Vergilər Nazirliyinin yenilənmiş internet səhifəsindəki yeniliklər...
Bu günün başlıca təmayüllərindən biri də ənənəvi media vasitələrinin elektron-internet resursları və sosial şəbəkələrdən ibarət sosial mediaya keçməsidir. Qəzet, jurnal, radio və televiziya kimi ənənəvi informasiya vasitələri internet saytları, "Twitter", "Facebook", "YouTube", "Instagram" və s. sosial media ünsiyyət vasitələri kimi yeni kommunikasiya üsullarına çevrilib. Artıq bir çox dövlət qurumları genişlənən sosial medianın və internet resurslarının imkanlarından fəal şəkildə istifadə etməkdədirlər və Vergilər Nazirliyi bu sahədə ön sırada gələn qurumlardandır.
Fəaliyyətində açıq informasiya siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyən edən və bu baxımdan vergi ödəyicilərinin məlumatlandırılması və ictimaiyyətlə əlaqələr sahəsində əsas kommunikasiya vasitələrinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayan Vergilər Nazirliyinin rəsmi internet səhifəsi yenilənərək vergi ödəyicilərinin istifadəsinə verilib.
Sentyabrın 25-də vergi sahəsində dəyişikliklər, habelə mövcud qanunvericilik, vergi inzibatçılığı və xidmətlər barədə əsas məlumat və kommunikasiya alətlərindən biri olan rəsmi internet saytının yenilənmiş versiyası istifadəyə verilib. Saytın yenilənməsində məqsəd, ilk öncə, istifadəçilərin rahatlığını təmin etmək və müasir tələblərə uyğunlaşdırmaqdır.
Əhalinin və sahibkarların maraqlarının daha asan və çevik təmin
olunması məqsədilə interfeysdə fiziki və hüquqi şəxslər üçün
lazımlı məlumatlar toplanmış iki əsas yeni bölmə yaradılıb
Yenilənmiş sayt (http://www.taxes.gov.az) həm dizayn, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatlarından istifadə olunub.
Saytda vergi orqanları ilə vergi ödəyiciləri və biznes strukturları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, əhalinin və sahibkarların maraqlarının daha asan və çevik təmin olunması məqsədilə interfeysdə fiziki və hüquqi şəxslər üçün lazımlı məlumatlar toplanmış iki əsas yeni bölmə yaradılıb. İstifadəçilərin daha çox müraciət etdikləri "Axtarış bazası", "Vergi təqvimi" və "Elektron xidmətlər" yeni tərtibatda daha əlçatan şəkildə təqdim olunub.
Naviqasiya rahatlığı təmin edilərək ən çox istifadə olunan bölmələr ümumi paneldə cəmləşdirilib. Vergi ödəyiciləri üçün bütün zəruri məlumatları bir araya gətirən yeni "Vergi ödəyicilərinə" bölməsi yaradılıb. Bu bölmədə vergi ödəyicilərini maraqlandıran "Vergi bələdçisi", "Vergiləri necə ödəyək", "Biznesə necə başlamalı", "Mühasibat uçotu", "ASAN imza", "Əmək müqaviləsi", "Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" kimi altbölmələr yer alıb. Vergi Məcəlləsini əhatə edən testlər toplusu isə təkmilləşdirilərək "Vergi testi" bölməsinə əlavə edilib.
Naviqasiya rahatlığı təmin edilərək ən çox istifadə
olunan bölmələr ümumi paneldə cəmləşdirilib
Qeyd edək ki, Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet səhifəsi 2001-ci ildən fəaliyyət göstərir. İndiyədək sayt bir neçə dəfə təkmilləşdirilib. Vergilər Nazirliyinin rəsmi internet səhifəsi "Humay" ("İlin ən uğurlu internet layihəsi" nominasiyası), iki dəfə "Netty" ("İlin ən yaxşı dövlət saytı" nominasiyası), "Milli NET" ("Ən yaxşı dövlət və bələdiyyə saytları" nominasiyası), "İntellekt" ilin layihəsi Mükafatına ("Maliyyə" nominasiyası üzrə), Media İnstitutunun Mükafatına (Mərkəzi dövlət qurumlarının Onlayn Şəffaflığı monitorinqinin nəticələrinə görə), Avrasiya Hüquqşünaslar Assosiasiyasının Fəxri Diplomuna (Hüquqi maarifləndirmə sahəsindəki fəaliyyətinə görə) və Beynəlxalq "World Summit Award" ("E-Hökumət" nominasiyası) mükafatlarına layiq görülüb.
Bununla yanaşı, Vergilər Nazirliyinin rəsmi internet səhifəsi "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən keçirilən dövlət qurumlarının informasiya açıqlığı üzrə monitorinqinin nəticələrinə görə 8 dəfə 1-ci yerə çıxıb.
2018-ci il ərzində səhifəyə daxilolmaların sayı 4.389.867 olub.
Nəzərinizə çatdıraq ki, hazırda saytın rus və ingilis dilləridə versiyalarının yenilənməsi üzərində iş aparılır. İstifadəçilər üçün saytın əvvəlki versiyasına giriş məhdudlaşdırılmayıb və bunun üçün saytın aşağı sol hissəsində keçid yerləşdirilib.