5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gəlirdən çıxılan və çıxılmayan xərclər

Vergi Məcəlləsinin 10-cu fəslinə uyğun olaraq, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər gəlirdən çıxılır. "BSC konsalting" şirkətinin maliyyə direktoru Arzu Xəlilova gəlirdən çıxılmasına məhdudiyyət qoyulmuş xərclər haqqında şərh verib.

Qanunda qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. Əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərcləri gəlirdən çıxılan xərclərə aid edilə bilməz.

Yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, zərərli işdə işləyən işcilərə verilən süd və ona bərabər tutulan digər məhsullara sərf olunan xərclərin və dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gəlirdən cıxılmasına yol verilir.

Bundan əlavə, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakterli olduqda, müvafiq olaraq bu fəaliyyət çərçivəsində çəkilən əyləncə və sosial xərclər gəlirdən çıxılır.

Əməkhaqqı kartlarının alınmasına çəkilən xərcdən başqa, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır.

Ezamiyyə xərclərinə gəldikdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi norma daxilində olan ezamiyyə xərci gəlirdən çıxılır, normadan artıq olan hisssəsi isə müvafiq sənədlərlə təsdiq olunmaqla müəssisənin sərəncamında qalan mənfəət hesabına silinir.

Diqqətinizə bir daha çatdırmaq istərdim ki, nəzarət-kassa aparatının çeki və ya qəbzlər malların, xidmətlərin alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.
Yalnız banklar və xüsusi notariuslar tərəfindən verilən qəbzlər xərclərə aid edilə bilər.

Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin xərcə aid edilən məbləği Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizindən artıq olmamalıdır.

Ümüdsiz borcların gəlirdən çıxılan xərcə aid edilməsi ancaq iki şərtlə mümkündür:

1) Əgər bu məbləğ əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilibsə;
2) Bu ümidsiz borc məbləği artq dəyəri olmayan borc kimi təsdiq olunubsa.

Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Həmçinin də hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə müvafiq olaraq faiz dərəcələri ilə məhdudlaşdırılır.

Məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin qalıq dəyərini artırır.

Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisinin və ya gəlirdən hesablanan hər hansı digər verginin və Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələrin gəlirdən çıxılmasına yol verilmir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması