11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicilərinin uçotu

Uçot, digər vergi nəzarəti tədbirlərinin məntiqi başlanğıcı olmaqla onların daha səmərəli təşkil edilməsinin əsas şərtidir. Bu baxımdan, uçot prosesləri mükəmməl qurulduqda vergi riskinin olması ehtimalı da aşağı düşür. Mövzunu Vergilər Nazirliyinin Tədris Mərkəzinin baş müəllimi Fariz Yadigarov şərh edir.

Vergi ödəyicilərinin uçotu ilə bağlı normalar Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində əks olunmuşdur. Bu maddələrdə hüquqi statusundan, mükəlləfiyyətindən və digər meyarlardan asılı olaraq vergi ödəyicilərinin, onların təsərrüfat obyektləri və subyektlərinin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları təsbit edilmişdir.
Vergi orqanlarında aşağıdakı subyektlərin vergi uçotuna alınması həyata keçirilir:

  • hüququ şəxslər və onların təsərrüfat subyektləri (burada kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxsləri fərqləndirmək lazımdı)r;

  • fiziki şəxslər (burada sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər və qeyri-sahibkarlıq gəliri əldə edən fiziki şəxsləri – məsələn, xüsusi notariuslar, vəkillər və s. fərqləndirmək lazımdır);

  • Qeyri-rezidentin daimi nümayəndəliyi;

  • Vergi Məcəlləsinin 33.8-ci maddəsində göstərilən subyektlər (buraya xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən və daimi nümayəndəlik yaratmayan bölmələri və Vergi Məcəlləsinə müvafiq olaraq idarəetmə yerinə görə rezident sayılan hüquqi şəxslər aiddir).

Vergi ödəyicisi olan hüquqi şəxslər olduqları yer, vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınırlar.

Vergi ödəyicilərinin vergi orqanlarında uçotu onların təqdim etdikləri və ya təqdim etməli olduqları ərizə əsasında həyata keçirilir.

Ərizə kommersiya və publik hüquqi şəxslərinin dövlət qeydiyyatına alındığı zaman, qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən 30 gün müddətində, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək, qeyri-sahibkarlıq gəliri əldə edən - ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.

Qeyri-rezidentlərin Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələri Azərbaycan Respublikasında fəaliyyətə başladıqdan 30 gün müddətində, idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər isə müəyyən edilmiş meyarlara əsasən idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 30 gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər.

Ərizə təqdim edilərkən əlavə edilməli olan sənədlərin nomenklaturu Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun ilə müəyyən edilir.

Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması isə dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamənin kağız formada da verilməsi ərizədə qeyd olunduğu halda müvafiq şəhadətnamə kağız daşıyıcıda da verilir.

Uçot məlumatları əsasında vergi ödəyicilərinin vahid dövlət reyestri aparılır və bu zaman vergi ödəyicilərinin uçota alınma ilə bağlı vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan istifadə olunur. Vahid dövlət reyestri kağız və (və ya) elektron formasında aparılır.

Vergi Məcəlləsi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi haqqında məlumatlar onun uçota alınması anından vergi sirrini təşkil edir. Uçota alınmış hər bir vergi ödəyicisinə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir. Vergi ödəyiciləri mühasibat, statistika hesabatlarında, bəyannamələrdə və ümumiyyətlə təsərrüfat əməliyyatlarının rəsmiləşdirilməsi ilə bağlı bütün sənədlərində VÖEN-i mütləq göstərməlidirlər.

VÖEN 10 rəqəmdən ibarət olmaqla ilk 2 rəqəmi vergi ödəyicisinin uçota alındığı inzibati ərazi vahidinin kodu, növbəti 6 rəqəm həmin inzibati ərazi vahidi üzrə uçota alınmış ödəyicilərin sayı, 9-cu rəqəm proqram təminatı tərəfindən avtomatik olaraq xüsusi alqoritm vasitəsilə müəyyən edilir və nəhayət sonuncu 10-cu rəqəm ödəyicinin hüquqi və ya fiziki şəxs olduğunu müəyyən edir.

Vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti və (və ya) obyekti olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin və (və ya) obyektinin olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin və (və ya) obyektinin olduğu yer üzrə uçota alınması barədə vergi ödəyicisinə müvafiq arayış verilir.

Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin ayrıca hesablaşma hesabına və müstəqil balansa malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir.
Vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər onların müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında aparılır. Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir.

Vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu barədə vergi ödəyicisinə bildiriş göndərilir. Bildiriş göndərildikdən 5 iş günü müddətində vergi ödəyicisi dəyişikliklərə dair ərizə təqdim etməzsə, uçot məlumatlarında dəyişikliklər vergi orqanı tərəfindən aparılır və bu barədə 3 iş günü gün müddətində vergi ödəyicisinə məlumat verilir.

Vergi ödəyicisinin yenidən uçota alınması dedikdə onun uçotda olduğu vergi orqanının əhatə etdiyi ərazidən başqa vergi orqanının əhatə etdiyi əraziyə yerdəyişməsi ilə əlaqədar olaraq əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması başa düşülür. Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını həyata keçirməlidir.

Qeyri-kommersiya qurumunun və ya fiziki şəxsin ünvanının onun uçotda olduğu ərazi vergi orqanının xidmət göstərdiyi ərazi hüdudlarından kənara dəyişməsi halları istisna olmaqla, məlumat dəyişikliyi ilə əlaqədar qəbul edilmiş ərizələr vergi orqanına daxil olduqdan sonra 2 iş günü müddətində, kommersiya və publik hüquqi şəxslər üzrə isə 5 iş günü müddətində icra edilir.

Hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir.

Kommersiya hüquqi şəxslərinin vergi uçotundan çıxarılması onların dövlət qeydiyyatının ləğvi ilə paralel prosesdir ki, bu da aşağıdakı hallarda baş verə bilər:
-iştirakçılarının və hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə könüllü qaydada;

  • məhkəmənin qərarı ilə;
  • müflis olma nəticəsində.

Kommersiyya qurumlarının ləğvi qaydası ilə bağlı normalar Mülki Məcəllədə təsbit edilmişdir.

Qeyri-kommersiya hüquqi şəxsin, xarici qeyri-kommersiya hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisindəki filial və ya nümayəndəliyinin vergi uçotundan çıxarılması üçün vergi orqanına müraciət hüquqi şəxsin vergi uçotundan çıxarılması haqqında müvafiq Ərizə forması ilə edilir. Bu zaman təqdim edilən ərizəyə qurumun ləğvetmə mərhələsində olduğunu təsdiq edən müvafiq qeydiyyat orqanının verdiyi rəsmi məlumat (reyestrdən çıxarış), qurumun ləğvi edilməsi barədə təsisçilərin qərarı və vergi ödəyicisinin uçota alınması barədə şəhadətnaməsinin əsli əlavə edilir.

Rezident hüquqi şəxsin filialının, nümayəndəliyinin və ya digər bölməsinin vergi uçotundan çıxarılması aşağıdakı hallarda həyata keçirilir:

  • rezident hüquqi şəxsin filialının, nümayəndəliyin və digər bölməsinin fəaliyyətinə xitam verilməsi barədə rezident hüquqi şəxsin qanunvericiliyə uyğun olaraq qəbul edilmiş qərarı olduqda;

  • rezident hüquqi şəxs ləğv olunduqda;

  • qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Rezident hüquqi şəxslərin filialının, nümayəndəliyinin və ya digər bölməsinin vergi uçotundan çıxarılması üçün vergi orqanına müraciət “Hüquqi şəxsin dövlət reyestrindən (vergi uçotundan) çıxarılması haqqında” Ərizə forması ilə edilir. Bu zaman təqdim edilən ərizəyə filialın, nümayəndəliyin və ya digər bölmənin ləğv edilməsi barədə rezident hüquqi şəxsin qərarı və vergi ödəyicisinin uçota alınması barədə şəhadətnaməsinin əsli əlavə edilir.

Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:

  • həmin fiziki şəxsin fəaliyyətinə xitam verildikdə;

  • məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;

  • fiziki şəxs vəfat etdikdə.

Fiziki şəxsin uçotunun ləğvi ilə bağlı proseslərə vergi orqanına daxil olmuş aşağıdakı məlumatlar əsasında başlanılır:

  • fiziki şəxsin fəaliyyətinə xitam verildikdə;

  • onun "Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” formasında (ərizəyə vergi ödəyicisinin uçota alınması barədə şəhadətnaməsinin əsli əlavə edilir) müraciəti əsasında;

  • fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda ;

  • məhkəmənin müvafiq qərarı əsasında;

  • fiziki şəxs vəfat etdikdə;

  • ölüm haqqında şəhadətnamə əsasında.

Vergi ödəyicisi uçotdan çıxarıldıqda onun uçota alınmasını təsdiq edən şəhadətnamə vergi orqanına təhvil verilir. Vergi orqanı şəhadətnamə-dublikatın etibarsız hesab olunması barədə bank idarələrinə məlumat verməlidir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?