29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi və gömrük orqanlarının koordinasiyasının təkmilləşdirilməsi zamanın tələbidir

Vergilər Nazirliyi idxal-ixrac əməliyyatları üzrə vergi və gömrük orqanlarının birgə nəzarət tədbirlərinin beynəlxalq təcrübə nəzərə alınmaqla mütəmadi təkmilləşdirilməsi məsələləri ilə bağlı Avropa İttifaqının (Aİ) TAİEX texniki yardım alətinə müraciət edib və sorğu qəbul olunub. Yanvarın 27-dən 31-dək nazirlikdə "Vergi və gömrük orqanlarının fəaliyyətinin koordinasiyası" mövzusunda TAİEX ekspert missiyası təşkil edilib. Tədbirdə təlimçi qismində iştirak edən Afina Gömrük İdarəsinin rəisi Angelos Lymperis və Yunanıstanın Dövlət Gəlirləri üzrə Müstəqil Orqanın Audit İdarəsinin auditoru Alexandros Roukalisla söhbətimiz idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi, vergi və gömrükdə inzibatçılıq baxımından beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda görülən işlər və qarşıda duran tədbirlərlə bağlıdır.

- İlk sualımız səfərin əsas məqsədi, vergi və gömrük orqanları arasında əməkdaşlıq məsələləri barədədir...

Alexandros Roukalis: Gömrük və vergi orqanları arasındakı əməkdaşlıq səviyyəsinin kifayət qədər olmaması sadəcə bizim ölkələrdə, yəni Azərbaycan və Yunanıstanda deyil, bir çox ölkələrdə müşahidə olunur. Əksər ölkələrdə vergi və gömrük orqanları müxtəlif qurumlarda təmsil olunur ki, bu da onlar arasında kifayət qədər koordinasiyanın olmamasına gətirib çıxarır. Bu məsələnin həll yollarından biri koordinasiyanın üstünlüklərini görmək, bunları seçmək və ortaya çıxarmaqdır ki, seminarımızın məqsədlərindən biri də məhz budur.

- Bu sahədə Azərbaycandakı vəziyyəti necə görürsünüz?

Alexandros Roukalis: Burdakı seminar iştirakçılarından əldə etdiyimiz məlumatdan görürük ki, məlumat mübadiləsinə dair razılaşma protokolları imzalanmışdır və hazırda məlumat mübadiləsi üzrə işlək mexanizm mövcuddur. Lakin bəzi hallara dair müəyyən prosedurlar işlənilə, məlumat bazasından istifadənin genişləndirilməsi nöqteyi-nəzərindən müəyyən təkmilləşdirilmələr həyata keçirilə və Avropa təcrübəsindən yararlanmaq mümkün ola bilər.

Aşağıdakı istiqamətlər üzrə təkliflər verməyə çalışacağıq:

  • vergi və gömrük orqanları arasında mövcud əməkdaşlığın, koordinasiyanın və məlumat mübadiləsinin gücləndirilməsi;

  • üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərə nəzarətin gücləndirilməsi;

  • risklərin idarə olunması sisteminin təkmilləşdirilməsi;

  • sərhədlərarası potensial vergidən yayınma hallarının vaxtında aşkar olunması;

  • gömrük orqanları tərəfindən idxal-ixrac, vergi orqanları tərəfindən isə alğı-satqı əməliyyatları barədə məlumatların qurumlar arasında mübadiləsi nəticəsində uyğunsuzluqların aşkar olunması.

- İdxal-ixrac əməliyyatları üzrə vergi və gömrük orqanları birgə işlərini necə qurmalıdırlar?

Angelos Lymperis: İlk növbədə elə bir sistem qurulmalıdır ki, onların arasında mütəmadi kommunikasiya həyata keçirilsin. Məsələn, gömrük sahəsində bu sistem vasitəsilə məlumat dərhal əldə olunsun. Əlbəttə ki, yüksək dərəcədə əməkdaşlıq birdən-birə əldə edilə bilməz. Bu addım-addım və mərhələ-mərhələ baş verməlidir. Mərhələlərdən biri qanunların təkmilləşdirilməsidir.

İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində qarşıya qoyulmuş tapşırıqların icrası ilə əlaqədar olaraq bu sahədə müvafiq ixtisaslı kadrların hazırlanmasına və təkmilləşdirilməsinə də ehtiyac vardır.

Alexandros Roukalis: Daha bir yol da onların bir "çətir" altında toplanması və daha yaxşı koordinasiyanın həyata keçirilməsi ola bilər. Bunun həlli üçün müəyyən infrastruktur yaradılmalı və dəyişikliklər edilməlidir. Yəni məlumat bazalarının qurulması, "softline" qlobal informasiya texnologiyalarının təmin edilməsi sayəsində qərarları daha tez və operativ qəbul etmək olar. Bu isə müasir dünya üçün çox vacib məsələdir. Atılmalı olan bir addım da vergi ilə gömrük işçilərinin bilik səviyyəsinin artırılması və treninqlər vasitəsilə hazırlığıdır.

- Bu sahələrə birgə nəzarət tədbirləri necə aparılır?

Angelos Lymperis: Gəlin buna bir misal üzərindən baxaq. Tutaq ki, idxal əməliyyatı həyata keçirilir. Bunun iki tərəfi var. Həm vergi, həm də gömrük tərəfi...Yəni gömrük yoxlama aparanda məsələyə öz nöqteyi-nəzərindən baxır, vergi və mühasibatı sahəsini nəzərə almır, çünki bu sahədə bilikləri yoxdur. Əgər söhbət ƏDV bəyannaməsindən gedirsə, gömrük əməkdaşları bu məsələni tam aydınlaşdıra bilmirlər. Onlar ixracatçının mühasibat kitablarına baxmaq və təhlil etmək üçün biliyə malik deyillər. Bu hallarda vergi mütəxəssislərinə ehtiyac yaranır və yaxud da əksinə...

