2019-cu ilin biznes islahatları
2019-cu il ərzində biznes mühitinin əlverişliliyinin artırılması, daha şəffaf və operativ imkanların yaradılması məqsədilə kompleks biznes islahatı tədbirləri həyata keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox fərqli sahələri əhatə edən islahat tədbirləri şəffaflıq, hesabatlılıq, rəqəmsallaşma, nağdsız dövriyyənin genişlənməsinə öz töhfəsini verərək, sahibkarlar üçün ümumi prosedurların sayının azaldılması, sərf edilən vaxta və xərcə qənaət edilməsi üçün səmərəli imkanlar yaradıb, rəqabətə davamlı mühit formalaşdırılıb. İslahatlar hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti, elektrik, əmlakın qeydiyyatı, vergi, xarici ticarət, məhkəmə, dövlət satınalmaları kimi bir çox ayrı-ayrı sahələrdə aparılıb.
İslahat tədbirləri tikinti obyektinin tikintisinə və istismarına icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, dövlət satınalmaları sahəsində bütün prosedurların ümumilikdə elektron qaydada aparılması ilə rəqəmsal iqtisadiyyata keçid istiqamətində mühüm əhəmiyyət kəsb edir. Bundan başqa digər sahələrdə də, bir çox təkmilləşdirmə tədbirləri həyata keçirilib.
Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna və digər qanunvericilik aktlarına dəyişikliklər əsasında yaradılan yeni proqram "Mobil nömrə və FİN kod" vasitəsilə artıq ümumi qeydiyyat cəmi bir prosedurla, 20 dəqiqə ərzində www.taxes.gov.az saytında həyata keçirilə bilir. Məhdud məsuliyyətli cəmiyyətin onlayn dövlət qeydiyyatı zamanı ərizədə qeyd olunan işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində daxil edilir və nəticədə yalnız bir platformada bütün qeydiyyat proseduru tamamlanır. Yeni proqram istifadəyə verildikdən sonra ötən ilin yekunu ilə müqayisədə 3.677 daha çox hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da 30,8 faiz artım olmaqla, ümumi qeydiyyatdan keçənlərin elektron kütləsinin 81,8 faizdən 89,1 faizə qalxmasını təmin edib.
Tikinti üçün icazələrin alınması ilə bağlı olaraq, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı üzrə "Bir Pəncərə" prinsipi əsasında proaktiv rejimdə bütün müraciət və qeydiyyat prosedurları onlayn olaraq vahid sistemdə həyata keçirilir. Elektron müraciət sistemlərinin istifadəyə verilməsi nəticəsində artıq sahibkar-məmur təması minimuma endirilib, daha operativ və şəffaf şəkildə icazə sənədlərinin əldə olunması üçün imkan yaradılıb.
Xarici ticarət iştirakçıları üçün gömrük nəzarəti və rəsmiləşdirilməsinin daha operativ və şəffaf şəkildə tətbiq edilməsi, ixrac potensialının gücləndirilməsi məqsədilə xarici ticarət sahəsində də islahat tədbirləri həyata keçirilib. "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası" təsdiq edildikdən sonra "Yaşıl dəhliz" istifadə sahibkarlar üçün daha əlverişli şəraitin yaradılmasına imkan verib. "Yaşıl Dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması üçün 2019-cu ildən etibarən 591 xarici ticarət iştirakçısı tərəfindən müraciət ünvanlanıb, onlardan 307 xarici ticarət iştirakçısına idxal, 198 xarici ticarət iştirakçısına isə ixrac əməliyyatları üzrə sistemdən istifadə hüququ verilib. Yeni qayda ilə ixrac zamanı mallar nəqliyyat vasitəsinə yükləmədən 1 (bir) saat öncə xarici ticarət iştirakçıları tərəfindən ixrac gömrük bəyannaməsi və ona dair əlavə sənədlər elektron qaydada təqdim olunur və 1 (bir) saat müddətində şəxsə SMS vasitəsi ilə bildiriş göndərilir.
Risklərin qiymətləndirilməsi əsasında isə sahibkar gömrük orqanının əməkdaşının iştirakı olmadan ixracda yükləmə əməliyyatları, idxalda isə malların boşaldılmasını birbaşa özü həyata keçirə bilir. Bundan başqa, xarici ticarət iştirakçısı elektron formada qısa idxal bəyannaməsinin gömrük orqanlarına təqdim etməklə mallar və nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış məntəqələrində əlavə vaxt itkisinə yol verilmədən sürətli keçidinin təmin olunmasını da reallaşdırır.
