2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət üçün yeni stimullaşdırıcı tədbirlər MƏQALƏ

  • Ağdam Sənaye Parkında 12 rezident və 3 qeyri-rezident qeydiyyata alınıb

  • Cəbrayıl rayonu ətrafında 130 meqavat gücə malik günəş elektrik enerji stansiyasının layihəsi icra mərhələsindədir

  • İnvestisiya cəlbediciliyinin artırılması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün optimal güzəştlər və stimullaşdırıcı mexanizmlər hazırlanıb

İkinci Qarabağ müharibəsində Azərbaycan xalqının böyük qələbəsi və bu tarixi zəfərin təntənəsi işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işləri və Qarabağın iqtisadi dirçəlişi ilə davam edir. Bu gün doğma Qarabağda yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir, aeroportlar tikilir, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri reallaşdırılır. Həmin bölgələrimizdə elektrik yarımstansiyaları quraşdırılır, hər yer yenidən nura, işığa bürünür. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir infrastrukturun yaradılması, bütün sahələrdə bərpa-quruculuq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın təmin edilməsi əsas məqsədlərdəndir.

100 milyon manata yaxın investisiya qoyuluşu

Ötən ilin yekunlarına əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye zonalarına investisiya qoyuluşu 100 milyon manata yaxınlaşıb. Hazırda yeni yaradılmış Ağdam Sənaye Parkında 12 rezident və 3 qeyri-rezident qeydiyyata alınıb və 700-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Əlamətdar hadisədir ki, 2023-cü ildə təsdiq edilmiş Ağdamın baş planına uyğun olaraq, yaşayış yerlərinin, infrastrukturun tikintisinə diqqət yönəldiləcək, bu baxımdan sənaye parkı soydaşlarımızın geri qayıdarkən işlə təmin edilməsində mühüm rol oynayacaq. Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası"nda 2 rezident qeydiyyata alınıb. Burada 250 iş yerinin yaradılması nəzərdə tutulur. Bundan başqa, xarici investorların da bu ərazilərə böyük marağı var. Məlumdur ki, regionun “yaşıl enerji” sahəsində böyük potensialı var və bu istiqamətdə bir sıra layihələrin həyata keçirilməsi üçün ciddi araşdırmalar aparılır. Hazırda BP və SOCAR şirkətlərinin iştirakı ilə Cəbrayıl rayonu ətrafında 130 meqavat gücə malik günəş elektrik enerji stansiyasının layihəsi icra mərhələsindədir. Bundan başqa, mədən sənayesində türk şirkətləri ilə imzalanmış müqavilələrin də icra olunmasına başlanıb. "DOST Aqropark" - Azərbaycan-Türkiyə birgə sərmayəsi olan layihə də bu sıradandır. (https://www.youtube.com/watch?v=XRCWE7bvKJU)

İşğaldan azad edilmiş ərazilər üçün vergi güzəştləri və digər imtiyazlar

“İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli sərəncamının (https://president.az/az/articles/view/54575) icrasının təmin olunması məqsədilə həmin ərazilərdə investisiya cəlbediciliyinin artırılması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün optimal güzəştlər və stimullaşdırıcı mexanizmlər hazırlanıb və bununla bağlı Vergi Məcəlləsində müvafiq dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunub. Bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə edilən satışdankənar gəlirlərinə də şamil olunur. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətində ƏDV-dən azad edilib. Bu məqsədlə qeyd olunan kateqoriyaya aid iqtisadi fəaliyyət sahələri və mal nomenklaturalarının siyahısının ayrıca təsdiq edilməsi nəzərdə tutulub.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarları və payçılarının dividend gəlirləri də 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilib. Bu ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasını nəzərdə tutan bir sıra digər vergi təşviqləri də təsdiq edilib. Bölgənin geniş turizm potensialına malik olması nəzərə alınaraq, turizm sahəsi üzrə nəzərdə tutulan ümumi güzəştlərlə yanaşı, eyni zamanda mehmanxana xidmətlərinə görə ödənilən ƏDV-nin istehlakçılara geri qaytarılması da həyata keçiriləcək. Belə ki, bu ərazilər daxilində yerləşən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizinin, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizinin fiziki şəxs olan istehlakçılara geri qaytarılması nəzərdə tutulur.

“Sosial sığorta haqqında” Qanunda dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının müəyyən hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq: sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100 faizi miqdarında, 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80 faizi miqdarında, 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60 faizi miqdarında, 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40 faizi miqdarında, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunan tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının - 100 faizi nəzərdə tutulub (https://president.az/az/articles/view/58445).

Əmək Məcəlləsində edilmiş dəyişikliyə əsasən isə işğaldan azad olunmuş ərazilərdə işləyən mütəxəssislərin əmək müqaviləsi bağladıqları işəgötürən həmin ərazilərdə vergi uçotunda olduqda, əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə və bu ərazilərdə məskunlaşdıqda Əmək Məcəlləsində və digər qanunlarda nəzərdə tutulmuş güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər.

Həyata keçirilən bütün bu tədbirlər işğaldan azad edilmiş ərazilərimizin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, müasir infrastrukturla təmin olunması və layiqli yaşayış şəraitinin, sosial rifahın yaradılması istiqamətində genişmiqyaslı tədbirlərə mühüm töhfələr verəcək.

Mövzu ilə əlaqəli materiallar:

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara vergi təşviqləri verilib

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiqlənib

Zəfər təntənəsi yeni iqtisadi perspektivlər yaradır

Gülay NƏBİYEVA

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