“İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə iqtisadi və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi, habelə həmin ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi tapşırılıb.
Ölkə Prezidentinin müvafiq sərəncamının icrasının təmin edilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə investisiya cəlbediciliyinin artırılması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün optimal güzəştlər və stimullaşdırıcı mexanizmlər hazırlanıb və Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib.
Vergi güzəştlərinin verilməsində əsas hədəf işğaldan azad olunmuş ərazilərə investisiyaların cəlbi və həmin sahəyə dövlət tərəfindən təşviqlərin verilməsidir. İşğaldan azad edilmiş ərazilər əlverişli coğrafi quruluşa və böyük istehsal potensialına malikdir. Burada həm sənayeləşmə, həm də hasilat sənayesi baxımından kifayət qədər geniş imkanlar mövcuddur. Buna görə də həmin ərazilərdə rezident kimi qeydiyyatdan keçən subyektlər digər genişhəcmli güzəştlərlə əhatə olunacaq.
İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Habelə bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil ediləcək.
Həmçinin işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib. Bu məqsədlə ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturalarının siyahısının ayrıca təsdiq edilməsi nəzərdə tutulub.
Bununla yanaşı, işğaldan azad olunmuş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarları və payçılarının dividend gəlirləri də 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilib. Bu ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasını nəzərdə tutan bir sıra digər vergi təşviqləri də təsdiq edilib. İşğaldan azad olunan ərazilərin geniş turizm potensialına malik olması nəzərə alınaraq, turizm sahəsi üzrə nəzərdə tutulan ümumi güzəştlərlə yanaşı, eyni zamanda mehmanxana xidmətlərinə görə ödənilən ƏDV-nin istehlakçılara geri qaytarılması da həyata keçiriləcək. Belə ki, bu ərazilər daxilində yerləşən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi fiziki şəxs olan istehlakçılara geri qaytarılması nəzərdə tutulur. ƏDV-nin geri qaytarılması prosesi bu sahəyə, bizneslə yanaşı, vətəndaş marağının da artırılmasına səbəb olacaq.
Qeyd olunmalıdır ki, vergi azadolmaları bir sıra fəaliyyət növləri və əməliyyatlara şamil edilməyəcək. Belə fəaliyyət və əməliyyatlara maliyyə xidmətlərinin göstərilməsi, avtonəqliyyat vasitələri ilə yükdaşıma xidmətləri və dövlət büdcəsinin vəsaitləri hesabına podratçı (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) tərəfindən malların (işlərin və xidmətlərin) təqdim edilməsi daxildir.
Bütövlükdə, Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərdə real sektorun bütün sahələri, yəni ticarət, xidmət, istehsal, tikinti sektoru, hasilat sənayesi və digər subyektlər vergi güzəştləri ilə əhatə edilib.