6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicilərinin nəzərinə!

ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması təsdiq olunub

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli Qanununun 2.3-cü maddəsinə əsasən 2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları barədə Məlumat Formasını 2020-ci il 31 yanvar tarixinədək vergi orqanına təqdim etməlidirlər.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar ƏDV inzibatçılığının təkmilləşdirilməsi, o cümlədən vergiyə cəlb olunan əməliyyatın vaxtının təqdim edilmiş mala (işə, xidmətə) görə pul vəsaitinin vergi ödəyicisinin sərəncamına daxil olduğu vaxtla müəyyən edilməsi ilə bağlı qanunvericiliyin yeni müddəaları nəzərə alınaraq, Vergilər Nazirliyinin 30 dekabr 2019-cu il tarixli Əmri ilə “2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması”nın və “2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması”nın tərtib edilməsi Qaydası” təsdiq edilib.

Formanın təqdim edilməsində məqsəd ƏDV-yə cəlb olunan əməliyyatın vaxtı ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 166-cı maddəsinə edilmiş dəyişiklik nəzərə alınaraq aparılan əməliyyatlar üzrə vergilərin düzgün hesablanmasını təmin etməklə 1 yanvar 2020-ci il tarixdən əvvəlki dövrlərdə hesablanmış vergilərin təkrar hesablanmasının qarşısını almaqdır.

Dəyişikliyə əsasən, qeyd olunan formanın 2020-ci ilin 1 yanvar tarixinədək qeydiyyata alınan ƏDV ödəyiciləri tərəfindən 1 yanvar 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixinədək təqdim olunması nəzərdə tutulub.

Məlumat Formasını təqdim etməli olan şəxslər
Qanunvericilikdə edilmiş dəyişikliyə əsasən, ƏDV-nin ödəyicisi olmayan vergi ödəyiciləri tərəfindən müvafiq Məlumat Formasının təqdim edilməsi nəzərdə tutulmayıb. Buna baxmayaraq, 2020-ci il 1 yanvar tarixdə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan və qeydiyyatdan çıxma tarixinə əsasən 2020-ci ilin yanvar ayı ərzində ƏDV qeydiyyatı ləğv edilən vergi ödəyiciləri də müvafiq Məlumat Formasını təqdim etməlidirlər. Göründüyü kimi, burada diqqət edilməli məqam vergi ödəyicisinin 1 yanvar 2020-ci il tarixinə olan vəziyyətə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmamasıdır.

Bundan əlavə, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmaqla əlaqədar Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə uyğun olaraq, 1 yanvar 2020-ci il tarixdən sonra vergi orqanına müraciət edən vergi ödəyicisinin ərizəsində qeyd olunan ƏDV-nin qüvvəyə minmə tarixi 1 yanvar 2020-ci ildən əvvələ aid olsa da, belə şəxslər tərəfindən Məlumat Formasının təqdim edilməsi nəzərdə tutulmayıb.

Vergi ödəyicisinin fəaliyyətinin olmaması, ləğv prosesinin başlaması, habelə ƏDV qeydiyyatının müvafiq formanın təqdim edilməsi ilə bağlı nəzərdə tutulan müddət (1 yanvar2020 – 31 yanvar 2020 tarixləri) ərzində ləğv edilməsi Məlumat Formasının təqdim edilməməsinə əsas vermir.

Məlumat Formasında əks etdiriləcək debitor və kreditor borcların növləri
Vergi ödəyicisinin debitor və kreditor borcları mal, iş və (ya) xidmətlərin təqdim edilməsi ilə bağlı əməliyyatlarla məhdudlaşmır. Vergi ödəyicisinin işçi heyəti və təhtəlhesab şəxslərlə yanaşı, digər əməliyyatlar çərçivəsində müxtəlif şəxslərə debitor və kreditor borcları yarana bilər. Lakin Məlumat Formasında yalnız mallar (işlər, xidmətlər) üzrə debitor və alınmış avanslar üzrə kreditor borclarının 1 yanvar 2020-ci il tarixə qalıq məbləği əks etdirilir.

Məlumat Formasının təqdim edilməməsi ilə bağlı məsuliyyət
Məlumat Formasının təqdim edilməməsi və ya təhrif olunmuş məlumatlar əsasında təqdim edilməsi ilə bağlı qanunvericilikdə hər hansı məsuliyyət tədbiri nəzərdə tutulmur. Lakin müvafiq forma təqdim edilmədikdə (və ya heç bir göstərici olmadan təqdim edildikdə) vergi ödəyicisinin 1 yanvar 2020-ci il tarixə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı debitor borclarının və alınmış avanslar üzrə kreditor borcunun olmadığı hesab olunur. Belə ki, ƏDV-nin məqsədləri üçün vergitutulan əməliyyatın vaxtı ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklərlə yanaşı, Vergi Məcəlləsinə əlavə edilmiş yeni məzmunlu 76.1-1-ci maddənin tələblərinə əsasən vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatlar banklar tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək vergi orqanına təqdim edilməlidir. Bu zaman daxil olan vəsaitin əvvəlki dövrdə aparılmış əməliyyatlara aid olub-olmadığının vergi orqanı tərəfindən müəyyən edilməsində çətinliklər yaşanacağından qeyd olunan hal vergilərin yenidən (təkrar) hesablanması ilə nəticələnə bilər. Eyni zamanda, qanunvericiliyə edilmiş dəyişikliklər nəzərə alınmaqla ƏDV bəyannaməsinin təsdiq olunmuş yeni formada debitor borcların hərəkəti ilə bağlı ayrıca hissə nəzərdə tutulduğundan debitor borcların 1 yanvar 2020-ci il tarixə qalığı müəyyən edilərək bəyannamədə əks olunmalıdır.

Məlumat Formasının təqdim edilməsi qaydası
Məlumat Forması kağız və ya elektron formada tərtib olunaraq vergi orqanına təqdim edilir. Kağız formasında tərtib edilən Məlumat Forması vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilir. Məlumat Formasını elektron formada vergi orqanına göndərmək üçün vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi İnternet Vergi İdarəsi portalının “Onlayn kargüzarlıq və E-VHF” bölməsinə daxil olaraq Məlumat Formasının müvafiq xanalarını doldurmalı və gücləndirilmiş elektron imzadan istifadə etməklə imzalamalıdır. Məlumat Forması şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edildikdə səlahiyyəti təsdiq edən sənədin Məlumat Formasına əlavə edilməsi vacibdir. Çünki bu amilin olmaması ona baxılmasından imtina edilməsinə əsas verir.

Məlumat Forması tərtib edilərkən diqqət edilməli məqamlar
Məlumat Forması təqdim edilməzdən əvvəl mal, iş və (ya) xidmətlərlə bağlı debitor borcların və alınmış avansların 1 yanvar 2020-ci il tarixə qalığı hər bir şəxs üzrə dəqiqləşdirilməlidir. Bundan sonra tərəflər arasında üzləşmə aktı və ya digər sənəd tərtib edilməklə borcların qalığı razılaşdırılır. Üzləşmə aktının və ya digər sənədin surəti vergi ödəyicisi tərəfindən könüllü qaydada vergi orqanına təqdim edilə bilər. Bu proses vergitutma məqsədləri zərurətindən irəli gələrək həyata keçirilsə də, vergi ödəyicilərinin ödənilməmiş borcları üzrə gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınması və həlli baxımından mühüm hüquqi əhəmiyyətə malikdir. Üzləşmə aktlarının məlumatları əsasında təqdim edilmiş formada düzgün olmayan və ya təhrif olunmuş (natamam) məlumatlar əks etdirildikdə, eləcə də mallar (işlər və xidmətlər) üzrə debitor borcların, habelə alınmış avansların dəyərində dəyişiklik olduqda üzləşmə aktı yenilənməklə vergi orqanına dürüstləşdirilmiş forma təqdim edilməlidir. Dürüstləşdirilmiş formanın təqdim edilmə sayına məhdudiyyət qoyulmur. Buna baxmayaraq, nəzərdə tutulmuş müddətdən (1-31 yanvar 2020) əvvəl və ya sonra təqdim edilən Məlumat Formasının göstəriciləri nəzərə alınmır. Müəyyən edilmiş müddət ərzində təqdim edilmiş sonuncu Məlumat Forması əvvəlki məlumat formalarını qüvvədən salır.

Məlumat Formasını tərtib etməzdən əvvəl vergi ödəyicilərinə “1 yanvar 2020-ci il tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin 1 yanvar 2020-ci il tarixinədək yaranan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması”nın tərtib edilməsi Qaydası” ilə ətraflı tanış olmalarını tövsiyə edirik.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?