12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahib Ələkbərov: "Dövlət Vergi Xidməti və digər xidmətlər İqtisadiyyat Nazirliyinin tərkibində müstəqil fəaliyyət göstərəcək"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2005-ci ildən etibarən hər il fevralın 11-i "Vergi xidməti işçilərinin peşə bayramı günü" kimi qeyd edilir. Bu il də vergi xidməti işçiləri öz peşə bayramlarının keçirilməsinin 15 illiyini qeyd etdilər və bununla bağlı Vergilər nazirinin müavini Sahib Ələkbərov təmsil etdiyi qurumun fəaliyyəti və gələcəkdə görüləcək işlərlə bağlı "Report"a müsahibə verib.

- Sahib müəllim, ilk olaraq Vergilər Nazirliyinin bu vaxta qədər gördüyü işlər və bu işlərin hansı əhəmiyyətinin olması ilə bağlı danışmağınızı xahiş edirəm.

- Əvvəlki adı Vergilər Nazirliyi olan Dövlət Vergi Xidməti hökumətin iqtisadi blokuna daxil olan və dövlət büdcəsinin gəlirlərinin təmin olunmasında müstəsna rolu olan mərkəzi icra hakimiyyəti orqanıdır və bütün dövrlərdə öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıb. Son illər bu istiqamətdə çox ciddi müsbət və yaradıcı layihələrə imza atıb. Bunların da nəticələri göz qabağındadır. Cənab Prezidentimiz də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ilə əlaqədar keçirilən konfransda bu məsələlərə xüsusi yer ayırdı. Qeyd etdi ki, vergi və gömrük orqanları dövlət büdcəsinin gəlirlərinin artırılmasında böyük nəticələrə nail olub. Bilirsiniz ki, ötən il ərzində dövlət büdcəsinə 1 milyard manatdan çox əlavə vəsait daxil olub. Həmin vəsait də əmək haqlarının, pensiyaların, tələbə təqaüdlərinin və s. artırılmasına yönəldildi. Yəni, bunu Azərbaycan əhalisinin böyük bir hissəsi, təxminən 4,2 milyon vətəndaşı hiss etdi.

Son illər qazanılmış nailiyyətlərdən birini də vurğulamaq istəyirəm. Belə ki, həm səyyar vergi yoxlamalarının, həm də operativ nəzarət tədbirlərinin sayı kəskin surətdə azalıb. Son iki ildə bu azalma 7 dəfəyə qədər olub. Bəziləri düşünərdi ki, vergi daxilolmaları da azalacaq. Əvvəllər vergi daxilolmalarının 10-12 faizi məhz bu yoxlamaların nəticəsində əldə olunurdu. Amma dediyim kimi daxilolmalar artıb. Yəni bu, ona dəlalət edir ki, vergi ödəyiciləri ilə vergi orqanı əməkdaşları arasında bir-birini başa düşmək məsələləri artıq həllini tapmaqdadır. Vergi orqanı işçiləri daha çox maarifləndirmə ilə məşğuldurlar və vergi ödəyiciləri də öz vəzifələrini düzgün anlayaraq könüllü surətdə öz vergilərini ödəyirlər. Bu da bizim ən böyük nailiyyətlərimizdən biridir.

Həm səyyar vergi yoxlamalarının, həm də operativ nəzarət tədbirlərinin
sayı kəskin surətdə azalıb. Son iki ildə bu azalma 7 dəfəyə qədər olub

- Artıq bir müddətdir ki, Vergilər Nazirliyi ləğv edilərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) yaradılıb. Əgər mümkündürsə bu yeniliyin izahını verərdiniz. Qeyd edilən struktur dəyişikliyi sizə və vergi ödəyicilərinə nə verəcək?

- Əvvəla, onu deyim ki, burada heç bir məhdudiyyət olmayacaq. Dünyanın bir çox ölkələrində oxşar təcrübələr var. Məsələn, qonşu Rusiya Federasiyasında da Maliyyə Nazirliyinə tabe olan Vergi Xidməti var. Bizdə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində islahatlar gedir. Cənab Prezidentin də qeyd etdiyi kimi, iqtisadi artım templəri daha yüksək olmalıdır. Bunun üçün bir sıra vacib qurumları İqtisadiyyat Nazirliyinin çətiri altında birləşdirdi. Yəni, İqtisadiyyat Nazirliyi inkişafın hədəflərini müəyyən edir. Bunun üçün nə lazımdır? Əlbəttə maliyyə vəsaitləri lazımdır, digər məsələlər həll olunmalıdır. Ona görə də tabeçilik İqtisadiyyat Nazirliyinə verilib. DVX və digər xidmətlər İqtisadiyyat Nazirliyinin tərkibində avtonom rejimdə-müstəqil olaraq fəaliyyət göstərəcək. Hesab edirəm ki, burada heç bir sual, problem yoxdur.

- Əvvəllər Vergilər Nazirliyinin narahatlıqlarından biri də fermerlərin hesabatlılığında boşluqların olması ilə bağlı idi. Hətta Kənd Təsərrüfatı Nazirliyi və Vergilər Nazirliyinə təqdim olunan hesabatlar (azadolmalar ilə bağlı) arasında 7 dəfəyə qədər fərq olması da qeyd edilirdi. Son müsahibənizdə demişdiniz ki, Nazirlik bu kimi halların aradan qaldırılmasına yalnız maarifləndirmə yolu ilə nail olmaq niyyətindədir. Hazırda bu sahədə vəziyyət necədir?

