Kommersiya qurumlarının sayı 11,5 faiz artıb
2020-ci ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan vergi ödəyicilərinin ümumi sayı 1 milyon 072 min 660 olub. Onların 928 min 973-ü və ya 86,6 faizi fiziki şəxs, 143 min 687-si və ya 13,4 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 79 min 622 vahid artıb və 108 faiz təşkil edib. Artımın 64 min 196 vahidi fiziki şəxslərin, 15 min 426 vahidi isə hüquqi şəxslərin sayının artması hesabına olub.
Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən kommersiya qurumları hesabına baş verib. Birinci rübdə kommersiya qurumlarının sayı 14 min 801 vahid (11,5 faiz) artaraq 128 min 132 vahid təşkil edib. Qeyri-kommersiya qurumlarının sayı isə 15 min 555 vahid təşkil edib. İlk üç ayda onların sayı 625 vahid (4 faiz) artıb.
2020-ci ilin 1 aprel tarixinə qeydiyyatda olan kommersiya qurumlarının fəaliyyət sahələri aşağıdakı diaqramda göstərilir:
Növbəti diaqramda isə 2020-ci ilin əvvəlinə qeydiyyatda olan və yanvar-mart ayları ərzində qeydiyyata alınmış kommersiya qurumlarının fəaliyyət sahələri üzrə xüsusi çəkiləri müqayisə edilir.
Diaqram 3: Kommersiya qurumlarının fəaliyyət sahələri üzrə xüsusi çəkiləri, faizlə
Diaqramdan göründüyü kimi, 2020-ci ilin yanvar-mart aylarında xidmət, ticarət, nəqliyyat sektorunda fəaliyyət göstərəcək hüquqi şəxslərin qeydiyyatda xüsusi çəkisi daha yüksək olub, sənaye, kənd təsərrüfatı və tikintidə fəaliyyət göstərəcək hüquqi şəxslərin xüsusi çəkisi isə əksinə azalıb.
1 aprel 2020-ci il tarixə qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 87,3 faizi məhdud məsuliyyətli cəmiyyət formasında təşkil olunub. Səhmdar cəmiyyətlərin xüsusi çəkisi isə 1,5 faizdir.
Rüb ərzində fəaliyyəti aktiv olan hüquqi şəxslərin 85 faizi kommersiya qurumlarıdır. Ümumiyyətlə, birinci rübdə 128 min 132 kommersiya qurumundan 70 min 400-nün və ya ümumi kommersiya qurumlarının 54,9 faizinin vəziyyəti aktiv olub. Aktiv kommersiya qurumlarının sayı 11 462 vahid (119,4 faiz), xüsusi çəkisi isə 54,9 faiz artıb.
Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 20 min 667 vahid təşkil edərək 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3.893 vahid (123,2 faiz) artıb, onların xüsusi çəkisi isə 29,4 faiz çox olub. Ümumiyyətlə, müqayisə edilən dövrdə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 5 min 399 vahid və ya 27,3 faiz artaraq 34 min 940 vahid təşkil edib.
2020-ci ilin birinci rübündə kommersiya qurumlarının 63,6 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 91,2 faiz təşkil edib. 2019-cu ildən tətbiq olunan yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2020-ci ilin 3 ayında 270 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (MMC) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 9,6 faiz, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 13,8 faiz təşkil edib.
Əsasən 2019-cu ilin hər bir ayı üzrə müşahidə olunmuş dövlət qeydiyyatının artım dinamikası hesabına həmin ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin aprel ayının 1-nə qeydiyyatda olan kommersiya hüquqi şəxslərin sayı 14 min 801 vahid və ya 11,5 faiz artıb.
2020-ci ilin 1 aprel tarixinə 199 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Onlardan 17-si Azərbaycan Respublikasının Prezidentinin fərmanları və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları ilə təsis edilmişdir. Naxçıvan Muxtar Respublikası tabeli 31, Səhiyyə Nazirliyi tabeli 113, Təhsil Nazirliyi tabeli 6, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeli 5, İqtisadiyyat Nazirliyi tabeli 2 publik şəxs qeydiyyatdadır. Qeydiyyatda olan daha 25 publik şəxs isə digər dövlət orqanları tərəfindən təsis edilib.