Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə görüş keçirilib
Vergilər Nazirliyi vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində ekspert cəmiyyəti ilə əməkdaşlığı davam etdirir. Noyabrın 15-də nazirlikdə növbəti belə görüş keçirilib. Vergi Məcəlləsinə nəzərdə tutulan yeni dəyişikliklərə həsr olunmuş görüş iqtisadçı ekspertlərin məlumatlandırılması, habelə onların dəyişikliklər barədə təkliflərinin dinlənilməsi məqsədi daşıyıb.
Görüşün əvvəlində Vergi Məcəlləsində 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklər barədə məlumat verən Vergilər nazirinin müavini İlkin Vəliyev həmin dəyişikliklərin vergi ödəyicilərinin stimullaşdırılması, vergitutma bazasının genişləndirilməsi və "kölgə iqtisadiyyatı"nın azaldılması kimi mühüm istiqamətləri əhatə etdiyini xatırladıb. Ümumilikdə vergi inzibatçılığının gücləndirilməsi ilə bağlı tədbirlərə toxunan nazir müavini bildirib ki, Vergi Məcəlləsinə yeni təklif olunan dəyişikliklər mahiyyət etibarilə vergi sistemində aparılan islahatların davamıdır.
Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov isə "2019-cu ilin yanvar-oktyabr ayları üzrə vergi sisteminin göstəriciləri" mövzusunda təqdimatla çıxış edib. İnteraktiv formada keçirilən təqdimat sektorlar üzrə vergi daxilolmalarının icra vəziyyəti və strukturu (əvvəlki il ilə müqayisədə), məcburi sosial sığorta haqları üzrə daxilolmaların icra vəziyyəti, əməkhaqqı fondunun dinamikası və s. istiqamətləri əhatə edib. Vergi sistemində aparılan islahatları xarakterizə edən əsas göstəricilər diqqətə çatdırılaraq, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində vergi ödəyicilərinin və aktiv obyektlərin sayının artdığı bildirilib.
Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergi Məcəlləsinə təklif edilən yeni dəyişikliklər və onların mahiyyəti, məqsəd və hədəfləri barədə məlumat verib.
Mövzu ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspertlər islahatların istiqamətləri, Vergi Məcəlləsinə dəyişikliklərin uçotun stimullaşdırılmasına təsiri, "kölgə iqtisadiyyatı"nın azaldılması istiqamətində görülməsi vacib olan digər tədbirlər, əmək münasibətlərinin leqallaşdırılmasının əhəmiyyəti və s. məsələlərə toxunublar.
Görüşdə ekspertlərin yeni dəyişikliklərlə bağlı qaldırdıqları məsələlər dinlənilib, onların sualları cavablandırılıb, irəli sürdükləri təkliflər qeydə alınıb.