Vergi və gömrük islahatları büdcəyə 1 milyard manatdan çox əlavə vəsaitin daxil olmasına imkan verib
"Bu ilin ilk 11 ayında dövlət büdcəsinin profisiti 957 milyon manata çatıb, ticarət balansında 6 milyard dollarlıq müsbət saldo yaranıb". Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında deyib.
V.Qasımlı əlavə edib ki, strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına çatmaqla 37 aylıq mal və xidmət idxalına kifayət edir və xarici borcu altı dəfə üstələyir: "2019-cu ildə inflyasiya 2,6 faiz olmaqla illik hədəfdən az olub. Bu il manat türk lirəsinə, avroya, gürcü larisinə qarşı bahalaşıb, Ukrayna qrivnası, Rusiya rublu və yapon yeninə qarşı isə ucuzlaşıb, ən əsası ABŞ dolları ilə məzənnəsini sabit saxlayıb. Manatın real effektiv məzənnənin ucuzlaşması isə qeyri-neft ixracını stimullaşdırıb. Qeyri-neft ixracı 16 faiz artıb".
Onun sözlərinə görə, vergi-gömrük islahatları və "kölgə iqtisadiyyatı" ilə mübarizə nəticəsində dövlət büdcəsinə 2019-cu il ərzində 1 milyard manat proqnozdan əlavə vəsait daxil olub. Dövlət büdcəsinin artan imkanları hesabına həyata keçirilən sosial islahat paketi 4,2 milyon nəfəri əhatə etməklə 2,3 milyard manata başa gəlib.
Qeyd edək ki, bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6%-lik artım nümayiş etdirib. Həmçinin, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Bankların kredit qoyuluşu 11 faiz artıb".