15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Düzgün işləyənlərlə qanunu pozanlar arasında sərhəd qoyulacaq

Vergi Məcəlləsinə edilmiş dəyişiklikləri "vergiler.az"a şərh edən Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəis müavini Nicat İmanov bildirib ki, yeniliklər bütövlükdə əlverişli vergi mühitinin yaradılmasını, sahibkarlar üzərində inzibatçılıq yükünün və əhalinin üzərində olan maliyyə-vergi yükünün azaldılmasını nəzərdə tutur. Dəyişikliklər vergidən yayınan şəxslər üzərində vergi nəzarəti tədbirlərini də ehtiva edir: "Əlverişli vergi mühitinin yaradılması vergi siyasətinin qarşısında duran əsas hədəflərdəndir. Bu özünü haqsız rəqabətə qarşı mübarizədə, sahibkarların üzərinə düşən vergi yükünün azaldılmasında, eyni zamanda vergi öhdəliklərinin yerinə yetirilməsi müddətinin təxirə salınmasında göstərir. Haqsız rəqabətin aradan qaldırılması ilə bağlı qanunverciliyə riskli vergi ödəyiciləri anlayışı daxil edilib. Vergi Məcəlləsində riskli, eləcə də əmtəəsiz əməliyyatlar aparan vergi ödəyiciləri üzərində vergi nəzarəti, o cümlədən həmin əməliyyatlara çəkilən xərclərin gəlirdən çıxılmaması, növbədənkənar səyyar vergi yoxlamalarının keçirilməsi və digər bu kimi nəzarət tədbirləri nəzərdə tutulub. Bu, düzgün işləyən şəxslərlə qanunu pozan şəxslər arasında sərhəd qoyulmasına xidmət göstərəcək. Bununla yanaşı, Vergi Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı qanunun tətbiqi haqqında Prezident Fərmanında Nazirlər Kabinetinə riskli vergi ödəyicilərinin meyarlarının hazırlanması da tapşırılıb".

Vergi Məcəlləsində riskli, eləcə də əmtəəsiz əməliyyatlar aparan
vergi ödəyiciləri üzərində vergi nəzarəti, o cümlədən həmin əməliyyatlara
çəkilən xərclərin gəlirdən çıxılmaması, növbədənkənar səyyar vergi
yoxlamalarının keçirilməsi və digər bu kimi nəzarət tədbirləri nəzərdə tutulub

Qanunu pozan şəxslərin haqsız rəqabətə şərait yaratdığını deyən N.İmanov qaydalarla işləyən vergi ödəyicilərinin fəaliyyətinə, bazardakı mövqeyinə də mane olduqlarını, bu məqsədlə rəqabət mühitinin formalaşması üçün vergi qanunverciliyində tənzimləyici dəyişikliklərin nəzərdə tutulduğunu bildirib: "Vergi yükünün azaldılması bəzi xərclərin gəlirdən çıxılması baxımından əhatə dairəsinin genişləndirilməsində özünü göstərir. İndiyədək torpaqların yaxşılaşmasına görə sahibkarların çəkdikləri xərcləri gəlirdən çıxılmırdı. Qanuna edilən dəyişikliklərlə sahibkarların bu xərcləri kapitallaşdırılacaq və amortizasiya xərci kimi gəlirdən çıxılacaq".

N.İmanov qeyd edib ki, tikinti fəaliyyəti ilə məşğul olan şəxslərin tikdikləri binadan məqsədli təyinatla dövlətə təqdim etdiyi yaşayış və qeyri-yaşayış sahələrinə görə vergi öhdəliyi olmayacaq. Buna baxmayaraq ayrılan sahələrin tikintisinə çəkilən xərclər gəlirdən çıxılan xərclər kimi nəzərə alınacaq və vergiyə cəlb edilən mənfəəti azaldacaq. Həmin sektor 2020-ci ildən yalnız ƏDV və mənfəət vergisinə cəlb ediləcək. Bununla iqtisadiyyatın əsas sektoru olan tikinti sahəsində vergi yükünün azalması və şəffaflığın təmin edilməsinə şərait yaranmış olacaqdır.

Tikinti fəaliyyəti ilə məşğul olan şəxslərin tikdikləri binadan
məqsədli təyinatla dövlətə təqdim etdiyi yaşayış və
qeyri-yaşayış sahələrinə görə vergi öhdəliyi olmayacaq

Yeniliklər ƏDV ödəyicilərini də əhatə edir. N.İmanovun sözlərinə görə, əvvəllər ƏDV-nin hesablanıb dövlət büdcəsinə ödənilməsi malların satışına görə 30 günlük müddət nəzərə alınırdısa, artıq bu metod dəyişib. Bundan sonra tam kassa metodu prinsipinə keçid ediləcək: "2020-ci il yanvarın 1-dən ƏDV ödəyiciləri məhsulları satarkən, xidmət göstərərkən malları təqdim etdiyi ayda deyil, pul vəsaiti onun sərəncamına daxil olduğu ayda ƏDV-ni hesablayıb ödəyəcək. Bu, sahibkara maliyyə yükü yaratmamağa hesablanmış dəyişiklikdir".

Dəyişikliklərdə gələn ildən vergi inzibatçılığın sadələşdirilməsi də nəzərə alınan vacib məqamlardandır. N.İmanov qeyd edib ki, burada sənədləşdirmələrin azaldılması, ikili əməliyyatlardan birinin ləğv edilməsi kimi tədbirlər nəzərdə tutulur. Yəni ƏDV ödəyicilərinin tərtib etdiyi elektron vergi hesab-fakturaları qanunla ləğv edilib. Bundan sonra bütün əməliyyatlar yalnız elektron qaimə-faktura ilə rəsmiləşdiriləcək. E-qaimə həm elektron vergi hesab-fakturasını əvəz edəcək, həm də malların satışını müəyyən edən sənəd kimi çıxış edəcək, həmçinin malların, xidmətlərin agent qaydasında, komissiya qaydasında digər şəxslərə verilməsini, malların emala verilməsini nəzərdə tutan sənəd olacaq. Bu, vergi ödəyicilərinin, habelə mühasiblərin, sənədləşmələri həyata keçirən şəxslərin işini yüngülləşdirəcək. Bununla sahibkarlar da kağız daşıyıcılarda olan sənədlərin korlanması, itməsi kimi risklərdən sığortalanmış olacaqlar.

N.İmanov elektron qaydada sənədləşmələrin vergi orqanlarının sahibkaralara məsafədən nəzarət etməsinə, vergi ödəyiciləri üzərində nəzarət tədbirlərinin azalmasına imkan verəcəyini bildirib: "Bütövlükdə vergi orqanları qarşısında duran əsas məqsəd "kölgə iqtisadiyyatı"nın aradan qaldırılmasıdır. Bunun başlıca yolu isə gəlir və xərclərin uçotunun şəffaflaşdırıması, haqsız rəqabətin götürülməsidir".

Əvvəllər ƏDV-nin hesablanıb dövlət büdcəsinə ödənilməsi malların
satışına görə 30 günlük müddət nəzərə alınırdısa, artıq bu metod dəyişib.
Bundan sonra tam kassa metodu prinsipinə keçid ediləcək

Dəyişikliklərdə əhalinin üzərində olan maliyyə-vergi yükünün azaldılması da nəzərdə tutulub ki, bu da sosial xarakterli güzəştlərdir. Mənzil mülkiyyətçiləri mövcud dəyişikliyədək 5 il müddətində yaşayış sahəsində qeydiyyatda olduqları halda mənzilini satarkən vergidən azad idilərsə, bu müddət 3 təqvim ilinə endirilib. Digər tərəfdən, yaşayış sahəsində qeydiyyat müddətindən asılı olmayaraq istənilən fiziki şəxs mülkiyyətində olan mənzili satarkən hər zaman 30 kvadrtametrə görə vergi güzəşti əldə edəcək. Məsələn, 70 kvadrtametrlik evini satan vətəndaş üçün 30 kadratmetr çıxılmaqla qalan 40 kvadrtmetrə görə vergi hesablanacaq. Bununla yanaşı, hər kvadratmetrə görə 15 manat baza vergi məbləği müəyyən edilib ki, bu da zona əmsallarına vurularaq hesablanır. Nəticədə, vətəndaşlar hər mənzil satışı zamanı 450 manat baza vergi məbləği qədər güzəşt əldə etmiş olurlar.

İstehlak qiymətlərinin tənzimlənməsi baxımından quş ətinin və heyvan ətinin satışı da 2020-ci ildən 4 il müddətinə ƏDV-dən azad edilib. Nəzərə almaq lazımdır ki, heyvan ətinin kəsilmiş və dondurulmuş formada olması daxil olmaqla bütün ticarət mərhələlərində ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Daha bir sosial xarakterli güzəşt də budur ki, vətəndaşlar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alındıqda, əməliyyat tam nağdsız qaydada baş verərsə, ödənilən ƏDV-nin 30 faizinin vətəndaşa qaytarılması qanunda təsbit edilib".

N.İmanov qeyd edib ki, Vergi Məcəlləsinə dəyişikliklərin hədəfi bütövlükdə ölkədə əlverişli biznes mühitinin yaradılmasıdır. İnvestisiya qoyuluşu üçün cəlbedici şəraitin yaradılması baxımından sənaye və texnologiya parklarının rezidentləri artıq 7 il deyil, 10 il müddətinə vergi güzəşətləri əldə edəcəklər.

Fərqanə AlLLAHVERDİQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?