14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergitutma obyekti

Bir çox hallarda məhsul istehsalçıdan sonra topdan satıcı, pərakəndə satıcı olmaqla bir neçə vergi ödəyicisinin mülkiyyətindən keçərək nəticədə son istehlakçıya təqdim edilir və malın əlavə dəyər vergisini (ƏDV) son istehlakçı ödəyir. ƏDV dolayı vergi növüdür. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Məhsul son istehlakçıya təqdim edilənə kimi bu məhsulu və habelə bu məhsul ilə bağlı digər mal və xidmətləri istehsalçı, topdan satıcı, pərakəndə satıcı əldə edərkən ƏDV məbləği ödəyir, həmçinin həmin məhsulu sonrakı şəxsə təqdim etdiyi zaman təqdimetmədən ƏDV öhdəliyi yaranır. Vergi ödəyicisinin eyni məhsula görə iki dəfə ƏDV ödəməməsi üçün qanunvericilik vergi ödəyicisinə malları alarkən ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququ verir. Bəzi hallarda isə qanunvericilik vergi ödəyicisinə aldığı mallara görə ödədiyi ƏDV məbləğinin əvəzləşdirməsinə məhdudiyyətlər də tətbiq edir. Lakin vergi ödəyicisinin eyni məhsula görə iki dəfə ƏDV ödəməməsi üçün qanunvericilik vergi ödəyicisinə imkan verir ki, malları alarkən ƏDV ödəyirsə və ödədiyi ƏDV-ni əvəzləşdirə bilmirsə, həmin malları təqdim edəndə ƏDV ödəməsin.

Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən, malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən, ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır.

Misal. Tutaq ki, kredit və ya bank əməliyyatları həyata keçirən "A" MMC 2020-ci ilin yanvar ayında elektron qaimə-faktura üzrə digər vergi ödəyicisindən 118.000 manat dəyərində (o cümlədən 18.000 manat ƏDV) plastik kartlar almışdır və malların dəyərinin həm əsas məbləğini, həm də ƏDV məbləğini nağdsız qaydada qarşı tərəfin bank hesabına və ƏDV depozit hesabına köçürmüşdür. Kredit və bank təşkilatlarının həyata keçirdiyi əməliyyatlar Vergi Məcəlləsinin 13.2.14-cü maddəsinə əsasən, maliyyə xidmətlərinə aid edilir, Vergi Məcəlləsinin 164.1.2-ci maddəsində isə göstərilir ki, maliyyə xidmətlərinin göstərilməsi ƏDV-dən azad əməliyyatlardır.

Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən, ƏDV-dən azad edilən əməliyyatlar aparan şəxslər tərəfindən mallar alınarkən ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Bu səbəbdən "A" MMC-nin aldığı elektron qaimə-faktura üzrə malların ödənişini Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən, nağdsız qaydada həyata keçirdiyinə baxmayaraq, "A" MMC Vergi Məcəlləsinin 175.6-cı maddəyə əsasən ödədiyi 18.000 manat ƏDV məbləğini əvəzləşdirmək hüququ olmadığı üçün əvəzləşdirə bilməz və həmin ƏDV məbləğini alınmış malların maya dəyərinə aid etməlidir. "A" MMC həmin malları digər şəxslərə təqdim etdiyi zaman Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən, həmin malların təqdim edilməsi vergi tutulan əməliyyat deyildir.

Misal. Tutaq ki, "A" MMC həmin alınmış malların 70.800 manat məbləğində (60.000 manat əsas + 10.800 manat ƏDV) olan hissəsini digər şəxsə təqdim edir. Belə olan halda, elektron qaimə-faktura üzrə malların dəyəri əsas məbləğ üzrə 70.800 manat qeyd edilir və həmin məbləğ ƏDV-yə cəlb edilməyəcəkdir. Ola bilər ki, "A" MMC həmin malları alarkən ödədiyi ƏDV məbləğini Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, qismən əvəzləşdirmişdir. Belə olan halda alınmış malların əvəzləşdirilmiş hissəsinə mütənasib olaraq həmin mallar təqdim edilərkən ƏDV tətbiq edilir.

Misal. Tutaq ki, 2020-ci ilin yanvar ayında "A" MMC tərəfindən 100.000 manat əsas və 18.000 manat ƏDV məbləğində olan mallar alınarkən Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, bunun ancaq 20 faizlik hissəsi olan 3.600 manat məbləğində ƏDV əvəzləşdirilmişdir, 14.400 manat (18.000 - 3600) məbləğində əvəzləşdirilməyən ƏDV məbləği isə malların maya dəyərinin üzərinə gəlir. 2020-ci ilin fevral ayında "A" MMC alınmış malların məbləği 70.800 manat olan (60.000 manat əsas +10.800 manat ƏDV) hissəsini digər şəxsə təqdim edir. Nəzərə alsaq ki, "A" MMC malları alarkən ödədiyi ƏDV məbləğinin 20 faiz hissəsini əvəzləşdirmişdir, o zaman malları təqdim edərkən məbləğin 20 faiz hissəsinə ƏDV təqdim edəcəkdir, 80 faiz hissəsi isə ƏDV-yə cəlb olunmayacaqdır. Belə olan halda, elektron qaimə-faktura üzrə malların dəyəri əsas məbləğ üzrə 67.200 manat qeyd edilir və həmin məbləğin 47.200 manat hissəsi ƏDV-yə cəlb edilməyəcəkdir, 20.000 manat hissəsi isə ƏDV-yə cəlb edilərək 3.600 manat ƏDV öhdəliyi yaranacaqdır.

Burada diqqət yetirilməli əsas məqamlardan biri budur ki, malları alarkən ƏDV ödəyən, lakin ödədiyi ƏDV-ni öz iradəsindən asılı olmayan səbəblərə görə əvəzləşdirmək hüququ olmayan şəxslər həmin malları təqdim edərkən bu əməliyyat ƏDV-yə cəlb edilmir. Əgər hər hansı şəxs malları ƏDV ödəməklə əldə edirsə, lakin Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən, ödənişini nağdsız qaydada etmirsə və bu səbəbdən ödədiyi ƏDV-ni əvəzləşdirə bilmirsə, o zaman həmin malların təqdim edilməsi əməliyyatı ƏDV-yə cəlb edilir.

Misal. Tutaq ki, "A" MMC 5.900 manat (900 manat ƏDV daxil olmaqla) məbləğində mallar almışdır və aldığı malların ödənişini kassadan nağd qaydada ödəmişdir. Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən, "A" MMC 900 manat ƏDV məbləğini əvəzləşdirə bilməz və həmin ƏDV məbləği malların maya dəyərinin üzərinə gəlir. Növbəti ay MMC həmin 5.900 manat məbləğində malları təqdim edərsə, həmin məbləğ yenidən ƏDV-yə cəlb ediləcəkdir. Buradakı həssas məqam budur ki, vergi ödəyicisinin qanunvericiliyin tələblərinə riayət etməklə ƏDV-ni əvəzləşdirmək hüququ olmasına baxmayaraq, onun özü Məcəllənin 175-ci maddəsinin tələblərinə riayət etməməklə bu hüququndan imtina etmiş olur.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?