Vergi orqanı idxalla məşğul olan şirkəti yoxlayırsa, bu dəfə vergi mütəxəssisləri gömrük bəyannamələrini oxuyurlar. Bu işi tam yerinə yetirmək də vergi mütəxəssisləri üçün çətin olur. Bunun üçün vergi mütəxəssisləri gömrükçülərin köməyindən istifadə etməli olurlar. İdeal halda, çox yaxşı olardı ki, bu tip yoxlamaları gömrük və vergi orqanları birlikdə həyata keçirsinlər. Amma təəssüflər olsun ki, kadr məhdudiyyətlərinə görə bunu reallaşdırmaq mümkün olmur.

Alexandros Roukalis: Burada məsələlərdən biri də qarşılıqlı yoxlamaların keçirilməsində vaxtın seçilməsidir. Ola bilər ki, gömrük orqanı mütəxəssisinin bu gün vaxtı var, vergi əməkdaşının isə yoxdur... Bunu bir araya gətirmək tələb olunur.

Burada ilk növbədə ona diqqət yetirilməlidir ki, bu tip yoxlamaların keçirilməsində məqsəd nədir? Bu yoxlamalar əsasən vergidən yayınma hallarının aradan qaldırılması məqsədi daşıyır. Vergi və gömrük orqanları arasında əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi də bu məqsədə xidmət etməlidir. Koordinasiya yüksək səviyyədə olarsa, bəlkə heç yoxlamalara da ehtiyac qalmaz.

Riskin təhlilinə əsasən bilirik ki, bəzi şirkətlərin işində risk var. Məhz həmin şirkətlərlə əlaqədar birlikdə ortaq yoxlama keçirmək olar.

Angelos Lymperis: Ən vacib məsələlərdən biri, məncə, ortaq bir məlumat bazasının olması və ya bir-birinin məlumat bazasına çıxışın təmin edilməsidir.

- İdxal-ixracda risklərin idarə edilməsi baxımından hansı tədbirləri təklif edirsiniz?

Alexandros Roukalis: Bilirik ki, risk qiymətləndirilməsinin müxtəlif ölkələrdə müxtəlif sistemləri, fərqli kriteriyaları mövcuddur. Təkmilləşdirmələrdən biri bu ola bilər ki, söhbət vergidən gedirsə, meyarlara gömrüyə aid risklər də daxil edilsin. Tutaq ki, bu risk bilavasitə gömrüklə əlaqədardırsa və mənşəyi bilavasitə gömrüklə bağlıdırsa, yaxşı olar ki, audit birlikdə keçirilsin.

Angelos Lymperis: Mən ortaq məlumat bazası haqqında qeyd etdim. Düşünürəm ki, belə bir bazanın mövcudluğu risk analizinin təkmilləşdirilməsinə xidmət edə bilər. Bir çox hallarda ixracatçı şirkətin ƏDV bəyannaməsini təqdim etmədiyini görürük. Yoxlama apardığımız anda əlimizdə həmin şirkət haqqında məlumat olmur və yenə də bu əməlini davam etdirir. Gömrük orqanlarının qaçaqmalçılıq barədə məlumatı olur, verginin orqanı isə həmin məlumatdan məhrum olur. Ona görə də məlumatlar bir araya gətirilməlidir.

Alexandros Roukalis: Ümumiyyətlə, iqtisadiyyat çox sürətlə inkişaf edir. Bizim meyarlar əvvəlki kimi qala bilməz, bunlar da dəyişməli, təkmilləşdirilməlidir. Risklərin müəyyənləşdirilməsi sahəsində sıx əməkdaşlıq risklərin qiymətləndirilməsi üzrə ümumi sistemimizin faydasına olar.

- Bununla bağlı Aİ çərçivəsində hansısa yeni layihə, strateji konsepsiya hazırlanırmı?

Alexandros Roukalis: Aİ-nin bununla əlaqədar üç müxtəlif direktivi var. Birincisi gəlir vergisi, digəri aksiz vergisi, üçüncüsü isə ƏDV ilə əlaqədardır. Uzun illərdir bu proses başladılıb.

- Yunanıstanın gömrük və dövlət gəlirləri orqanları idxal-ixracda nəzarətin təkmilləşdirilməsi ilə bağlı hansı üsullardan istifadə edirlər?

Angelos Lymperis: Bizim yaratdığımız məlumat bazasından həm gömrük, həm vergi orqanı , həm də maliyyə polisi yararlanır. Bizdə istifadə olunan sistem "Enengist" adlanır. Bu sistemdən gömrükdən keçdikdən sonrakı mərhələdə istifadə olunur. Biz bu sistemin faydasını görürük. Onun vasitəsilə məlumatlardan dərhal istifadə etmək mümkündür. Məhz bu da vergi ilə gömrük orqanları arasında koordinasiyanın təkmilləşdirilməsi üçün Yunanıstanın atdığı ən mühüm addımlardan biridir. Hər bir orqan öz məlumatlarını bu sistemə daxil edir, məlumatlara real rejimdə çıxış imkanı təmin olunur. Digər orqanlar da bu məlumatlardan faydalana bilərlər.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb