15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dividenddən vergi tutulması

Sahibkarların, vergi ödəyicilərinin və mütəxəssislərin marağında olan məsələlərdən biri də dividendlərin ödənilməsi və ödənilən məbləğlərin vergiyə cəlb edilməsi ilə bağlıdır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

"Dividenddən vergi necə tutulur?" sualının cavabı ilk baxışdan çox sadədir: dividenddən ödəmə mənbəyində 10 faiz vergi tutulur. Bu, doğrudur, amma məsələnin dərinliklərinə baxdıqda maraqlı məqamlar üzə çıxır.

Məsələn, dividendlərə aid mənfəət vergisi vergi bəyannamələrində əks olunurmu? Yaxud xaricdən daxil olan dividendlərdən vergi necə tutulur? Suallara cavab tapmaq üçün Vergi Məcəlləsininn 122-ci maddəsinə diqqət yetirməliyik.

Bu maddədə ödəmə mənbəyində dividenddən vergi tutulması məsələlərinə aydınlıq gətirilir. 122.1-ci maddədə göstərilir ki, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. 122.2-ci maddəyə görə, dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.

Maddənin açıqlanması aşağıdakı kimi başa düşülməlidir:

  • Dividend ancaq hüquqi şəxs tərəfindən ödəniləndə yaranır (sahibkar fiziki şəxslərdə dividend anlayışı yaranmır);

  • Rezident müəssisə tərəfindən ödənilən istənilən dividend məbləğindən 10 faiz ödəmə mənbəyində vergi tutulmalıdır;

  • Dividendin sahibi həm rezidentlər və həm də qeyri rezidentlər ola bilər və hər iki halda (qeyri-rezidentlər Azərbaycan Respublikasında) onlardan ikinci dəfə(bir daha) heç bir vergi tutulmur, yəni mənfəət vergisinə cəlb olunmur;

  • Həmçinin həmin dividendlər bir daha dividend kimi (Azərbaycan Respublikasında) veriləndə dividend vergisinə cəlb olunmur.

Göründüyü kimi, açıqlamalar sadədir. Bəs xaricdən alınan dividendlərlə bağlı məsələyə yanaşma necə olmalıdır?

122-ci maddə ancaq rezidentlərin ödədikləri dividendlər haqqındadır. Amma rezidentərin xaricdən əldə etdikləri dividendlərdən hər hansı birbaşa vergilərin tutulması və ya güzəştlərin tutulması haqqında Vergi Məcəlləsində maddələr yoxdur. Ona görə də Vergi Məcəlləsinin 104-cü maddəsinə müraciət etmək lazım gəlir. Maddədə vergitutma obyekti müəyyənləşdirilir.

104.1-cü maddədə göstərilir ki, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Maddədən aydın olur ki, xaricdən alınan dividendlər Aərbaycan Respublikasında mənfəət vergisi məqsədləri üçün gəlir sayılır və mənfəət vergisi bəyannaməsində əks olunur.

Misal: Tutaq ki, "AA" MMC-nin rezident hüquqi şəxsdə payı vardır və 2019-cu ildə 100.000 manat dividendi vardır və dividend ödəniləndə 10 faiz vergi tutulmuş və 90.000 manat məbləğ onun bank hesabına keçirilmişdir. Bundan əlavə, MMC-nin xaricdə təsisçisi olduğu müəssisəsi vardır və həmin müəssisədən də 50.000 dollar (85.000 manat) dividendi olmuşdur. 50.000 dollar dividend ödəniləndə 15 faiz 7.500 dollar (12.750 manat) tutulmuşdur və onun bank hesabına 42.500 dollar ( 72.250 manat) ödənilmişdir.

İndi baxaq, "AA" MMC illik mənfəət vergisi bəyannaməsində dividendləri necə əks etdirəcəkdir.

Məcəllənin qeyd etdiyim maddələrinə görə rezident tərəfindən əldə olunan dividendlər tam məbləğdə mənfəət verisi bəyannaməsinin 211.1-ci sətrində əks olunmalıdır, yəni 100.000 manat bu sətirdə yazılacaqdır. Rezidentin əldə etdiyi dividendlərdən 10 faiz vergi tutulduğuna və bundan bir daha vergi tutulmayacağına baxmayaraq, 100.000 manat gəlir məlumat kimi tam olaraq bəyannamədə yazılmalı və eyni zamanda 219.1-ci sətrində də göstərilməlidir. Belə ki, 219.1-ci sətir ümumi gəlirdən çıxılmalardır. Yəni 100.000 manatdan bir daha vergi tutulmayacaqdır.

Xaricdən əldə olunan dividend isə 42.500 dollar (72.250 manat) bəyannamənin 211.2-ci sətrində yazılacaqdır və ümumi qaydalarla 20 faiz mənfəət vergisinə cəlb olunacaqdır. Bu zaman sual meydana çıxır ki, nəyə görə yerli dividendlərin tam 100.000 manatını, xaricdən gələn dividendlərin isə dividend vergisi tutulandan sonra 42.500 dolları bəyannamədə əks olunmalıdır? Bunun üçün Məcəllənin 104.1-ci maddəsində yazılan ".....Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti..." ifadəsinə nəzər yetirməliyik. İfadədən aydın olur ki, kənardakı dividend mənfəətə ancaq əldə olunan dividend daxil edilir (elan olunan dividendlər yox). Yəni 100.000 manat və 50.000 dollar elan olunmuş dividendlərdir. Əldə olunan dividendlər isə 90.000 manat və 42.500 dollardır.Odur ki, xaricdən gələn dividendlərdən elan edilmiş yox, əldə olunmuş dividendlər mənfəətə cəlb olunmalıdır.

Ona görə də vergi ödəyiciləri bu sadə görünən, amma mürəkkəb məsələlərdə diqqətli olmalıdırlar.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?