12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan iqtisadiyyatının hansı sahələri xarici investorlar üçün daha cəlbedicidir? II hissə

Məqalənin əvvəlki hissəsi ilə buradan tanış olmaq olar

Xarici ekspertlərin cavabları və Azərbaycanın iqtisadi imkanları…

Azərbaycan işğaldan azad edilmiş ərazilərə xarici investorların cəlbi istiqamətində fəal iş aparır, bir sıra ölkələr ərazilərin bərpasında və infrastruktur layihələrinin həyata keçirilməsində fəal iştirak edir.
2022-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,276 milyard dollar təşkil edib. Hesabat dövründə neft-qaz sektorunun investisiyalarda xüsusi çəkisi 71% təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 12,5 faiz bəndi azdır.

Ümumiyyətlə, 1995-ci ildən indiyədək Azərbaycana 296,3 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da 150,4 milyard dolları xarici investisiyalardır.

Yerli və xarici investorları Azərbaycan iqtisadiyyatının müəyyən sahələrinə investisiya qoymağa sövq edən amillər hansılardır? Bu suala cavab verərkən, ilk növbədə, respublikamızda əlverişli investisiya mühitinin yaradıldığını qeyd etməliyik. Azərbaycan dövləti milli iqtisadiyyata müxtəlif mənbələrdən investisiyaların cəlb edilməsi üçün güclü siyasi iradə nümayiş etdirir. Bu mövqe ölkədə biznes mühitinin ardıcıl optimallaşdırılmasında, qanunvericilik bazasının təkmilləşdirilməsində, yeni çağırışlara uyğun qərarların qəbulunda özünü göstərir.

vergiler.az” xarici investorları Azərbaycan iqtisadiyyatının hansı sahələrinin cəlb etdiyini araşdırıb.

Rusiyalı iqtisadçı, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti Stanislav Mitraxoviç bildirib ki, bu il Azərbaycana Rusiya investisiyalarının axını artacaq. Azərbaycan iqtisadiyyatının böyük potensialı, irimiqyaslı infrastruktur və sənaye layihələrinin həyata keçirilməsi bunu sübut edir. Rusiya Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların həcminə görə ilk 5 ölkə sırasındadır.

“Rusiya və Azərbaycan müəssisələri arasında iqtisadi əlaqələrin inkişafı üçün prioritet sahələr neft-qaz kompleksi, avtomobil, kimya və yüngül sənaye, kənd təsərrüfatı, yol tikintisidir. Bu gün Azərbaycanda mindən çox müştərək müəssisə fəaliyyət göstərir ki, onların da üç yüzü 100 faiz Rusiya kapitalı ilə yaradılıb. Azərbaycan bir çox Rusiya şirkətləri üçün prioritet bazarlardan biri hesab olunur. İnvestisiya üçün perspektivli sahələrdən danışsaq, turizm, kənd təsərrüfatı, sənaye kimi sahələrin adını çəkərdim.

Azərbaycanın işğaldan azad edilmiş rayonlarında, Xəzər dənizinin sahillərində ciddi turizm potensialı mövcuddur. Ona görə də buraya həm Rusiya turizm şirkətləri, həm də iri biznes nümayəndələri axın edir. Bundan əlavə, Rusiya biznesi kənd təsərrüfatı məhsullarının emalı, nəqliyyat və logistika layihələrinə sərmayə qoymağa hazırdır. Sənayeyə gəlincə, bu sahədə əməkdaşlıq hər iki ölkənin qarşılıqlı maraqlarına əsaslanmalıdır. Maşınqayırma və yüngül sənaye sahələrində ixtisaslaşmış Rusiya Azərbaycanda mövcud potensialdan istifadə etməklə belə layihələrə sərmayə qoya bilər. Bura avtomobillərin, mikroavtobusların, vertolyotların istehsalı daxildir”, - ekspert bildirib.

İtaliyalı iqtisadi ekspert Luka Biançinin fikrincə, İtaliya və Azərbaycanın səmərəli əməkdaşlıq edə biləcəyi əsas sahələr ticarət, kənd təsərrüfatı və mədəniyyətdir. Universitetlər arasında mübadilənin genişləndirilməsi iki ölkə arasında siyasi və diplomatik əlaqələrin möhkəmləndirilməsinin ən yaxşı yoludur.

Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin professoru Safiddin Juraev deyir ki, Azərbaycanda 53 Özbəkistan şirkəti fəaliyyət göstərir və onların iştirakı ilə bir çox layihələr həyata keçirilir. Uğurlu nümunə kimi Özbəkistan avtomobillərinin və avtobuslarının birgə istehsalına başlanılmasıdır. Kənd təsərrüfatı, xüsusilə toxumçuluq sahəsində əməkdaşlıq qurulub. Azərbaycanda özbək pambığının bir sıra sortlarının becərilməsi sınaqdan keçirilir. Özbəkistanda məhsuldar Azərbaycan fındıq sortlarının tinglərinin yetişdirilməsi planlaşdırılır.

“Özbəkistan Azərbaycanda pambıq təmizləmə sistemləri üzrə aparıcı Özbəkistan istehsalçısının ən son texnoloji xətti ilə tam təchiz olunacaq pambıq emalı zavodu tikməyi planlaşdırır”, - ekspert bildirib.

Pakistanlı iqtisadçı Kaiser Navab Azərbaycan iqtisadiyyatının pakistanlı investorlar üçün maraqlı ola biləcək bir neçə sahəsini vurğulayıb:

- Enerji və infrastruktur. Azərbaycan regionun ən böyük neft və qaz hasilatçılarından biridir və inkişaf etmiş infrastruktura malikdir. Pakistanın enerjiyə böyük və artan tələbatı onu Azərbaycanın enerji şirkətləri üçün cəlbedici bazara çevirir.

- Kənd təsərrüfatı və qida sənayesi. Azərbaycan zəngin qida məhsullarının yetişdirilməsi və emalı ənənələrinə malik yaxşı inkişaf etmiş kənd təsərrüfatı sektoruna malikdir. Pakistanın iri və inkişaf edən qida sənayesi Azərbaycanın bu sahədəki bilik və təcrübəsindən yararlana bilər.

- Tekstil və moda. Pakistan və Azərbaycanın zəngin tekstil istehsalı və dizayn tarixi var. Azərbaycanda yaxşı inkişaf etmiş moda sənayesi var və Pakistan Azərbaycanın tekstil istehsalı və ixracı sahəsində təcrübəsindən yararlana bilər.

- İnformasiya texnologiyaları. İnformasiya texnologiyaları sektoru həm Azərbaycanda, həm də Pakistanda sürətlə inkişaf edir. Hər iki ölkə bu sahədə daha sıx əməkdaşlıqdan faydalana bilər.

Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti xanım Qao Yuanyuan bildirib ki, Çin və Azərbaycan nəqliyyat, logistika və anbar təsərrüfatı, liman tikintisi və elektron ticarət sahələrində əməkdaşlıq üçün böyük imkanlara malikdir. Çin-Azərbaycan əməkdaşlığı yeni və bərpa olunan enerji mənbələri sahəsində böyük uğurlar əldə edib. Çin müəssisələri Azərbaycanda davamlı olaraq günəş və külək enerjisi layihələri həyata keçirirlər.

İspaniyalı iqtisadçı və beynəlxalq analitik, geosiyasi ekspert Alexandro Kantarero hesab edir ki, turizm əməkdaşlığın yeni mərhələsində maraqlı perspektivlərdən biri ola bilər. Ekspertin fikrincə, iki ölkə səyahətləri asanlaşdırmaq, turizm infrastrukturuna sərmayə qoymaq və dayanıqlı turizmin inkişafı sahəsində qabaqcıl təcrübələri bölüşməklə turizmin təşviqində əməkdaşlıq edə bilər.

"Qarşılıqlı əməkdaşlığın digər perspektivli istiqaməti infrastrukturun inkişafıdır. İspaniyanın infrastrukturun inkişafı sahəsində təcrübəsi Azərbaycanın nəqliyyat, logistika və şəhərsalma imkanlarının yaxşılaşdırılması üçün faydalı ola bilər", - Alexandro Kantarero əlavə edib.

İndoneziyalı iqtisadi ekspert, Davamlı Biznesin İnkişafı və İnnovasiya Mərkəzinin təsisçisi Jeron Reinenberg qeyd edir ki, bu gün Azərbaycanda 90 İndoneziya şirkəti qeydiyyatdan keçib. Onların bir qismi işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrdə iştirak üçün müraciət edib.

Afrika Davamlı Biznesin İnkişafı və İnnovasiya Mərkəzinin prezidenti Edvard Mvaba Ndalamanın sözlərinə görə, Azərbaycana sərmayə qoymaq istəyən afrikalı investorlar Azərbaycan iqtisadiyyatının bir çox sahələrini potensial gəlirli hesab edirlər.

“Neft və qaz istehsalçısı kimi Azərbaycanın enerji sektoru afrikalı investorlar üçün cəlbedici ola bilər. Azərbaycanın kənd təsərrüfatı sektoru modernləşdirmə, suvarma sistemləri, qida emalı və yeni texnologiyaların inkişafı kimi sahələrə investisiya imkanları təklif edir. Kənd təsərrüfatı sahəsində təcrübəsi olan afrikalı investorlar bu imkanlardan yararlana bilərlər. Azərbaycanda istehsalın inkişafı və iqtisadiyyatın şaxələndirilməsi üçün bir neçə sənaye parkının və azad iqtisadi zonaların yaradılmasına diqqət çəkən ekspert bildirib ki, afrikalı investorlar bu zonalarda təklif olunan vergi güzəştləri və sadələşdirilmiş gömrük prosedurları kimi güzəştlərdən yararlana bilərlər.

Almaniyalı beynəlxalq inkişaf eksperti Mates Ruş alman investorlarının Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən enerji, infrastruktur, nəqliyyat, istehsal, kənd təsərrüfatı və turizmə maraq göstərdiyini vurğulayır. Azərbaycanın zəngin enerji resursları, strateji mövqeyi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davamlı səyləri onu xarici investisiyalar üçün cəlbedici məkana çevirir.

“Mən gələcək illərdə investorların davamlı və bərpa olunan enerji sektoruna daha çox sərmayə qoyacağını gözləyirəm. Enerji sahəsində əməkdaşlıq, infrastrukturun inkişafı, texnologiya transferi, kənd təsərrüfatı və qida sənayesi, istehsal, turizm və mədəniyyət mübadiləsi Azərbaycan və Almaniya arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm istiqamətlərdir. Bu sahələr hər iki ölkəyə iqtisadi əlaqələri və qarşılıqlı faydalı tərəfdaşlığı gücləndirməyə kömək edəcək”, - o, deyir.

Ümumiyyətlə, ölkəmizdə investisiya mühitinin optimallaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir və bütün bunların uğurlu nəticələri respublikamıza ayrı-ayrı mənbələrdən cəlb edilən investisiyaların həcminin artmasında özünü göstərir.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?