7 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Biznes ortaqlarının anlaşma sənədi

Ortaq biznes quran zaman əvvəlki risklərlə qarşılaşmamaq üçün beynəlxalq və yerli təcrübəyə əsaslanan uğurlu yollardan biri şəriklərlə əvvəlcədən hər məsələni razılaşdırıb və əldə olunan nəticələri sənədlərlə rəsmiləşdirməkdir. Mövzunu "İqtisadi Resursların Öyrənilməsi" İctimai Birliyinin sədri Ruslan Atakişiyev şərh edib.

Əldə edilən nəticələrin rəsmiləşdirilməsi üçün müqavilə formalarından, müəssisə qurulursa nizamnamədə müxtəlif müddəaların salınmasından istifadə etmək olar, amma həmin məsələlərə keçməmişdən əvvəl şərikli iş quran zaman bir sıra məsələləri əvvəlcədən danışıb razılaşmaq lazımdır. Təbii ki, çox vaxt yaxın dostla, qohumla iş qurmağı yaddan çıxarmalıyıq. Bir şəxslə iş quran zaman bəzi məsələləri yazılı olaraq qeyd etmək, heç olmasa, şifahi razılaşmaq əvəzinə biznes xəyallarına dalırıq.

Əgər ortaq biznes fəaliyyəti ilə məşğul olacaqsınızsa, birinci növbədə ya birgə fəaliyyətlə bağlı müqavilə bağlamalı, ya da kommersiya fəaliyyətinin bir formasından istifadə edərək işinizi rəsmi müstəviyə gətirməlisiniz.

Ortaq işə qoyulacaq vəsaiti əvvəlcədən təsbit edib yazmaq lazımdır. Qeyd edək ki, ortaq işdə şəriklər pul, daşınar və daşınmaz əmlak (maşın, avadanlıq, bina, torpaq sahəsi və s.), qiymətli kağız (veksel və s.), bilik, bacarıq, əmək (patentləşdirilmiş ixtiralar və s.) ilə çıxış edə bilər, amma bütün bunlar bazar dəyəri ilə qiymətləndirilməli və razılaşmalarda öz əksini faizlə tapmalıdır. Ortaqlıqda qoyduğunuz vəsaiti məbləğ formasında yazsanız da, həmişə bunun biznesin ümumi dəyərində neçə faiz təşkil etdiyini də yazın: birgə biznesdə sahibi olduğunuz payı faizlə göstərin. Çünki biznesdən əldə edəcəyiniz gəlir qoyuluşdakı payınıza görə müəyyənləşir. Burada yaxşı olar ki, biznesə başlanğıc üçün lazım olan pul əvvəlcədən düzgün hesablansın. Təcrübə göstərir ki, biznesə başlayanlar çox vaxt birgə işə qoyuluşların hesablanmasına diqqət vermirlər. Gözəyarı bir rəqəm müəyyənləşdirib onun üzərindən pay bölgüsü aparırlar. Məsələn, ilkin olaraq restoranı icarəyə götürüb, onu yeni avadanlıqla təchiz etməyin təxminən 10.000 manata başa gələcəyini düşünürük. Ortaqlar hərəsi 2.500 manat qoymaqla ümumi payda 25 faizə malik olur. İş başlayır və sonda məlum olur ki, restoranın tam işlək vəziyyətə gəlməsi üçün ümumilikdə 30.000 manat xərclənib və əlavə pulu payçılardan biri verib. Sonra mübahisə yaranır ki, həmin payçının verdiyi borcdur, yoxsa o, gözləməlidir ki, hər dəfə gəlir gəldikcə 25 faiz payını alsın? Bu sualın aqibətində isə yaxşı bir şey görünmür.

Təsisçilər və şəriklər arasında vəzifə bölgüsü əvvəlcədən müəyyənləşdirilməlidir. Bir sıra hallarda şəriklər biznesi formalaşdırsalar da, onun idarə olunmasını başqa şəxslərə həvalə edirlər. Əksər hallarda isə ortaqlar elə özləri də biznesdə birbaşa təmsil olunur və yaxından işləyirlər. Bu, yaxşı haldır.

