12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi təqvimi - 21 yanvar 2020-ci il

Gəlir vergisi (Xüsusi notariuslar üzrə): Xüsusi notariusların gəlir vergisi üzrə hesabat dövrü rübüdür. Xüsusi notariuslar tərəfindən hər bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) 10 faiz dərəcə ilə gəlir vergisi hesablamalı, hesablanmış vergi məbləği isə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidir. Xüsusi notariuslar tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) hesablanan gəlir vergisi barədə "Xüsusi notariusun gəlir vergisi bəyannaməsi" hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə): İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlar və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır. İdman oyunları ilə əlaqədar aparılan idman mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində gəlir vergisini hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar. Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident şəxslər tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə isə bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində gəlir vergisi hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına təqdim etməyə borcludurlar.

Əlavə dəyər vergisi: ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verməli və həmin müddətədə vergini dövlət büdcəsinə ödəməlidir.

Aksizlər: Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və həmin müddətdə vergi orqanına bəyannamə verilməlidir.

Yol vergisi: Yol vergisi üçün hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq "Yol vergisinin bəyannaməsi"ni vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

Mədən vergisi: Mədən vergisi üzrə hesabat dövrü təqvim ayıdır. Mədən vergisinin ödəyiciləri hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq vergini ödəyir və bəyannamə verirlər. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir və bələdiyyələrə mədən vergisinin bəyannaməsi verilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir.

Sadələşdirilmiş vergi: Sadələşdirilmiş vergi üçün (o cümlədən idman mərc oyunlarının operatorları və satıcılarının bu fəaliyyəti üzrə) hesabat dövrü rübdür. Sadələşdirilmiş verginin ödəyicisi olan şəxslər hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.

Sadələşdirilmiş vergi (Bina tikintisi fəaliyyəti üzrə): Bu fəliyyəti ilə məşğul olan və sadələşdirilmiş vergitutma metodunu seçmiş şəxslər üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verirlər. Bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün müəyyən edilmiş qaydaya uyğun hesablanmış sadələşdirilmiş vergini bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəyirlər.

Sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə): Bu fəaliyyət üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü aydır. Daşınmaz əmlakın təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməyə və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar.

Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə): Bu fəaliyyət üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü aydır. Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən 1 faiz hesablanan vergini vəsaiti alan şəxsin bank hesabından tutulur, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergi dövlət büdcəsinə köçürülür və həmin müddətədək “Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi” vergi orqanına təqdim edilir.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi: Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi tutan ƏDV və sadələşdirilmiş vergi ödəyicilərinin bu ödəmələr üzrə hesabat dövrü vergi ili, digər vergi ödəyicilərinin hesabat dövrü isə rübdür. Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamalı və hesablanmış məbləği növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni ƏDV və sadələşdirilmiş verginin ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq, digərləri isə hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.

Ödəmə mənbəyində tutulan digər vergilər: ƏDV və sadələşdirilmiş verginin ödəyicilərinin muzdlu işlə əlaqədar aparılan ödəmələri istisna olmaqla, ödəmə mənbəyində tutulan digər vergilər üzrə hesabat dövrü rübdür. Hüquqi şəxslər və fərdi sahibkarlar qeyri-dövlət pensiyaları və ödəmə mənbəyində vergiyə cəlb olunmalı olan digər ödəmələri verərkən bu gəlirlərdən vergini tutmalı, tutulmuş məbləği gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməli və həmin müddətdə də bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

Sığorta müqaviləsi vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi: Həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanılmış sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə aparılan ödəmələrdən ödəmə mənbəyində tutulan verginin hesabat dövrü rübdür. Həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanılmış sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisi hesablamalı və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməli və gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

Dövlət rüsumu: Dövlər rüsumu üzrə hesabat dövrü rübdür. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində, digər dövlət rüsumları isə tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür. "Dövlət rüsumu haqqında" Qanunda nəzərdə tutulmuş dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək dövlət rüsumunun tutulması barədə hesabatları vergi orqanına təqdim etməlidirlər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?