6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Riskli vergi ödəyicilərini hansı məhdudiyyətlər gözləyir?

Vergi Məcəlləsinə 1 yanvar 2020-ci ildən riskli vergi ödəyicisi anlayışı gətirilib. İqtisadçı ekspert Mahmud Abasquliyev riskli vergi ödəyiciləri üçün nəzərdə tutulan məhdudiyyətlər barədə açıqlama verib.

Vergi Məcəlləsinin 83.7-ci maddəsində göstərilib ki, vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır.

Məcəllənin 87.3-1-ci maddəsində isə riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilməsi nəzərdə tutulub.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"na əsasən, bundan sonra həmin meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin meyarlara görə:

1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə onlar riskli vergi ödəyicisi sayılır. Məsələn, tutaq ki, şirkətin idxal etdiyi mal Yük Gömrük Bəyannaməsinə əsasən elektrik avadanlıqları olduğu halda, satdığı mal e-qaimədə tikinti materialı kimi göstərilir. Bu halda, həmin şirkət riskli vergi ödəyicisi hesab olunacaq.

2. Aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə o, riskli vergi ödəyicisi sayılır. Tutaq ki, "AA" MMC-də vergi orqanının əsaslandırılmış qərarı ilə operativ vergi nəzarəti tədbirləri nəticəsində məlum olub ki, malları təqdim etmədən əmtəəsiz əməliyyat aparılıb. Bu halda, həmin şirkət riskli vergi ödəyicisi sayılacaq. Anbarda malların az olmasına baxmayaraq iri həcmdə mal satılması da riskli vergi əməliyyatı sayılır. Əmtəəsiz əməliyyat isə yalnız sənəd üzərində gerçəkləşdirilən əməliyyatdır.

3. İdxalçının, istehsalçının və ya idxalçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və ya qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə risk amili yaranır. Tutaq ki, xaricdən mallar idxal edən "ZZ" MMC-nin icarəyə götürdüyü anbarın sahəsi 100 kvadratmetr olsa da, ay ərzində idxal etdiyi mallara 300 kvadratmetrlik anbar tələb olunur. Bu halda, MMC riskli vergi ödəyicisi hesab olunur. Bununla belə, malların bilavasitə sifarişçilərə təhvil verildiyi və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi halda, şirkət riskli vergi ödəyicisi hesab edilmir.

4. Vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə uyğun olmayan malların vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə jrisk faktoru yaranır. Tutaq ki "ZZ" MMC 6 ay ərzində maya dəyəri 10.000 manatlıq mal satıb. Ancaq satdığı malların yalınız 4.000 manatlıq hissəsinin sənədi vardır, yerdə qalan mallar isə anbara sənədsiz mədaxil edilərək satışa verilib. Bu halda, həmin şirkət riskli vergi ödəyicisi hesab edilir. Burada vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna təşkil edir.

5. Vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə idxal etdiyi və ya əldə etdiyi malların həcmi müvafiq dövr üzrə dövriyyədən azı üç dəfə artıq olduqda o, riskli vergi ödəyiciləri siyahısına düşür: Tutaq ki, "ZZ" MMC 2020-ci ilin aprel-sentyabr ayları üzrə 17.000 manatlıq mal idxal edib və ya daxili bazardan elektron qaimə faktura ilə anbara mədaxil edib. MMC-nin 2020-ci ilin aprel-sentyabr aylarına aid dövriyyəsi isə 4.500 manat olub. Bu halda, həmin MMC-nin riskli vergi ödəyicisi hesab edilmə ehtimalı yaranır. Bir məqamı da nəzərə almaq lazımdır ki, malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar olarsa, MMC riskli vergi ödəyicisi hesab edilmir.

6. Yuxarıda qeyd edilən 5 bənd ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs, eləcə də riskli vergi ödəyicisi olan fiziki şəxs hər hansı hüquqi şəxsin rəhbəri və ya təsisçisi olduqda onun rəhbərlik etdiyi hüquqi şəxs də riskli vergi ödəyicisi hesab edilir. Tutaq ki, riskli vergi ödəyicisi olan "ZZ" MMC nin təsiscisi və ya rəhbəri "BB" MMC-nin də təsiscisi və ya rəhbəridir. Bu halda, "BB" MMC də riskli vergi ödəyicisi sayılır.

7. Beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər riskli vergi ödəyicisi hesab edilir.

Onu da deyək ki, Vergi Məcəlləsinin 222.3-cü maddəsinə əsasən, bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?