Təcrübədən bir misal gətirim. Xidmət sektorunda bir şirkət işləyirdi. 4 nəfər təsisçisi var idi. Şəriklərdən ikisi aktiv çalışırdı, ikisi isə sadəcə olaraq kənardan dəstək verirdilər, amma şəriklər ümumi vacib məsələləri 4 nəfərin də iştirak etdiyi Məşvərət məclisində həll edirdilər. Aktiv şəriklərdən biri direktor vəzifəsində olduğundan işçilərə gündəlik iş tapşırırdı. Elə olurdu ki, işçidən hesabat istədikdə həmin şəxs digər aktiv şərikin tapşırıqlarını yerinə yetirdiyini bildirirdi. Nəticədə tez-tez aktiv təsisçilər bir-birilərinin işinə qarışmaqla bağlı qarşılıqlı iddialar irəli sürərək münaqişə edirdilər. Belə vəziyyətin yaranmaması üçün şəriklər işə başlamazdan əvvəl öz aralarında "Daxili intizam qaydası" və ya "Ortaqlar arasında münasibətlərin tənzimlənməsi" adında bir sənəd tərtib etməlidirlər. Anlamalıdırlar ki, onlar şərik olsalar da, biznesin cari fəaliyyətində hər hansı vəzifəni daşıyacaqlarsa, ümumi qaydalara riayət etməli və səlahiyyətlərini aşmamalıdırlar. Şəriklər müəssisə daxilində özlərinə müstəsna hüquq və münasibət istəməməlidirlər.

Şəriklərdın hər birinin müəssisədə görəcəyi vəzifələr və səlahiyyətlər konkret təsbit olunmalı, o cümlədən tabeçilik məsələləri öz əksini tapmalı, həmçinin qaydaları yazan zaman onun pozulmasına görə məsuliyyət və cəza tədbirləri də qeyd edilməlidir. Burada cərimələr, müzakirə zamanı səs hüququndan məhrumetmə (əsas hüquq və azadlıqlar pozulmadan) və s. nəzərdə tutula bilər.

Bu işdə gəlirin bölüşdürülməsi ilə bağlı məsələləri də əvvəlcədən müzakirə etmək və razılaşdırmaq mühüm istiqamətlərdəndir. Birgə biznesin formalarından asılı olmayaraq əldə olunan gəlirdən bütün vergi və xərclər çıxıldıqdan sonra xalis mənfəətin bölünməsi məsələsi hüquqi baxımdan Mülki Məcəllədə öz əksini tapır, amma şəriklərin razılaşmalı olduqları məsələ xalis mənfəətin neçə faizini sahibkarlar arasında bölmək, müəssisənin inkişafı üçün yenidən investisiya etmək, ehtiyat kimi saxlamaq qərarlarının verilməsidir. Məsələ burasındadır ki, şəriklər çox vaxt gəlir əldə olunan kimi öz yanaşmalarını irəli sürürlər. Biri deyir ki, gəliri divident kimi bölək, o birisi isə vəsaitin saxlanılaraq investisiya olunmasını düşünür. Bu məsələlər əvvəlcədən razılaşdırılmadıqda şəriklər arasında mübahisələr yaranır. Ona görə də biznesə başlamazdan əvvəl bütün tərəflər müəssisədə formalaşacaq gəlirdən pay bölgüsünü nə şəkildə gördüklərini açıq göstərməli və bu məsələləri əvvəlcədən yazılı şəkildə təsdiqləməlidirlər.

Şərikli biznesdə qərarlar çox vaxt kollektiv qəbul olunur. Yaxşı olar ki, biznes üçün əhəmiyyət kəsb edən qərarlar ortaqların hamısının razılığı əsasında qəbul edilsin. Əks halda, gələcəkdə yaranacaq zərərə görə məsuliyyəti heç kim öz üzərinə götürməyəcək və münaqişələr yaranacaq. Buna yol verməmək üçün vacib məsələləri daxili əsasnamə, nizamnamə və müqavilə kimi sənədlərdə aydın şəkildə, sıralayaraq yazmaq lazımdır.

Fəxriyyə İKRAMQIZI

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?