilib

Azərbaycanın vergi sistemindəki inkişaf beynəlxalq səviyyədə təqdir edilir

Ölkəmizin vergi sisteminin qlobal idarəçilik və əməkdaşlığın təşviqi sahəsində uğurlu təmsilçiliyi ötən il nüfuzlu beyin mərkəzləri tərəfindən təqdir edilərək beynəlxalq reytinqlərdə də mövqeyinin yüksəlməsi və əlaqələrin gücləndirilməsi ilə müşayiət olunub.

Bir müddət əvvəl Azərbaycanın vergi sistemində 2019-cu ildə başlanmış və əmək bazarında təşviq mexanizminə əsaslanan islahatların nəticələri Harvard Universitetinin ekspertləri tərəfindən yüksək dəyərləndirilib. Universitetin "Growth Lab" Mərkəzi ölkəmizin iqtisadiyyatı üzrə aparılan diaqnostik qiymətləndirmə layihəsi çərçivəsində əmək bazarında həyata keçirilən islahatların nəticələrini təhlil edib və bu məsələdə Azərbaycanın uğur hekayəsini müsbət nümunə kimi göstərib. Harvard mütəxəssisləri hesab edirlər ki, bu, təşviqlərin bizneslərin leqallaşması üçün səmərəli ola biləcəyinə yaxşı nümunədir. Düzgün siyasət həyata keçirməklə leqallaşma sahəsində nəzərəçarpan tərəqqiyə nail olmaq mümkündür və eyni problemlərlə qarşılaşan digər ölkələr Azərbaycanın yanaşmasını potensial model olaraq araşdırmalıdırlar. Bu, ölkəmizdə aparılan mütərəqqi islahatların nəticəyönümlü olmasından xəbər verir.

2024-cü il Azərbaycanın vergi sistemi üçün yüksək beynəlxalq reytinqə layiq görülməsi ilə də əlamətdar oldu. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına məxsus “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum” tərəfindən Azərbaycan ən yüksək “compliant” (uyğundur) reytinq balına layiq görüldü. Qlobal Forum çərçivəsində Azərbaycanın ən yüksək reytinqə layiq görülməsi ölkəmizdə şəffaf, beynəlxalq standartlara uyğun və bütün tərəfdaş ölkələrlə səmərəli məlumat mübadiləsinin aparılması imkanını təmin edən müasir vergi sisteminin mövcud olmasından xəbər verir.

Bütün bu uğurlarla yanaşı, ötən il DVX bir çox beynəlxalq tədbirlərdə təmsil olunub və ölkəmizin vergi inzibatçılığının ayrı-ayrı sahələri üzrə təcrübəsi təqdim edilib.

Azərbaycanın ən yüksək reytinqə layiq görülməsi ölkəmizdə şəffaf,
beynəlxalq standartlara uyğun və bütün tərəfdaş ölkələrlə
səmərəli məlumat mübadiləsinin aparılması imkanını təmin edən
müasir vergi sisteminin mövcud olmasından xəbər verir

Vergi sahəsində xarici əlaqələrin gücləndirilməsi istiqamətində də irəliləyişlər olub. 19 fevral 2024-cü il tarixində “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” imzalanıb. Bu saziş həm Azərbaycan iqtisadiyyatına Türkiyə investisiyalarının cəlb edilməsi, həm də bir dövlətin müəssisələri və fiziki şəxslərinin digər dövlətdə iqtisadi fəaliyyətlə məşğul olduqları zaman onlar üçün əlverişli vergi mühitinin yaradılması baxımından əhəmiyyətli hesab edilir. Oman Sultanlığının Məsqət şəhərində “Azərbaycan Respublikası Hökuməti və Oman Sultanlığı Hökuməti arasında gəlirə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” layihəsi üzrə danışıqlar keçirilib. “Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında gəlir vergilərinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin ratifikasiyası haqqında” Qırğız Respublikasının Qanunu imzalanıb.

Beynəlxalq təşkilatlar tərəfindən keçirilən sorğuların nəticələrinə görə, ölkəmizdə biznes mühitinin daha da təkmilləşdirilməsi və investorların gözləntilərinin yaxşılaşması müşahidə edilir. Bu nəticənin əldə edilməsində ölkəmizdə aparılan vergi islahatlarının mühüm rolu var. Əldə edilmiş nailiyyətlər onu deməyə əsas verir ki, mütərəqqi vergi sistemi təkcə maliyyə sabitliyi üçün vacib deyil, həm də qlobal birliyin gücləndirilməsində və müasir iqtisadiyyatın ehtiyaclarının ödənilməsində mühüm rol oynayır.

Gülay NƏBİYEVA

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?