- Bəli, təxminən 1 il əvvəl o söhbətlər başlamışdı. Amma son altı ayda biz bu istiqamətdə yerlərdə ciddi tədbirlərə başladıq və nəticələri də çox uğurludur. Bu günə qədər 93 minə yaxın fermerin uçota alınma məsələsi öz müsbət həllini tapıb. Bir sıra kateqoriyalardan olan adamlar var ki, onların da müəyyən problemləri mövcuddur. Onların da problemləri digər dövlət qurumları ilə birgə həll olunur. Bu məsələlər aradan qalxdıqdan sonra uçotda olan fermerlərin sayı daha da artacaq. Kənd təsərrüfatı sahəsində çalışanlara münasibətdə vergi sistemində uçot təmin olunacaq. Bunun çox böyük əhəmiyyəti var. Çünki, hesabatlılıq olmadığı üçün bəyannamə təqdim edilmirdi. Nəticədə dəqiq bilmək olmurdu, kim harada və nə qədər məhsul istehsal edir. Düzdür, Dövlət Statistika Komitəsi və KTN öz metodları ilə bunu hesablayırlar. Amma həmin vətəndaşın, yaxud fermerin özünün hesabat verərək hansı həcmdə məhsul istehsal etdiyini bəyan etməsi də vacibdir. Görünür bəziləri onun əhəmiyyətini lazımi səviyyədə dərk etmirlər. Amma dövlətə lazımdır ki, harada, hansı məhsullardan nə qədər istehsal olunduğunu, hansı sahələrə əlavə kömək göstərmək, investisiya yatırılmasına ehtiyac olduğunu və s. dəqiq bilsin.

Dövlətə lazımdır ki, harada, hansı məhsullardan nə qədər
istehsal olunduğunu, hansı sahələrə əlavə kömək göstərmək,
investisiya yatırılmasına ehtiyac olduğunu və s. dəqiq bilsin

Bunlar hamısı son nəticədə dövlətdən daha çox fermerlərin özünə lazımdır. Biz indi kənd təsərrüfatından kənar sahələrdə də bu məsələlərə başlamışıq. Hazırda Bakıdan kənar şəhər və rayonlarda işlər həyata keçirilir, yaxın vaxtlarda Bakıda da işlərə başlayacağıq. Yəni maarifləndirmə tədbirləri bütün təsərrüfat subyektlərini, vergi ödəyicilərini əhatə edəcək və mövcud olan real potensialı üzə çıxarmaq üçün bu məsələləri həll edəcəyik.

- Dediyiniz kimi, ötən il vergi və gömrük orqanları proqnoz-tapşırıqdan əlavə 1 milyard manatdan artıq vəsaiti dövlət büdcəsinə köçürüb. Artıq 2020-ci ilin proqnoz tapşırığı da məlumdur. DVX bu öhdəliyi yerinə yetirməyə hazırdırmı?

- Hesab edirəm ki, bütövlükdə proqnozun icrası ilə bağlı heç bir problem olmayacaq. Cənab Prezident də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ilə əlaqədar keçirilən konfransda bu məsələlərə toxundu. Ərazi vergi orqanlarında, yəni Bakıdan kənarda digər şəhər və rayonların hamısında proqnozun artımı 28,6 faizdir. Yəni, bu çox böyük artımdır. Adətən bu rəqəm 3-5 faiz civarında olurdu. Ola bilsin, bu, müəyyən şəhər və rayonlarda müvəqqəti çətinlik yaratsın. Amma düşünürəm ki, keçən il və bu ilin əvvəlində gördüyümüz və görəcəyimiz tədbirlərin hesabına proqnozun icrası ilə bağlı problem olmayacaq.

Prezident İlham Əliyev son konfransda vergi orqanlarına, onların fəaliyyətinə
çox yüksək qiymət verdi. Bu, bizim üzərimizə böyük məsuliyyət qoyur

- Vergilər Nazirliyinin mövcud olduğu vaxtlarda biz tez-tez ixtisaslı kadrların azlığı ilə bağlı fikirlər eşidirdik. Hazırda isə vergi ödəyicilərinin sayı 1 milyonu ötüb. DVX kadr çatışmazlığını necə həll edəcək?

- Yaxşı kadr həmişə çatışmır. Bu, bütün orqanlarda belədir. Gərək kadrı seçəsən, hazırlayasan, düzgün yerləşdirəsən. Bu istiqamətdə bizdə işlər gedir. Biz ildə iki dəfə müsabiqə elan edirik və növbəti müsabiqənin mart ayının axırına elan olunması gözlənilir. Vakansiyalarımız da var. Vergi sistemində işləmək istəyən nə qədər savadlı, bacarıqlı işçi olsa, biz onları işə götürməyə şad olarıq.

- Sonda vergi xidməti işçiləri və vergi ödəyicilərinə tövsiyələrinizi eşitmək maraqlı olar.

- Prezident İlham Əliyev son konfransda vergi orqanlarına, onların fəaliyyətinə çox yüksək qiymət verdi. Bu, bizim üzərimizə böyük məsuliyyət qoyur. Düşünürəm ki, hər bir vergi əməkdaşı üzərinə düşən məsuliyyəti dərk edir.

Sahibkarlara isə demək istəyirəm ki, vergi orqanı kiminsə üzərinə gedən, onun qazandıqlarını əlindən almağa çalışan və s. bu işlərlə məşğul olan orqan deyil. Vergilər naziri dəfələrlə deyib ki, vergi orqanı sahibkarlarımıza öz dost əlini uzadıb. Onların da böyük əksəriyyəti bu əli tutublar və biz birgə işləyirik. Hesab edirəm ki, biz nə qədər birgə işləsək, bir-birimizi anlamağa çalışsaq, düz, şəffaf işləsək, sahibkarlar bundan daha çox udacaq. Ona görə də mən hamını düz və şəffaf işləməyə, vergilərini tam həcmdə ödəməyə çağırıram.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?