Vergilərin ödənilməsi ilə bağlı olaraq 2018 və 2019-cu illər ərzində "Vergi Məcəlləsi"nə bir çox dəyişikliklər edilib. İslahatlar vergi hesabatlarının hazırlanmasına və vergilərin ödənilməsinə sərf olunan vaxt, ƏDV-nin əvəzləşdirilməsi üçün sənədlərin doldurulması üçün sərf edilən vaxt, vergi dərəcələrinin sayı kimi amillər üzrə dəyişikliklərə səbəb olub. Bundan başqa, 2020-ci il "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında" Qanun layihəsində də uçota alınmalı olan vergi ödəyicilərinin meyarları müəyyən edilib, vergi qanunvericiliyinin pozulması anından artıq 3 il deyil 5 il keçibsə məsuliyyətə cəlb edilə bilməmə, yeni maliyyə sanksiyaları, elektron qaimə-fakturanın təqdim edilməsi vaxtı, növləri, ƏDV ilə bağlı azadolmalar üzrə müddəaların əlavə ediləcəyi gözlənilir. Əlavə olaraq, riskli vergi ödəyicisi, transmilli şirkətlər qrupu kimi anlayışlarda əlavə ediləcəkdir.
Rəqamsal eraya keçid istiqamətində mühüm yeniliklərdən biri də, dövlət satınalmaları ilə bağlı olaraq müvafiq qanunvericilik aktına dəyişiklik edilməsi və vahid dövlət satınalmaları portalının yaradılmasıdır. Portalın fəaliyyəti ilə dövlət vəsaitlərindən səmərəli və effektiv istifadə imkanı yaradılıb. Dövlət satınalmaları portalı 2019-cu ilin may ayından fəaliyyətə başlamaqla hazırki dövrə qədər portal vasitəsilə 1.957 tender keçirilib, 5.673 müqavilə imzalanıb, 3.354 illik tender planlarının tərtibi təmin edilib. Bundan başqa, 1.210-dən çox alıcı, 2.150-dən çox satıcı qeydiyyatdan keçib.
Məhkəmə fəaliyyəti ilə bağlı olaraq Prezidentin 2019-cu il 3 Aprel tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanının icrası istiqamətində məhkəmə-hüquq sisteminin daha da təkmilləşdirilməsi məqsədilə kompleks islahat tədbirləri həyata keçirilir. Nəticədə "Elektron məhkəmə" informasiya sistemi daha da təkmilləşdirilib, məhkəmə və ya üçüncü tərəfin qərarını tələb etməyən hər hansı bir mübahisə üçün təsirli həlli vasitəsi təmin edən, tərəflərin anlaşma və həll yollarını araşdırmaq üçün "Mediasiya haqqında" Qanun qəbul edilib. Qanun məhkəmə sistemində mediatorların fəaliyyətini təmin etməklə bu sahədə hakimlərin iş yükünü azaltmaqla məhkəmələrin fəaliyyətinin effektivliyinin və operativliyinin artmasını, məhkəmə işlərinə daha qısa zaman ərzində baxışını təmin edəcəkdir. Məhkəmələrə mobil telefondan elektron qaydada iddia ərizələri vermək, sənədlər göndərmək, məhkəmə proseslərinin keçiriləcəyi vaxt və yer barədə məlumatlanmaq və digər imkanlardan istifadə edilməsi üçün "Mobil Elektron Məhkəmə" yeni proqram təminatı istifadəyə verilib. Bundan başqa, mülki işlərə, inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə özəl məhkəmə ekspertizası yaradılıb.
Aparılan islahat tədbirləri Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərində irəliləməsi ilə bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiyməti özündə əks etdirir. Eləcə də, bu kimi islahatların davamiyyətini nəzərə alaraq, müvafiq sahələrdə lazimi tədbirlərin həyata keçirilməsi ilə ölkənin mövqeyinin beynəlxalq reytinqlərdə daha da gücləndirilməsinə əlverişli şərait yaranacaqdır.
Ümumilikdə, biznes mühitinin əlverişliliyinin artırılması istiqamətində həyata keçirilən islahat tədbirləri ilə ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsirini nəzərdən keçirmək mümkündür. Belə ki, 2019-cu ilin əvvəli ilə müqayisədə əsas kapitala investisiya qoyuluşu 3,5 faiz, eyni zamanda qeyri-neft ÜDM-nin ötən il ilə müqayisədə 3,5 faiz və xarici ticarət dövriyyəsində qeyri-neft ixracının 16,5 faiz artması müşahidə olunur.
Nərmin KAZIMLI,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki