14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nuran Kərimov: "Həyata keçirilən vergi islahatları qeyri-rəsmi məşğulluğun azalmasına təkan verib"

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) prezidenti Nuran Kərimov "Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" mövzusunda keçirilmiş konfransdakı çıxışında bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanda Amerika Ticarət Palatası Azərbaycan hökumətinin son illərdə həyata keçirdiyi iqtisadiyyatın şəffaflaşmasına yönələn tədbirləri dəstəkləyir: "Biz bu sahədə xüsusilə İqtisadiyyat, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi və Auditorlar Palatası ilə yaranan əməkdaşlıqdan çox məmnunuq".

Əsas diqqəti "kölgə iqtisadiyyatı" ilə mübarizə və şəffaflıq məsələlərinə yönəldən N.Kərimov bildirib ki, "AmCham"ın sıralarına yeni üzvlər qəbul edilərkən, onların fəaliyyətində biznesin məsuliyyətli vergi ödəyicisi olmasının vacibliyi hər zaman prioritet hesab edilir: "Vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində bir sıra addımlar atılır. Bizim Palataya qəbul meyarları sırasında biznes tərəfindən vergilərin düzgün və tam ödənilməsi əsas tələblərdəndir".

Son illərdə Vergilər Nazirliyi və vergi orqanlarından davamlı olaraq
şəffaf iqtisadiyyata keçidin alternativsiz seçim olduğu mesajını eşidirik.
Bu, sahibkalara öz bizneslərini doğru yönəltmək üçün aydın istiqamət verir

N.Kərimov təmsil etdiyi qurumun qeyri-rəsmi iqtisadiyyatın səviyyəsinin aşağı endirilməsi istiqamətində hökumətin bugünə qədər həyata keçirdiyi tədbirlər və əldə edilən nəticələrlə bağlı müşahidələrini açıqlayıb: "Son illərdə Vergilər Nazirliyi və vergi orqanlarından davamlı olaraq şəffaf iqtisadiyyata keçidin alternativsiz seçim olduğu mesajını eşidirik. Bu, sahibkalara öz bizneslərini doğru yönəltmək üçün aydın istiqamət verir. Vergi və sosial sığorta ilə bağlı ötən il həyata keçirilən islahatlar qeyri-rəsmi məşğulluğun azalmasına təkan verib. "AmCham" üzvləri tərəfindən hazırlanan "Ağ sənəd" təkliflər toplusuna daxil edilən ƏDV-nin 1 yanvar 2020-ci ildən kassa metodu ilə tanınması qaydasına keçidi yüksək qiymətləndiririk. Özəl sektor-dövlət dialoqunun bu parlaq nümunəsi üçün Vergilər Nazirliyinə təşəkkür edirik".

N.Kərimov vurğulayıb ki, aidiyyəti dövlət orqanları iqtisadiyyatın ölkədə fəaliyyət göstərən əsas oyunçuları olan şirkətlərdə, sistem xarakterli müəssislərdə və holdinqlərdə vergi əməletməsinin ciddi surətdə artmasına nail olublar. Bu istiqamətdə bir sıra sahələrdə aparılan işlərin davam etdirilməsini vacib sayan N.Kərimovun sözlərinə görə, son dövrlərdə aparılan tədbirlər nəticəsində biznesi şəffaf qaydada idarə etməyə üstünlük verən sahibkarların sayı kifayət qədər artıb.

Düzgün uçotun aparılmaması və bununla da vergidən yayınma
biznes mühiti üçün rəqabət üstünlüyünə gətirib çıxarmamalıdır

Qeyd edilib ki, hələ də müşahidəçi statusunda olan və qeyri-şəffaf çalışan biznes strukturlarının da az olmadığı təəəsüf doğurur: "Belə sahibkarları daha qüvvətli edən bir çox faktorlar olsa da, inanırıq ki, ən vacibi biznes şəraitinin hər kəs üçün bərabər olmasıdır. Təəssüf ki, hazırda tam leqal işləyən şirkətlər rəqabətdə qeyri-şəffaf işləyən şirkətlərə uduzurlar. Bu baxımdan, hesab edirik ki, dövlətin bu sahədəki nəzarət tədbirləri böyük sahibkarlıq subyektləri ilə yanaşı, digər biznes subyektlərini də əhatə etməli və haqlı rəqabət mühitini formalaşdırmalıdır. Düzgün uçotun aparılmaması və bununla da vergidən yayınma biznes mühiti üçün rəqabət üstünlüyünə gətirib çıxarmamalıdır".

"AmCham" prezidenti vergi siyasətində vergilərin şərti qaydada deyil, birbaşa gəlirlərdən hesablanmasına yönəlmiş dəyişiklikləri alqışladıqlarını vurğulayıb. O buna misal kimi, 1 yanvar 2020-ci ildən bina tikintisi ilə məşğul olan sahibkarlıq subyektlərinin sadələşdirilmiş vergi rejimindən mənfəət vergisi rejiminə keçməsini göstərib. N.Kərimovun fikrincə, bununla inşaat sektorunda daha ədalətli və şəffaf qaydalar müəyyən edilib: "Hesab olunur ki, gəlirləri fərdi bəyanetmə sisteminə keçid iqtisadiyyatın şəffaflaşmasına böyük töhfə verə bilər. Qarşıdan gələn illərdə Azərbaycanda bu sistemə keçid haqqında düşünməyə dəyər. Hökumət hər zaman deyir ki, fiskal qanunvericiliyin proqnozlaşdırıla bilən olması biznes üçün vacibdir. Biz təklif edirik ki, inkişaf etmiş ölkələr kimi Azərbaycan hökuməti də vergi və fiskal siyasətinin növbəti 3,5 il üçün əsas istiqamətlərini müəyyən etsin. İnanırıq ki, vergi inzibatçılığının və vergi yükünün əvvəlcədən proqnozlaşdırılması imkanının olması sahibkarlıq mühitinə müsbət təsir edə bilər".

Azərbaycan bazarının informasiya texnologiyaları sahəsində çevik
həllər təklif edən şirkətlərə və mütəxəssislərə çox böyük ehtiyacı vardır

N.Kərimov "kölgə iqtisadiyyatı" ilə mübarizədə vergi siyasətinin vacibliyi ilə yanaşı, digər mühüm faktorların olduğunu da qeyd edib. Müəssisələrdə mühasibat uçotunun vacibliyi vurğulanıb: "Burada çox önəmli şərtlərdən biri lazımi proqram təminatlarının olmasıdır. Bu sahədə çalışan mütəxəssis kimi deyə bilərəm ki, Azərbaycan bazarının informasiya texnologiyaları sahəsində çevik həllər təklif edən şirkətlərə və mütəxəssislərə çox böyük ehtiyacı vardır".

"AmCham" rəhbəri ölkədə audit institutunun güclənməsinin prioritet məsələ olduğunu vurğulayıb. Həm kənar müstəqil audit sahəsində, həm də dövlət vergi orqanlarının auditi sahəsində çalışan mütəxəssislərin sayının artırılması və peşəkar hazırlığı baxımından çox işlər görülməlidir: "Təəssüf ki, bu gün Azərbaycanda lisenziyalı və sertifikatlaşmış auditorların sayı baxımından vəziyyət o qədər də qənaətbəxş deyil. Ölkəyə indikindən qat-qat çox auditor tələb olunur. İqtisadiyyatın bir çox sahələrində olduğu kimi maliyyə, mühasibat, audit, informasita texnologiyaları, insan resursları və investisiyaların idarə edilməsi sahələrində ciddi kadr çatışmazlığı vardır. Universitetlər bu problemin yaxın illərdə əhəmiyyətli həlli üçün əmək bazarına kifayət qədər kadr hazırlamalıdır. Həm dövlət, həm özəl sektorun məqsədyönlü qaydada müasir tələblərə cavab verən peşə hazırlığına ciddi yatırımlar edilməsi labüddür".

Korrupsiyaya qarşı mübarizənin "kölgə iqtisadiyyatı" ilə mübarizənin vacib tərkib hissəsi olduğunu deyən N.Kərimov ölkədə bu istiqamətdə görülən işlərin öz təsirini göstərməkdə davam edəcəyini vurğulayıb.

Fərqanə ALLAHVERDİQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?